Məhkəmə qərarları › İş №3(062)-898/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-898/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-898/2024 04.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24090387 saylı qərardan barəsində tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24090387 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, guya o, 10 oktyabr 2024-cü il tarixdə saat 14:18-də idarə etdiyi “Opel Astra” minik markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax avtomobil yolunun 379-cu kilometrliyində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Əslində isə o, qərarda qeyd olunan əməli törətməmişdir. Belə ki, qərara əlavə olunmuş fotoşəkillərdə “Opel Astra” minik markalı nəqliyyat vasitəsi əks olunsa da həmin nəqliyyat vasitəsi onun idarə etdiyi “Opel Astra” minik markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi deyildir. Həmin fotoşəkillərdə görünən **-RM-*** dövlət qeydiyyat nişanı onun idarə etdiyi nəqliyyat vasitəsinə məxsus olsa da həmin fotoşəkil yol polisi postunda polislər tərəfindən əl ilə çəkilmiş fotoşəkildir. Göründüyü kimi həmin qərar formal, saxta, həqiqətə uyğun olmayan qərardır. Hesab edir ki, qərar qanunsuz və əsassız tərtib edilmişdir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Qərarından şikayət verilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24090387 saylı qərardan görünür ki, X2 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, X2 “Opel Astra” minik markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Hansı ki, bu hal qanunla sürücü üçün qadağan edilmişdir. İşin qeyd olunan halı inzibati qərarı qəbul etmiş orqan tərəfindən təqdim olunan fotoşəkillər ilə təsdiqini tapır. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərə sübut kimi qiymət verilərək müəyyən edilmişdir ki, şikayətçi barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən qanun pozuntusuna yol verməmiş, bütün prosedurlar qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Məhkəmə iclasında tam aydın oldu ki, şikayətçi X2 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24090387 saylı qərarının ləğv edilməsi üçün mötəbər və kifayət qədər əsaslar təqdim edə bilmədiyinə görə həmin qərar qanuni hesab edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunmuşdur ki, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X1 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24090387 saylı qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24090387 saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar