Məhkəmə qərarları › İş №3(062)-912/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-912/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-912/2024 25.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınma ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, Cəmiyyət tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditi 2023-cü ildə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən Cəmiyyətdə 2022-ci il tarixə maliyyə vəziyyəti haqqında hesabat auditi xx.xx.2023-cü ildə həyata keçirilmişdir və müvafiq rəy verilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib edilən zaman onlara lazımi qaydada məlumat verilməmişdir ki, sənədləri protokol tərtib edən orqana təqdim etsinlər. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə müəyyən olunmur və belə olan halda hazırkı iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Həmin Qanunun 8-ci maddəsinə görə auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 107.6-cı maddəsinə görə bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin Qanunun 10.1-ci maddəsinə görə iri və X4: 10.1.1. maliyyə hesabatlarını Kiçik və X4 üçün X1 Standartlarına uyğun tərtib etməlidirlər. Bu halda iri və X4 mühasibat uçotunu Kiçik və X4 üçün X1 Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar, və ya; 10.1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını X1 Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Bu halda mühasibat uçotunu bu Qanunun 8.1-1ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparırlar. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin normada təsbit edilmişdir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. Hazırki iş üzrə də "xxxx" MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditi 2023-cü ildə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən Cəmiyyətdə 2022-ci il tarixə maliyyə vəziyyəti haqqında hesabat auditi ilə bağlı xx.xx.2023-cü ildə rəy verilmişdir. İşin bu halı auditi aparılmış təsərrüfat subyektlərini əks etdirən Azərbaycan Respublikasının Auditorlar Palatasının məlumatı ilə təsdiqin tapır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta tərkibi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar