Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-917/2023 27.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM- nin 510 və 535-ci maddələrinə əsasən, inzibati protokol tərtib edilmiş və məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixində ictimai qaydanı pozaraq yaşadığı evin qarşısında xirda xuliqanlıq edib ünvansız şöyüşlər söymüş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, xx.xx.2023-cü ildə Tovuz rayonu Aşağı Quşçu kəndində yaşadığı evdə olarkən şəxsi problemləri ilə əlaqədar əsəbləşib evinin həyətində özü-özünə danışırdı. Polis əməkdaşları ona yaxİnlaşaraq onun polis şöbəsinə getməli olduğunu bildirmişlər, o da etiraz etməyərək onlarla polis şöbəsinə getmişdir. Ona görə də nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və Şəxs dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuiyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 mart 2015-ci il tarixli qərarında sərgilənmiş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-in 2-ci maddəsi). İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv və preventiv xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşı iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Məhkəmə hazırki işə də məhz bu konteksdən yanaşaraq onu qeyd edir ki, İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında həbs nəzərdə tutulduğundan həmin xəta ilə cinayətin oxşarlığı məsələsi hazırki işə də şamil olunmalıdır. Konstitusiya məhkəməsinin həmin qərarında göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsas şərti səlahiyyətli orqan tərəfindən protokolun tərtib edilməsidir. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. İXM-nin 90.1.4-ci maddəsinə əsasən tutmanın vaxtı və səbəbləri protokolda göstərilməlidir. Bu səbəbdən də məhkəmə ilk öncə iş materiallarındakı protokolu nəzərdən keçirərək, onu deməyi vacib hesab edir ki, göründüyü kimi protokolda tutmanın səbəbi kimi Şəxs İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Həmin maddə isə polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati hüquq münasibətlərini tənzimləyir. Şəxsin həmin inzibati xətanı törətməsi üçün mühüm olan əsas şərt polisin tələbinin qanuni olmasının vacibliyidir. Polis əməkdaşlarının hadisə ilə bağlı həmin ünvana getməsi qanuni əsaslara söykənsə də, şəxsin sadəcə sözləri ilə polis əməkdaşları ilə şöbəyə getməməsi kimi etirazları polisin qanuni tələblərinə riayət etməmə kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilən Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);. inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmaqıda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,114, 115 və 128-131 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-917/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-917/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver