Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-917/2025 25.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan barəsində qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək DƏMX Qazax-Tovuz regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət olunan qərarla İXM-nin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törədildiyinə görə, mənim barədəm 500 (beş yüz) manat inzibati cərimə növü tətbiq edilmişdir. İXM-nin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməmidir. Onun tərəfindən "xxxx" MMC-nin tabeliyində olan işçilərinin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsili, təlimatlandırılması, bilikiərinin yoxlanılmasının təşkili və əməyin mühafizəsinin təbliği təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(104)-616/2025 saylı Qərarı ilə onun İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 3(042)-279/2025 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata mənim tərəfimdən inzibati xətanın törədilməsi sübuta yetmədiyindən İXM-in 53.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında o cümlədən aşağıdakıları qeyd etmişdir: X4 xəsarəti istehsalat zamanı, yəni işlədiyi müəssisədə əmək fəaliyyəti ilə bağlı əmək funksiyalarını yerinə yetirdiyi zaman alması öz təsdiqini tapmır. Belə ki, R. Məmmədovda müəyyən edilən xəsarətin xarakteri və dərəcəsi, 24 fevral 2025-ci il tarixdən sonrakı tarixlərdə (üç gün) iş yerində olmaqla əmək funksiyalarını yerinə yetirməsi, 24 fevral 2025ci il tarixdə 6 nömrəli PİT-də deyil, 10 nömrəli PİT-də işləməsi, xəsarət alması ilə bağlı müəssisənin tibb məntəqəsinə və işlərin görülməsinə nəzarəti həyata keçirən vəzifəli şəxsə məlumat verməməsi, eləcə də S. Ömərovun, R. Məmmədovun və şahidlərin məhkəmə iclasında izahatları X4 əmək funlsiyalarını yerinə yetirən zaman xəsarət almasını şübhə altına almağa və bu sübutlarla həmin faktın təkzib olunması qənaətinə gəlməyə əsas verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi X4 əmək funksiyalarını yerinə yetirən zaman xəsarət alıb-almasını kifayət qədər araşdırmamış, həmin halın mövcudluğu işdə olan konkret sübutlarla müəyyən edilmədiyi halda işin faktiki hallarına düzgün qiymət verməmiş yə əsassız olaraq X3 İXMnin 198.3-cü maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə iclasında X5 şikayətdə göstərilənlərə uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli MN 180368 nömrəli qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixli 25-1-2-2-416-0003-2 saylı protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Müəyyən edilmişdir, inzibati tənbeh vermə haqqında iş üzrə qərarda X7 tərəfindən işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi göstərilsə də bu halları təsdiq edən dəlillər ifadə edilməmişdir. X1 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə işçilərin mütəmadi olaraq qeyd edilən mövzularda təlimatlandırılması müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında iş üzrə qərar qəbul oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-917/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-917/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver