Məhkəmə qərarları › İş №3(062)-918/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-918/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-918/2025 03.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz rayon icra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 03 dekabr 2025-ci il tarixli, MN №2325439 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs notariusun icra qeydinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Tovuz regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli icra qeydi əsasında tərəfindən xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs xəbərdarlıq göndərilmişdir. Lakin borclu Şəxs icra sənədini 10 gün müddətində könüllü icra etməmiş və barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, işləmir və borcu tam ödəməyə maddi imkanı yoxdur. Onun borcun tam ödənilməsini təmin etmək üçün hər hansı əmlakı da yoxdur. Buna baxmayaraq o, tələbin könüllü icrası barədə bildirişi aldıqdan sonra 1 ay ərzində tələbkara borcunun bir hissəsini ödəmək istəsə də qarşı tərəf bundan imtina etmiş və borcun tam ödənilməsini tələb etmişdir. Pensiya alır, tutmanın pensiyasına yönəldilməsinə razıdır. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. İş üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Şəxs icra sənədi üzrə ona ödəməli olduğu 29025 (iyirmi doqquz min iyirmi beş) manat məbləğ puldan bu günədək heç bir ödəniş etməmişdir. Bununla bağlı icra məmurunun qanuni tələblərinə əməl etməyərək onun çağırışlarına məhəl qoymamışdır. Şəxs könüllü olaraq borcunu ödəməsini dəfələrlə yalvarıb xahiş etsə də o, ən ağır və qəbul edilməz söyüş və təhqirlərlə cavab vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tovuz regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli icra qeydində göstərilmişdir ki, TOVUZ RAYONU, AZAFLİ ƏRAZİ DAİRƏSİ, AZAFLİ KƏNDİ ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs (AA*******, xx.xx.2020 00:00 - Asan-Tovuz; FİN: xxxxxxx; d/t: xx.xx.1982) xeyrinə TOVUZ, SABİR KÜÇ., EV 95 ünvanında qeydiyyatda olan Şəxs (AZE0*******, xx.xx.2011 - Tovuz RPŞ; FİN: xxxxxxx; d/t: xx.xx.1957) 08 iyun 2022-ci il tarixli 3M-338 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 29000 manat 00 qəpik (iyirmi doqquz min manat sıfır qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 29025 manat 00 qəpik (iyirmi doqquz min iyirmi beş manat sıfır qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2025 tarixdə aparılmışdır. “İcraata başlama haqqında” xx.xx.2025-ci il tarixli surətindən görünür ki, Tovuz regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli icra qeydi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. İş materiallarından görünür ki, icra qeydinin icraya yönəlməsindən 01 aydan artıq müddət keçməsinə baxmayaraq icra məmuru icra qeydinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materialına əlavə edilmiş Ədliyyə Nazirliyinin elektron sistemindən çıxarışa əsasən borclu Şəxs yaşa görə 336.58 manat məbləğdə pensiya alır. “İcra haqqında” Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1.2ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar