Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-938/2024 15.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan barəsində qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli inzibati xəta barədə elektron qərarın ləğv edilməsi, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, 27 mart 2024-cü ildə Tovuz Rayon Məhkəməsinin 3(062)207/2024 saylı qərarı ilə iş üzrə inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmənin həmin tarixli qərarı ilə sürücülük hüququ 06 ay müddətinə məhdudlaşmışdır. Bu barədə xəbərdar olunmamış, 13 avqust 2024-cü il tarixdə yol polisi tərəfindən saxlanılarkən ona məlum olmuşdur ki, 20 iyun 2024-cü il tarixdə avtomobillə hərəkətdə olarkən radara düşmüş və buna görə də barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokol tərtib olunduğu zaman sürücülük hüququ olmuş və məhkəmənin qeyd olunan qərarı icra edilməmişdir. Lakin barəsində tərtib edilmiş 15 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə müəyyən olunaraq 300 manat cərimə tətbiq olunmuşdur. Hesab edir ki, barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Barəsində qərar qəbul edilmiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-207/2024 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, onun nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətə məhdudlaşdırılması qərara alınmışdır. İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-207/2024 saylı qərardadından görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)- 207/2024 saylı qərarının icrasına xitam verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-207/2024 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərar icra olunması üçün aidiyyəti üzrə göndərilmiş, lakin sürücülük vəsiqəsinin alınması yolu ilə qərar icra edilməmişdir. Bundan sonra şəxsin müraciəti əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərarının icrasına xitam verilməsi qərara alınmışdır. Bu halda şəxsin sürücülük hüququ məhdudlaşdırılmış şəxslər sırasına aid edilməsi məqsədəmüvafiq olmaz. Odur ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmır. İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat (əvvəlki redaksiyada 300 manat) məbləğində cərimə edilir. Bununla belə şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tərkibi vardır. Çünki onun tərəfindən yolda sürət həddi aşılmışdır. İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə görə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul oluna bilər. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün həmin maddə üzrə icraata xitam verilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-938/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-938/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver