Məhkəmə qərarları › İş №3(062)-938/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-938/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-938/2025 10.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1999-cu il tarixdə Yevlax rayonu Aran qəsəbəsində doğulmuş, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" MMC –də operator vəzifəsində işləyən Şəxs (FİNxxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-nin 189-1-ci maddəsi ilə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon Polis X1 Bölməsinin YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə Tovuz rayonu Cəlilli kəndində yerləşən yaşayış evində xx.xx.2009-cu il təvəllüdlü X3 ilə nişan mərasimi keçirməklə inzibati xəta törətmişdir. Tovuz Rayon Polis X1 Bölməsinin YYÇPİTQ-nun inspektoru , polis baş leytenantı X4 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 189-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, iş materialları və şahidlərin ifadəsi ilə də sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Şəxs məhkəmə iclasında yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X2 tanıyır və onu sevir. Özünün təkidi ilə on nəfər şəxsin iştirakı ilə məsuliyyəti üzərinə alaraq üzük taxma mərasimi keçirib. Barəsində ən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə qeyd edilən xüsusatlar öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxsnın İXM-in 189-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 189-1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 1-2-ci hissələrinə əsasən, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Evliliyə dair “sövdələşmə” dedikdə nikah niyyəti ilə ailələrin, valideyinlərin və ya tərəflərin özlərinin razılığa gəlməsi, nişanlanma və ya gələcəkdə evlənmə öhdəliyin götürülməsi nəzərdə tutulur. Bu cür sövdələşmələr faktiki ailənin qurulması halı olmasa da, hər bir halda uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Göründüyü kimi törədilən əməl Konstitusiya ilə mühafizə olunan ailə və nikah münasibətlərinə mühüm ziyan vurmaqla, həmin münasibətlərin cəmiyyətdə sarsılmasına, eləcə də uşaqların erkən nikaha cəlb olunması təhlükəsinin yaranmasına səbəb olur. Bu isə həm Azərbaycan Respublikasının Ailə Məcəlləsində təsbit olunmuş nikahın könüllülük, bərabərlik və tərəflərin tam şüurlu razılığı prinsiplərinin, həm də uşaqların hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiya öhdəliklərinin pozulması ilə nəticələnir. Beləliklə, nəzərdə tutulan əməl eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə və hüquqi sabitliyinə zərər vurur. “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2020-ci il tarixli 213 nömrəli qərarın 2.1.1-ci bəndində göstərilmişdir ki, erkən nikah – 18 yaşadək şəxslə bağlanmış nikahdır. İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 189-1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə – min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, İXM-in 189-1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün on altı yaşına çatmayan şəxs barəsində nişanlanmaya və ya evliliyə dair sövdələşməyə daxil olmalıdır. Məhkəmə iclası zamanı müəyyən edilir ki, Şəxs 08 oktyabr 2009-cu il təvəllüdlü X3 ilə evliliyə dair sövdələşməyə daxil olmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində məsuliyyətini ağırlaşdıran halı müəyyən edilməmişdir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 189-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən İXM-in 40.0.1, 43, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1000 (min) manat məbləğdə cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar