Məhkəmə qərarları › İş №3(062)-941/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-941/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-941/2024 15.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Şəxs Mehmet oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X5 tərəfindən Şəxs Mehmet oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində “MERSEDES BENZ VİTO CDİ” minik markalı, ** KP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, protokol məhkəməyə göndərilsə də, həmin protokolda törədilmiş İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi məhkəmənin səlahiyyətinə aiddir. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cümaddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsivə eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxsin törətdiyi İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində olan inzibati xəta həmin Məcəlləyə müvafiq olaraq məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də həmin maddədə qeyd olunan inzibati xəta üzrə məhkəmə tərəfindən hüquqi dəyərləndirmə aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin Tovuz RPŞ-nin X9 bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X1 bədən səthində aşağıdakı xəsarətlər vardır. Burun qanaxması ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, üst dodaq nahiyəsinin qançır-şişkinliyi və həmin nahiyənin selikli qişasının əzilmiş yarası, sağ yanaq, sağ almacıq nahiyələrinin qançır-şişkinliyi küt hissələrinin təsirindən əmələ gəlməsi mümkündür. Törənmə müddəti qərarda göstərilən vaxta – yəni xx.xx.2024-cü il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X2 bədən səthində aşağıdakı xəsarətlər vardır. Sağ əng nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ hər iki göz qapaqlarının və sağ gözaltı nahiyənin həmin gözün konyuktiva qişasına qansızma ilə müşayiət edilən qançır-şişkinliyi, sağ bazu oynağının həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət edilən sıyrığı, alın və sağ almacıq nahiyələrinin qançır-şişkinliyi, sağ baldır nahiyəsinin qançırı küt hissələrinin təsirindən əmələ gəlməsi mümkündür. Törənmə müddəti qərarda göstərilən vaxta – yəni xx.xx.2024-cü il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materialları ilə müəyyən edilir ki, Şəxs Mehmet oğlu etibarnamə əsasında idarə etdiyi “MERSEDES BENZ VİTO CDİ” minik markalı, ** KP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz rayonu Alakol kəndi ərazisində hərəkətdə olarkən manevr etmə qaydasını pozmuş və “VAZ 2106” markalı ** CC *** dövlət qeydiyyatlı avtomaşınla toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “VAZ 2106” markalı ** CC *** dövlət qeydiyyatlı avtomaşında sərnişin qismində olan X3 və X4 yüngül bədən xəsarəti almışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs Mehmet oğlunun əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Mehmet oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar