Məhkəmə qərarları › İş №3(062)-942/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-942/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-942/2023 13.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Belə ki, məcburi auditdən yayınmadan bəhs edən İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsində qeyd olunmuşdur ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir “Audit xidməti haqqında” Azərbaycan Respublikası Qanununun audit anlayışından bəhs edən 2-ci maddəsində qeyd olunmuşdur ki, audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür Göründüyü kimi öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir və məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki material üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs təşkilati-hüquqi forma baxımından Məhdud Məsuliyyətli Cəmiyyətdir. Bu cür hüquqi şəxslər üçün auditin məcburi keçirilməsini nəzərdə tutan norma isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsidir. Mülki Məcəllənin həmin normasında göstərilmişdir ki, Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarı ilə müəyyənləşdirilmişdir. Qeyd olunan Qərara əsasən işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri isə 200.000 manatdan az olan sahibkarlıq subyekti “mikro sahibkar”, işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri isə 200.000 manatdan 3.000.000 manatadək olan sahibkarlıq subyekti “kiçik sahibkar”, işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3.000.000 manatdan 30.000.000 manatadək olan sahibkarlıq subyekti “orta sahibkar” və işçilərinin orta siyahı sayı 251 nəfər və ondan artıq olan, illik gəliri isə 30.000.000 manatdan artıq olan sahibkarlıq subyekti "xxxx" hesab olunur. Məhkəmə diqqətə çatdırır ki, Məhdud Məsuliyyətli Cəmiyyətlərə münasibətdə yalnız orta və iri sahibkarlıq subyekti hesab olunan hüquqi şəxslərin məcburi auditdən yayınması İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Mikro və kiçik sahibkarlıq subyekti hesab olunan MMC-lər isə qeyd olunan maddədə nəzərdə tutulan inzibati xətanın subyekti hesab olunmur. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materialdan görünür ki, səlahiyyətli orqan, Şəxs MMC barəsində inzibati xəta haqqında icraat başlayarkən onun sahibkarlıq subyektlərinin bölgüsü meyarları baxımından mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekti hesab olunmasını müəyyən etməmiş, bunu təsdiq edən hər hansı sənədi materiala əlavə etməmişdir. Belə bir halda barəsində icraat aparılan hüquqi şəxsin İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti olub-olmamasını müəyyən etmək mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında material natamamdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, protokol tərtib olunan zaman İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları diqqətə çatdırmağı zəruri hesab edir. Qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli bildirişdə hüquqi şəxsə inzibati xəta haqqında işə baxılması ilə bağlı məlumat verilməsi qeyd olunsa da, həmin bildirişin həqiqətən hüquqi şəxsin ünvanına göndərilməsini və ona çatdırılmasını təsdiq edən hər hansı mötəbər sənəd (məktubların reyestri, xəbərnamə və s.) iş materiallarında mövcud deyildir. İşin bu halı isə hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək, işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır. Lakin protokol tərtib etmiş orqan tərəfindən bu kimi tələblər gözlənilməmiş, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş və nəticədə inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokol geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 106 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar