Məhkəmə qərarları › İş №3(062)-945/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-945/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-945/2024 15.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Tovuz şəhəri Nizami küçəsi ev 6 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz Rayon Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Tovuz Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə Tovuz RPŞ-dən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Protokolda qeyd olunmuşdur ki, Şəxs sərxoş vəziyyətdə mülkiyyət hüququ X1 məxsus olmaqla sonuncunun oğlu X2 tərəfindən istifadə olunaraq Tovuz şəhəri H.Əliyev prospektində yerləşən “Target” marketin qarşısında qısa müddətə dayandırılmış “VAZ-2108” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırıb Tovuz rayonunun müxtəlif ərazilərində idarə etmiş və avtomobili həmin gün saat 21 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində saxlayaraq tərk etmişdir. Tovuz Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək, izahatında protokolda qeyd edilən əməlləri törətdiyini və hazırda əməlindən peşman olduğunu və bir daha eyni hərəkətlərə yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və habelə inzibati materialda olan digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Tovuz RPŞ-nin İTB-yə göndərilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli 482 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, qeyd olunan tarixdə Şəxs avtomobili idarə edərkən yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar