Məhkəmə qərarları › İş №3(062)-95/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-95/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-95/2024 05.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada toplanmış inzibati iş üzrə materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı Mahmud Allahverdiyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı inzibati materialın aidiyyəti üzrə düzgün göndərilmədiyi müəyyən edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 110-cu maddələrində inzibati xətalar haqqında işlərin aidiyyət məsələləri müəyyən edilmiş, Məcəllənin 106.0.1, 109.1.7, 112.4, 114.3 və 134.1.5-ci maddələri isə işə aidiyyəti üzrə baxılmasını təmin etmək üçün hüquqi vasitələr nəzərdə tutmuşdur. İnzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyəti pozulduqda isə Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Fərmanına əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İş materiallarından göründüyü kimi hüquqi ünvanı Qazax rayonu Daş Salahlı kəndi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin bəyannamə üzrə göstərilən hüquqi ünvanına xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin həmin günə qədər ixrac edilmiş yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb-köçürülməməsi barədə Tovuz Gömrük İdarəsinə heç bir sənəd əlavə etməmişdir. Göründüyü kimi hüquqi şəxs 180 gün ərzində yuxarıda göstərilən kimi götürdüyü öhdəliyi icra etməmişdir. Malların idxalı zamanı gömrük orqanlarında malların bəyan olunması üçün tələb olunan məlumatlardan biri idxal olunan malların məbləğinin hansı üsullarla və necə ödənilməsidir. Ödənişlər əsasən nağdsız olaraq banklar vasitəsi ilə və xüsusi hallarda nağd formada həyata keçirilir. Qaydaların 12.1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Bu qayda bazar iqtisadiyyatının tələbləri baxımından müəyyən edilmişdir. Əks yanaşma, yəni xarici iqtisadi fəaliyyətin həyata keçirilməsindən əldə edilmiş valyuta vəsaitlərinin qaytarılmaması ölkənin maddi sərvətlərinin qanunsuz olaraq xaricə axmasına və valyuta sisteminin fəaliyyətinə mənfi təsir göstərilməsinə səbəb ola bilərdi. Qeyd edildiyi kimi, hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. Göründüyü kimi qeyd edilən inzibati xəta uzanan xəta olduğundan və 180 günlük müəyyən edilmiş müddət bitdiyindən inzibati xəta da həmin müddət bitmiş hesab edilir. Yəni, hüquqi şəxs həmin müddət ərzində öz öhdəliklərini yerinə yetirməyərək hərəkətsizlik nümayiş etdirmişdir. Beləliklə hüquqi şəxs 180 (yüz səksən) gün ərzində valyutanı Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi ilə inzibati xəta həmin gündən sonrakı gün başa çatmış hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2021-ci il tarixli Qərarı). İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İXM-nin 483-cü maddəsinin dispoziyası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin vəsaitin isə məhz gömrük bəyannaməsinin bəyan edildiyi yerdə və yaxud gömrük postunda ödənilməli olduğu müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, bu növ inzibati xətalara hüquqi şəxsin olduğu yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında inzibati xəta haqqında protokol aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada toplanmış inzibati iş üzrə material aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar