Məhkəmə qərarları › İş №3(062)-950/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-950/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-950/2024 15.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1974-cü il tarixdə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi işləyən, əlilliyi olmayan, Tovuz rayonu Düz Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında sürücülük hüququ əsasında “VAZ-21099” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz şəhəri F.Ələkbərov küçəsində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında sürücülük hüququ əsasında idarə etdiyi “VAZ-21099” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhəri F.Ələkbərov küçəsi ilə E.Nəsibov küçəsinin kəsişməsində hərəkətdə olarkən sürücü X6 idarə etdiyi “Mercedes Benz E240” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “VAZ-21099” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X5 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid və “Mercedes Benz E240” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X13 və X4 qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra o, xəsarət alan şəxslərə vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Hazırda əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan: Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 668 nömrəli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X3 yüngül zərər dəymişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 669 nömrəli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 yüngül zərər dəymişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 713 nömrəli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 az ağır zərər dəymişdir. Azərbaycan Respunlikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/2560 nömrəli ekspert rəyindən görünür ki, “VAZ-21099” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materialları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında sürücülük hüququ əsasında idarə etdiyi “VAZ-21099” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhəri F.Ələkbərov küçəsi ilə E.Nəsibov küçəsinin kəsişməsində hərəkətdə olarkən sürücü X6 idarə etdiyi “Mercedes Benz E240” markalı **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “VAZ-21099” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X5 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid və “Mercedes Benz E240” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X13 və X4 qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar