Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-977/2024 20.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X3 və inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəisi vəzifəsini icra edən Mehriban Tağıyeva tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 216-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəisi vəzifəsini icra edən Mehriban Tağıyeva tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən onun işlədiyi Tovuz Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində plandankənar yoxlama aparmışlar və həmin gün heç bir əsas olmadan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 216-cı maddəsi əsas götürülərək, inzibati xəta haqqında protokol və qərar qəbul etmişlər. Hesab edir ki, həmin qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş, cərimə tərtib edilməsi üçün heç bir əsas olmamışdır. Belə ki, qərarda sanitariya gigiyena rejimlərinin pozulması qeyd edilmiş, lakin heç bir laboratoriya nəticəsi əsas götürülməmiş, cərimə tərtib edilməsi üçün heç bir əsas olmamışdır. Sadəcə olaraq qeyd olunan idarənin əməkdaşları bir neçə dəfə heç bir məlumat vermədən və yoxlama üçün sənəd təqdim etmədən iş rejimini pozaraq iş yerinə daxil olmuş və dövlət məmurunun etikasına yaraşmayacaq tərzdə münasibət göstərərək yoxlama aparmışlar. Qeyd olunan hərəkətlərə etiraz bildirdikdə isə əsassız olaraq hazırkı cəriməni yazmışlar, qərarın və protokolun ona təqdim edilməsindən isə imtina etmişlər. O, qərarın və protokolun surətini xx.xx.2024-cü il tarixdə əldə edə bilmişdir. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, onun rəhbərlik etdiyi şöbənin işçiləri qanunvericiliyin tələbinə uyğun olaraq tibbi mütəmadi olaraq tibbi müayinələrdən keçirlər. Bundan əlavə qeyd olunan tibb müəssisəsi çoxprofilli tibb müəssisəsi olduğundan mərkəzi sterilizasiya şöbəsi və dezinfeksiya şöbəsi mövcuddur. Tovuz Rayon Mərkəzi xəstəxanasında sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin saxlanılması həmin şöbələrin nəzarətində olsa da eyni zamanda şəxsən onun özü tərəfindən bununla bağlı ciddi nəzarət həyata keçirilir. Onun şöbəyə rəhbərlik etdiyi dövrdə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması hallarına yol verilməmiş və bununla bağlı istər ana, istərsə də dünyaya gələn körpələrdə sağlamlığı təhdid edəcək hal aşkar olunmnamışdır. Həmçinin yoxlama zamanı onun iştirakı təmin edilməmişdir ki, lazımi sübutları təqdim etsin. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X5 şikayətin dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Tovuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün 2024-cü il sanitargigiyenik və əksepidemtik tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Həmin planda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1994cü il tarixli 145 nömrəli əmrinə əsasən rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrinin sanitariya epidemioloji rejlimi üzərində nəzarəti rübdə 1 dəfə keçirmək üçün Tovuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru və mütəxəssislərinə icazə verilmişdir. xx.xx.2024-cü ildə illik iş planına uyğun olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasının doğum evi şöbəsində Tovuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı doğum şöbəsinin işçilərinin dövrü tibbi müayinədən keçmədikləri, doğum şöbəsində sanitargigiyenik və əksepidemik rejimə düzgün əməl olunmadıqları, aşkar olunmuşdur. Doğum şöbəsinin müdiri X6 və baş tibbi bacısı X7 2022-ci ildə yol verdikləri nöqsanlara görə Tovuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən cərimə olunmuş və cərimələrini də ödəmişlər. 2024-cü ildə yenidən təkrar yol verdiyi nöqsanlara görə doğum şöbəsinin müdiri X6 və vaksinatoru X1 rayon X2 tərəfindən cərimə olunmuşlar, vaksinator cəriməni ödəmiş, şöbə müdiri ödəməmişdir. Tovuz rayon Mərkəzi Xəstəxnasının doğum şöbəsində nöqsanlar hələdə aradan qaldırılmamışdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolundan görünür ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində profilaktiki dezinfeksiya işlərinin aparılmaması, əksepidemik rejimin pozulması halları vardır. Bununla da doğum şöbəsinin baş həkimi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəisi vəzifəsini icra edən Mehriban Tağıyeva tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin baş həkimi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmiş və onun barəsində həmin maddənin sanksiyası çərçivəsində 300 manat miqdarında cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün inzibati orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İş materiallarından aydın olur ki, şəxsə inzibati cərimənin tətbiq edilməsinin əsası kimi onun İnzibati Xətalar Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İş materiallarına əlavə edilən sənədlərdə isə inzibati xətanın hansı pozuntularla törədilməsi, xətanın konkret olaraq nədən ibarət olması qeyd edilməmiş və bunu göstərən sübutlar əlavə edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X5 işçilərin tibbi müayinədən keçirilməməsini bildirmiş, lakin iş materialları ilə işçilərin 2024-cü il üzrə tibbi müayinədən keçdikləri müəyyən edilmişdir. Belə ki, işə əlavə edilən şəxsi tibbi kitabçalardan görünür ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin işçiləri 2024-cü il üzrə tibbi müayinədən keçmişlər. “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalarının 2.22-ci bəndinə əsasən, çoxprofilli tibb müəssisələrində mərkəzi sterilizasiya şöbəsi (MSŞ) nəzərdə tutulmalıdır. Şöbənin tərkibi və otaqların sahəsi stasionarların çarpayı sayına müvafiq olaraq qüvvədə olan normativ sənədlərə və layihələndirmə tapşırığına uyğun qəbul olunur. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən, tibb müəssisələrində dezinfeksiya şöbələri nəzərdə tutulmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş “Doğum evlərində (şöbələrində) doğuşayardım işinin təşkili haqqında” təlimata əsasən, Sanitar-epidemioloji rejimə görə şöbə müdiri və baş mama məsuliyyət daşıyırlar (vəzifə öhdəliyinə müvafiq olaraq). Baxılan iş üzrə bu qaydaların hansı şərtlərinin pozulması və pozuntu barədə sübutlar inzibati iş materiallarına əlavə edilməmişdir. Tərtib edilmiş sanitariya müayinəsi aktında isə şöbə müdirinin iştirakı təmin edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, həmin gün baxılması üçün səlahiyyətli şəxsə göndərilmiş və işə baxılması üçün qanunvericiliklə 15 gün müddət müəyyən edilməsinə və işə baxılması üçün sübutların toplanılmasının zəruriliyinin mövcud olmasına baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəisi vəzifəsini icra edən Mehriban Tağıyeva tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar həmin gün qəbul edilmiş, barəsində inzibati icraat aparılan şəxsə inzibati xəta haqqında işin baxılması vaxtı və yeri barədə məlumat verilməsi barədə iş materiallarına sənəd əlavə edilməmişdir. İnzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixdə qərar çıxarılmış, lakin protokolun surətinin inzibati xəta törətmiş şəxsə xx.xx.2024-cü il tarixdə göndərilməsi qeyd edilmişdir. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (İnzibati Xətalar Məcəlləsinin 5.1 və 5.2-ci maddələri). İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (İnzibati Xətalar Məcəlləsinin 12.1ci maddəsi). İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin pozulması ilə aparılmışdır. Yəni işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Məhkəmə hesab edir ki, mövcud durumda mübahisələndirilən qərarın ləğv edilməsi və törədilmiş inzibati xətanın yenidən araşdırılması üçün həmin orqana qaytarılması qanuni olar. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 130, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün materiallar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-977/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-977/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver