Məhkəmə qərarları › İş №3(062)-989/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-989/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-989/2024 21.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 X1 iştirakları ilə xx.xx.1992-ci ildə Tovuz rayonu Girzan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Hunanlar kəndində qeydiyyatda olan və yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(062)-62/2024 saylı icra sənədini icra etməkdən boyun qaçırır. Bununla da X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(062)-62/2024 saylı icra sənədinə əsasən, X3 26 aprel 2020ci ildə anadan olmuş X10 ilə hər gün uşaq üçün uyğun vaxtda görüşərək ünsiyyətdə olmasına atası X9 tərəfindən hər hansı maneənin yaradılması X5 qadağan edilməsi qərara alınmışdır. İcra sənədi üzrə qanuna müvafiq olaraq xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Lakin borclu X9 tərəfindən icra sənədi üzrə üzərinə qoyulmuş vəzifəni icra etməyərək uşağın anası X8 ilə görüşərək ünsiyyətdə olmasına maneə yaratmışdır. Bununla da X9 icra sənədini icra etməkdən boyun qaçırmış və üzrsüz olaraq qərardadın icrasından yayınmışdır. Odur ki, X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 bildirdi ki, o, icra sənədinin icrasından boyun qaçırmır. Barışıq sazişi ilə uşağın anasının yanında saxlanılması barədə razılığa gəlmişlər. Uşaq anasının yanındadır. Uşağı anasından bir-neçə saatlıq götürsə də, uşaq 14 gündür ki, onun yanındadır. Uşağı anasına vermək istəmir. O uşaq tələbi ilə Gültaca qarşı iddia qaldırmışdır. Məhkəmə həmin işə baxılıb qutaranadək o uşağı anasına verməyəcəkdir. Uçşaq anasına getmək istəmir. Belə olduğu halda ana uşaqla ünsiyyətdə ola bilməz. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 bildirdi ki, 14 gündür ki, uşaqsızdır. Mediasiyada uşağın ananın himayəsində saxlanılmasına dair razılıq əldə edilib. O heç vaxt uşaqla atasının ünsiyyətinə mane olmamışdır. Buna baxmayaraq uşağın atası bir neçə dəfədir ki, uşağı bir neçə saatlıq adı ilə aparır, daha sonra gətirmir. O çarəsiz şəkildə günlərlə məhkəmədən köməklik istəyir. Uşaq onun himayəsindən qanunsuz şəkildə alınması azmış kimi, hələ uşaqla ünsiyyətinə belə maneələr yaradılır. Etibarın məqsədi odur ki, məhkəmədə uşaq tələbinə dair işə baxılsın, o müddətdə də uşaq anasından soyusun. Odur ki, Etibar barədə həbs növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək hesab edir ki, toplanmış sübutlarla X4 inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, göründüyü kimi borclu dərhal icra edilməli olan icra sənədini hər hansı üzürlü səbəblər olmadan icra etməmişdir. Dərhal icra edilməli olan icra sənədini borclu öz iradəsinə və öz maraqlarına uyğun vaxtda icra etmək niyyətindədir ki, bu da uşaqla ana arasında bağlılığın soyumasına, ananın himayəsində saxlanılmış uşağın uzun müddət anadan ayrı qalmasına gətirib çıxara bilər. Məmmədov Etibarın məhkəmə iclasında verdiyi izahatından və işin digər materiallarından görünür ki, barışıq sazişi ilə uşağın anasının himayəsində saxlanılmasına dair razılıq əldə edilmişdir. Ata uşaq tələbinə dair iddia ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçı hər hansı saziş və yaxud məhkəmə qərarı olmadan uşağı anasından məqsədyönlü şəkildə almış və uzun müddətdir ki, özündə saxlamaqla artıq bu davamlı xarakter almışdır. Borclunun məhkəmə iclasında irəli sürdüyü dəlillərdən müəyyən edilir ki, icra sənədinin icrasına onun tərəfindən maneələr yaradılır və hətta məhkəmə iclasında belə o maneələrin mövcudluğu müşahidə edilməkdə idi. Ona görə də məhkəmə hesab edir ki, Məmmədov Etibar İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxsin davranışlarının davamlı omasının qarşısını isə onun barəsində tətbiq ediləcək sərt tədbirlər ala bilər. Bu həm də ədalət mühakiməsinin maraqlarına uyğun olmaqla məhkəmə qərarlarının istər indi, istərsə də gələcəkdə icrasına maneəsiz şərait yaratmış olacaqdır. Ona görə də məhkəmə hesab edir ki, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmaqla inzibati tənbeh kimi həbs tətbiq edilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(062)-62/2024 saylı icra sənədinə əsasən, X3 26 aprel 2020-ci ildə anadan olmuş X10 ilə hər gün uşaq üçün uyğun vaxtda görüşərək ünsiyyətdə olmasına atası X9 tərəfindən hər hansı maneənin yaradılması X5 qadağan edilməsi qərara alınmışdır. İcra sənədi üzrə qanuna müvafiq olaraq xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Lakin borclu X9 tərəfindən icra sənədi üzrə üzərinə qoyulmuş vəzifəni icra etməyərək uşağın anası X8 ilə görüşərək ünsiyyətdə olmasına maneə yaratmışdır. Göründüyü kimi sözügedən icra sənədinin tələbləri borclu tərəfindən yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Həmin Qanunun 13.1.2-ci maddəsinə əsasən iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri dərhal icra edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati həbsin təyin edilməsi inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və işin digər hallarına uyğun olar. Həmin tənbeh növü X6 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına görə Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəmə baxışına hüquq xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qaşı” xx.xx.2002-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma Konvensiyasnın 6-cı maddəsində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. X4 inzibati həbsə alınmanın əvvəli 21 noyabr 2024-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar