Məhkəmə qərarları › İş №3(062)-994/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-994/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-994/2024 25.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Tovuz rayonu, Dondar Quşçu kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2089457 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(62)-306/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə 3644 (üç min altı yüz qırx dörd) manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, hazırda Tovuz Rayon Məhkəməsinin 2(62)-306/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 3644 manat məbləğində ödənilməmiş aliment borcu vardır və həmin borcun ödənilməsindən yayındığından inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq qeyd etdi ki, saxlanılması üçün aliment təyin edilmiş xx.xx.2002-ci il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə yetkinlik yaşına çatmışdır. Hazırki vaxtadək olan 4 il ərzində tələbkar müraciət etmədiyi üçün borcun ödənilməsi üçün icra hərəkətləri həyata keçirilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədində göstərilən aliment borcu üzrə mütəmadi ödəniş etmiş və hazırda borcu yoxdur. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs övladı X1 üçün aliment borcunun ödənilməsi ardıcıllığına riayət etməmiş, ödənişlərdə uzun müddətli fasilələrə yol vermiş və beləliklə ödənilməli aliment borcu yaranmışdır. Odur ki, Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(62)- 306/2015saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 15 yanvar 2015-ci il tarixdən etibarən hər ay 103 (yüz üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti X8 Filialının 10 sentyabr 2024-cü il tarixli məktubuna əsasən 18 yanvar 2015-ciil tarixdən 18 yanvar 2021-ci il tarixinədək Şəxs tərəfindən Zərərçəkmiş şəxs adına hissə-hissə olmaqla cəmi 4253 manat məbləğində poçt göndərişləri edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, saxlanılması üçün aliment təyin edilmiş xx.xx.2002-ci il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə yetkinlik yaşına çatmış və həmin tarixdən hazırki vaxtadak olan müddət ərzində icra məmuru tərəfindən qalıq məbləğin ödənilməsini təmin etmək məqsədilə heç bir icra tədbiri həyata keçirilmədən 4 ildən artıq müddətdən sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar