Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-1/2024 07.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 11 noyabr 2023cü il tarixli, EQ 17991796 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X4 11 noyabr 2023-cü il tarixdə saat 08:12-də Bakı-Qazax yolunun 241.1-ci kilometrliyində “HYUNDAİ SANTA FE” minik markalı, ** HR *** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 332.2-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətdiyinə görə 11 noyabr 2023-cü il tarixli, EQ 17991796 nömrəli inzibati tənbeh vermə haqqında qərarla 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan X4 şikayət verərək 11 noyabr 2023-cü il tarixli, EQ 17991796 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olduğu üçün ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati xəta haqqında 11 noyabr 2023-cü il tarixli, EQ 17991796 qərarında qeyd edilən 11 noyabr 2023-cü il tarixdə Bakı- Qazax yolunun 241.1-ci km-də heç bir yol hərəkəti qaydasını pozmamışdır. Həmin ** HR *** nömrəli, “HYUNDAİ SANTA FE” markalı minik avtomobili onun adına qeydiyyatda olsa da oğlu X5 idarə edir. Elektron qərarda qeyd edilən tarixdə o, heç bir yol hərəkəti qaydalarını pozmamışdır. Həmin tarixdə avtomobili oğlu Namət Məmmədov idarə edib. Ona göndərilmiş həmin elektron qərar qanunsuzdur. Zərurət var ki, həmin elektron qərar üzrə aparılmış video çəkilişə baxılsın. Belə olan təqdirdə 11 noyabr 2023-cü il tarixdə ** HR *** nömrəli, “HYUNDAİ SANTA FE” markalı minik avtomobili kimin idarə etməsi sübut olunacaqdır. O, 1-ci Qarabağ müharibəsində ağır yaralanıb, 2 dərəcəli əlil olmuş, sol ayağı protezdir. Ona tərtib edilmiş qərar üzrə cəriməni üzərinə faiz hesablanmaması üçün tam olaraq ödəmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 332.2-ci maddələrinin tələbinin pozulması ilə bağlı tərtib edilən inzibati xəta haqqında 11 noyabr 2023-cü il tarixli, EQ 17991796 nömrəli qərar qanunsuzdur. Odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 332.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı çıxarılmış inzibati xəta haqqında 11 noyabr 2023cü il tarixli, EQ 17991796 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Şikayət vermiş şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişvə etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısının iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İXM-nin 57-ci maddəsinin İ və İİ hissəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sözügedən Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları var. İXM-nin 100-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 127-4.1-ci madəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Bu sahəni tənzimləyən müvafiq normativ hüquqi aktların tələblərindən də göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin (qərarların, qərardadların, protokolların, bildirişlərin) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən rəsmi qaydada verilməsi qaydası və üsulu isə qeyd edildiyi kimi İXM-nin 57-ci maddəsində müəyyən edilmişdir. İnzibati xətalar haqqında işlər üzrə sənədlər inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Çünki, bununla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqlarından isitifadə etmək imkanı təmin edilir. Əks yanaşma isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çatımlılıq hüququnun pozulmasına, sonuncunun barəsində aparılan inzibati araşdırmadan, onun gedişatından xəbərsiz olmasına, bununla da, işin ədalətli, hərtərəfli, tam və obyektiv araşdırılmasına əngəl yaranmasına şərait yaradır. Bundan əlavə, məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-nin 8-ci maddəsinin İİ hissəsi, Təqsirsizlik prezumpsiyası prinsipi). Şikayətçinin əməlində inzibati xətanın olub-olmamasını, inzibati xətanın törədilməsində onun təqsirliliyini, eləcə də işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün faktik məlumatlar, inzibati xətalar haqqında işlər üzrə sübutlar, o cümlədən inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlər səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, şikayət və ona əlavə edilmiş sənədlərlə inzibati xəta hadisəsinin məhz kimin tərəfindən törədilməsi (işə əlavə edilən fotoşəkillərdən hadisənin kim tərəfindən törədilməsi müəyyən edilməmiş qalmışdır) dəqiq müəyyən edilməmişdir. Məhz inzibati xəta haqqında qanunvericiliyin məzmunundan da göründüyü kimi inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Eyni zamanda, həm milli, həm də beynəlxalq hüququn mövqeyindən çıxış edərək, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, adətən, bütün sübutlar xəta törədən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Yəni, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X1 tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar hadisənin onun özü tərəfindən deyil, oğlu tərəfindən törədilməsinə münasibətdə mübahisələndirildiyindən, eyni zamanda, işə baxılması vaxtı və yeri barədə qərarından şikayət verilən orqan lazımı qaydada məlumatlandırıldığından (dəfələrlə bildiriş və sübutların təqdim edilməsi barədə məktublar göndərilsə də) sonuncu orqan bu mövqeyini sübutlarla əsaslandırmalı, həmin sübutları açıq məhkəmə iclasında təqdim etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Digər tərəfdən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) mübahisələndirilən qərarını şikayətçiyə rəsmi qaydada verilməsini təsdiq edən sənədi təqdim etməməsi də hazırkı şikayətin vaxtında verilib-verilməməsini də aydınlaşdırmağa imkan verməmişdir. Ona görə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar (yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan verilən şikayətlə) istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bundan başqa, Ucar Rayon Məhkəməsinin müvafiq qərardadı ilə məhkəmə işin obyektiv və qərəzsiz araşdırılması, həmçinin, iş üzrə bəzi sübutların əldə edilməsi və çəkişmə prinsipinin təmin edilməsi, eləcə də inzibati iş üzrə icraat iştirakçılarının məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədilə şikayətə baxılması müddəti bir ayadək müddətə uzadılsa da, bu müddət ərzində də şikayətin dolğun araşdırılmasını təmin edən zəruri sənədlər, o cümlədən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin inzibati iş üzrə qərar qəbul etmiş orqan tərəfindən bu yöndə müvafiq addımlar atılmamış, buna cəhdlər edilməmiş, hətta özü belə sonuncu məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bildiyindən, həmçinin qanunvericilik məhkəməyə qeyd olunan müddət ərzində inzibati xəta ilə əlaqədar işlərə baxılması imkanı tanıdığından hazırkı şikayətin araşdırılmasının əlavə müddətə uzadılması inzibati xətalar haqqında qanunvericiliyin pozulması ilə şərtlənər ki, bu da yolverilməzdir. Yəni, qanunverici bununla işin davamlı müddətdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş son müddəti ötürməklə, araşdırma imkanını məhdudlaşdırmışdır. Nəticə etibarilə, şikayətin dolğun araşdırılmasına imkan verən zəruri sənədlərin təqdim olunmamasına, həmçinin yalnız şikayətə əlavə edilmiş mübahisəli qərarla və şahid izahatı ilə mübahisələndirilən hallarla bağlı mühüm məqamları araşdırmaq mümkün olmadığına görə işə baxıb, yekun qərar qəbul etmək mümkün deyildir. Çünki, şikayətin hərtərəfli, obyektiv araşdırılması üçün zəruri olan sənədlərin təqdim edilməməsi mövcud ziddiyətli halların aradan qaldırılmasında və işin həqiqi hallarının ortaya çıxarılmasında maneə yaratmaqla, bərabər faktın araşdırılması imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, X2 haqqında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 11 noyabr 2023-cü il tarixli, EQ 17991796 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə) göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. X2 haqqında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 11 noyabr 2023-cü il tarixli, EQ 17991796 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə) göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-1/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-1/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver