Məhkəmə qərarları › İş №3(063)-1/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-1/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-1/2025 10.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, məhkəmə iclasının katibi X1 və şikayət verənbarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Şabran Rayon Polis X10 Polisi Bölməsinin TP ******* nömrəli, 29 noyabr 2024-cü il tarixli qərarından şikayətinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 qərardan şikayət ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı hissəsində TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onu 16 oktyabr 2024-cü il tarixdə Şabran rayonunda Şabran rayon YPX əməkdaşı idarə etdiyi ** BE *** dövlət qeydiyyat nişanlı, “Sinotrik Hania” markalı yük maşınını saxlatmışdır. Maşını etibarnaməsiz və təhlükəsizlik kəmərindən istifadə etmədiyi müəyyən olunmuşdur. Lakin yol-patrul xidməti əməkdaşı əsassız olaraq onu sərxoşluq vəziyyətinin (narkotik vasitələrdən istifadə edib-etməməsi) müəyyən edilməsi üçün polis şöbəsinə dəvət etmişdir. Orada 4 dəfə testlə yoxlanılmış, lakin cavab neqativ, yəni təmiz çıxmışdır. Bununla kifayətlənməyən yol-patrul xidməti əməkdaşı onu xəstəxanaya aparmış və necəsə orada müəyyən olunmuşdur ki, heç demə “o, narkotik vasitədən istifadə edir”. Şikayətə əlavə etdiyi aktdan da göründüyü kimi 24 oktyabr 2024-cü il tarixdə Mingəçevir Şəhər Xəstəxanasında tibbi müayinədən keçmiş və narkotik vasitə istifadə etmədiyi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən-barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 şikayətini müdafiə edərək izahatında şikayətdə göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq göstərdi ki, qanunsuz olaraq cərimə olunmuşdur. 16 oktyabr 2024-cü ildə tərtib edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə tanış olmuşdur, orada polis əməkdaşının təkidi ilə bir ay əvvəl Rusiyada narkotik vasitə istifadə etməsini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş, səlahiyyətli orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə şikayət üzrə toplanmış materiallar göndərilmiş, həmçinin, məhkəməyə əvvəlki məhkəmə iclasına teleqram göndərib qərarın qüvvədə saxlanılması və şikayətin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət verən-barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs T.Səlimovun izahatını dinləyərək, şikayəti, təqdim olunmuş sənədləri və iş materiallarını araşdıraraq və tədqiq edərək belə hesab edirəm ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Şabran rayonu yol patrul xidməti baş inspektoru X4 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən və həmin inzibati xəta haqqında protokol üzrə Şabran rayonu, polis mayoru X6 tərəfindən qəbul edilmiş 29 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 16 oktyabr 2024-cü il tarixində, saat 16:57-də Şabran şəhər, M.Ə.Rəsulzadə küçəsi ərazidə “SİNOTRUK HANİA YÜK” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 329.3-cü, 332.1-ci, 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 700 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 16 oktyabr 2024-cü il tarixli, 132 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktın surətindən görünür ki, X5 16 oktyabr 2024-cü il tarixdə, saat 16:50-də narko-test (sidiy) müayinəsi zamanı çətənə bitkisi-marixuana aşkar olunmuşdur. T.Səlimov həmin aktla tanış olub bir ay bundan qabaq Rusiyada narkotik marixuana qəbul etməsini göstərib akta imza etmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, T.Səlimovun yaşayış yeri Ucar rayonu, Qazyan kəndidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 99.1.1-ci və 99.1.3-cü maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdəndir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Beləliklə, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 16 oktyabr 2024-cü il tarixli, 132 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə tanış olub bir ay əvvəl narkotik vasitə qəbul etməyini bildirməklə təqsirini etiraf etmişdir, polis əməkdaşının təkidi ilə bunu bildirməsi məhkəmə iclasında müəyyən edilməmişdir, inzibati xəta haqqında qanunvericiliyin tələbinə görə şikayətin təmin edilməsi və səlahiyyətli orqanın inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi üçün əsaslar yoxdur, odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Şabran Rayon Polis X10 Polisi Bölməsinin TP ******* nömrəli, 29 noyabr 2024-cü il tarixli qərarından şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar