Məhkəmə qərarları › İş №3(063)-100/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-100/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-100/2025 03.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, xx xxxxxx 1963-cü il tarixdə Ucar rayonu, Ramal kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ucar rayonu, Ramal kəndində qeydiyyatda olmaqla, Ucar rayonu Ramal bələdiyyəsinin sədri vəzifsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 549.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Ucar rayonu Ramal bələdiyyəsinin sədri Şəxs “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərini pozaraq, 18 yanvar 2025-ci il tarixli, 03 saylı iclas qərarını bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq göndərməli olduğu halda, həmin müddətdən gec göndərmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən 24 fevral 2025-ci tarixdə Ucar rayonu Ramal bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Ucar rayonu Ramal bələdiyyəsinin sədri Şəxs İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Ucar rayonu Ramal bələdiyyəsinin sədri Şəxs “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərini pozaraq, 18 yanvar 2025-ci il tarixli, 03 saylı iclas qərarını bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq göndərməli olduğu halda, həmin müddətdən gec göndərmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilmişdir ki, bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların; bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların; yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktların; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların; bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların; bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların; qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Ucar rayonu Ramal bələdiyyəsinin sədri işləyən Şəxs vəzifəli şəxs olaraq İXM-nin 549.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Ucar rayonu Ramal bələdiyyəsinin sədri Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, vəzifəli şəxs Ucar rayonu Ramal bələdiyyəsinin sədri Şəxs barəsində İXM-nin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbehin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Vəzifəli şəxs Ucar rayonu Ramal bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar