Məhkəmə qərarları › İş №3(063)-115/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-115/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-115/2024 18.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, X5 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ucar Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 21 noyabr 2023-cü il tarixdə, saat 18:30 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olan Şəxs Ucar şəhər qəbirstanlığının yaxınlığında saxlanılaraq gətirildiyi Ucar RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərindən 1 ədəd papirosda təmiz çəkisi 0,27 qram təşkil edən qurudulmuş marixuana və idarə etdiyi “Hyundai Azera” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qarşı qapısının cibliyindən 1 ədəd kiçik sellofan paketdə təmiz çəkisi 0,97 qram (az miqdarda) təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda, sidiyindən test üsulu ilə (müvafiq test işə əlavə edilmişdir) analiz götürülərkən narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 16 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, 21 noyabr 2023-cü il tarixdə, saat 18:30 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olan Şəxs Ucar şəhər qəbirstanlığının yaxınlığında saxlanılaraq gətirildiyi Ucar RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərindən 1 ədəd papirosda təmiz çəkisi 0,27 qram təşkil edən qurudulmuş marixuana və idarə etdiyi “Hyundaı Azera” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qarşı qapısının cibliyindən 1 ədəd kiçik sellofana paketdə təmiz çəkisi 0,97 qram təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmiş və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 21 noyabr 2023-cü il tarixdə, saat 18:30 radələrində Ucar şəhər qəbristanlığının yaxınlığında olarkən Ucar RPŞ-nin əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olduğuna görə Ucar RPŞ-yə dəvət etmişlər. O, buna etiraz etməyərək polis əməkdaşları ilə Ucar RPŞ-yə getmiş və orada növbətçi hissədə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərindən 1 ədəd papirosda təmiz çəkisi 0,27 qram təşkil edən qurudulmuş marixuana və idarə etdiyi “Hyundaı Azera” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qarşı qapısının cibliyindən 1 ədəd kiçik sellofana paketdə təmiz çəkisi 0,97 qram təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Polis şöbəsində araşdırma zamanı ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Eyni zamanada, sidiyindən test üsulu ilə (müvafiq test işə əlavə edilmişdir) analiz götürülərkən narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. O, etiraf edir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan aradabir istifadə edir. Üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı isə Bakı şəhərində yerdən tapmışdır. Hazırda o, epilepsiya xəstəsi olmaqla sözügedən xəstəlikdən əziyyət çəkir (bu halı qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı sübutunun olmamasını bildirdi). Odur ki, törətdiyi əməldən peşmandır, bu halların və yaşının eyni zamanda, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, 21 noyabr 2023-cü il tarixdə, saat 18:30 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olan Şəxs Ucar şəhər qəbirstanlığının yaxınlığında saxlanılaraq gətirildiyi Ucar RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərindən 1 ədəd papirosda təmiz çəkisi 0,27 qram təşkil edən qurudulmuş marixuana və “Hyundaı Azera” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qarşı qapısının cibliyindən 1 ədəd kiçik sellofana paketdə təmiz çəkisi 0,97 qram təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda, sidiyindən test üsulu ilə (müvafiq test işə əlavə edilmişdir) analiz götürülərkən narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan 21 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ucar RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, şəxsi axtarış keçirilən zaman Şəxs üzərindən aşkar edilmiş və 1 ədəd zərfdə qablaşdırılmış 1 ədəd papirosda olan 0,27 qram çəkidə, eləcə də baxış zamanı “Hyunday Azera” markalı, ** UC *** dövlət qeydiyyat nömrəli avtomobilin sağ qarşı qapısının cibliyindən aşkar edilmiş və 1 ədəd zərfdə qablaşdırılmış 1 ədəd sellofan paketdə 0,97 qram çəkidə olmaqla ümumilikdə 1,24 qram çəkidə qurudulmuş marixuanalar maddi sübut kimi tanınmış, həmin marixuanalardan hər birindən ayrı-ayrılıqda 0,02 qram olmaqla ümumilikdə 0,04 qram çəkidə olan hissəsinin ekspertiza tədqiqatına sərf edilməsi, ekspertiza tədqiqatından sonra marixuanaların ümumilikdə 1,20 qram çəkidə qalması nəzərə alınması və saxlanmasından ötrü Ucar RPŞ-nin maddi sübutların saxlanma otağına təhil verilmiş, şəxsi axtarış və götürmə, eləcə də baxış zamanı aparılmış videoçəkilişləri əks etdirən 2 ədəd Kompakt disklər maddi sübut kimi tanınması və materiala əlavə edilməsi nəzərə alınmışdır. Bundan əlavə, qərarın, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin 01 dekabr 2023-cü il tarixli, 17/800 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Hyundai markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qarşı qapısının cibliyində aşkar edilmiş kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi-0,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şəxs Abulazaq oğlunun üzərindən aşkar edilmiş 1 ədəd papirosda olan kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd papirosda, təmiz çəkisi-0,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin həmin papirosdakı, təmiz çəkisi-0,18 qram olan tütünə oxşar digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd kiçik sellofan paketdə və 01 (bir) ədəd papirosda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd kiçik sellofan paketdə və 01 (bir) ədəd papirosda olan qurudulmuş marixuanaların ümumi təmiz çəkisi-1,24 qramdır. Marixuanaların ümumi təmiz çəkisi 1,24 qram, təqdqiqata 0,04 qram sərf edilmiş, 1,20 qram qurudulmuş marixuana isə qalıq qalmışdır. Qurudulmuş marixuanalar 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkaotik vasitələr siyahı”na daxildir (İ siyahı). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli, 1138/2024 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolunundan və eyni tarixli, 631 saylı rəydən görünür ki, Şəxs sidiyindən test üsulu ilə (müvafiq test işə əlavə edilmişdir) analiz götürülərkən narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunmuş, eyni zamanda, rəydən görünür ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə məhkəmə araşdırması zamanı gəldiyi nəticələrin əsası kimi istinad edilən hal olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs epilepsiya xəstəsi olmaqla sözügedən xəstəlikdən əziyyət çəkdiyini qeyd etsə də bu halı təsdiq edə biləcək hər hansı sübutu (bununla bağlı əlillik, hər hansı səhiyyə müəssisəsi tərəfindən sözügedən xəstəliyin olmasını isbat edən və həmin xəstəliklə əlaqədar aldığı müalicələr və s. barədə) məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsini, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Həmçinin Şəxs üzərinə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk maddi sübut kimi tanınmaqla, təhqiqat materialına əlavə edilməsi nəzərə alınmalı, eləcə də Şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş marixuanaların qalıq çəkisi, cəmi 1,20 qram olan maddi sübut sayılan narkotik vasitə qurudulmuş marixuana kütlələri qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 33.1.2, 34.2, 37, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 18 aprel 2024-cü il tarixdən saat 13:10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərinə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk maddi sübut kimi tanınmaqla, təhqiqat materialına əlavə edilməsi nəzərə alınsın. Şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş marixuanaların qalıq çəkisi, cəmi 1,20 qram olan maddi sübut sayılan narkotik vasitə qurudulmuş marixuana kütlələri qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar