Məhkəmə qərarları › İş №3(063)-117/2024

Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(063)-117/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(063)-117/2024 19.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş Şəxs Ramiz oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: 19 aprel 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs Ramiz oğlu barəsində MN seriyalı, ******* nömrəli inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda barəsində icraat aparılan şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati xəta haqqında iş öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs Ramiz oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq tərtib edilmişdir. Belə ki, 19 aprel 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs Ramiz oğlu barəsində tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xətaya dair protokolda zərərçəkmiş şəxs barəsində məlumatlar göstərilməməklə sonuncu tərəfindən, həmçinin Şəxs Ramiz oğlu tərəfindən imzalanmamış, imzalanmama səbəbləri barədə hər hansı qeyd edilməmiş, eyni zamanda, 06 dekabr 2022-ci il tarixli, 10 aprel 2023-cü il tarixli bildirişlərdə Şəxs qərar və bildirişləri alması barədə imzası və qeydi olsa da, sözügedən bildirişləri hansı tarixdə alması barədə hər hansı məlumatlar öz əksini tapmamışdır. Əlavə olaraq Ucar Rayon Məhkəməsinin inzibati binasında tərtib edilmiş aktdan (Mehdman Mehdiyev, Şəhriyar Ələkbərov və Rəhim Süleymanov tərəfindən imzalamaqla təsdiq edilmiş) görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Ramiz oğlu xüsusi texniki vasitə ilə (Alcovisor-Jupiter X tipli, 93004415 seriya nömrəli, 00258 qeydiyyat nömrəli, 19 aprel 2024-cü il tarixli) sərxoşluq vəziyyətinin müayinəsi ilə bağlı qəbzlə Şəxs 6,142 % sərxoş olması müəyyən edilmişdir. Yuxarıda qeyd edilən maneələrin aradan qaldırılmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada sözügedən materiala baxılması istisna edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Bu Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş Şəxs Ramiz oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş 19 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ucar rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar