Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-15/2025 16.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1999-cu ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, Heydər Əliyev prospekti, ev 207, mənzil 9-da qeydiyyatda olan və Göygöl rayonu, Üçtəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ucar Rayon Məhkəməsinin e-2(063)-674/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər X1, X2 və Şəxs əsas borca görə 4631 (dörd min altı yüz otuz bir) manat 48 (qırx səkkiz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 66 (altmış altı) manat 32 (otuz iki) qəpik, cəmi 4697 (dörd min altı yüz doxsan yeddi) manat 80 (səksən) qəpik məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 X3-Bank Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1001/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3747 manat borcun və 60 manat mediasiya xərcinin tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməsi, ödənilməmiş 57,47 manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 16 yanvar 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN2089008 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, məhkəmə qətnamələrinə əsasən tələbkarların xeyrinə ondan pul tutulmalıdır. Zərərçəkmiş şəxs1 X3-Bank Kredit Təşkilatına ümumilikdə 1448 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs2 MMC-yə isə hər ay 300 manat ödəməklə bağlı nümayəndəsi ilə aralarında şifahi razılıq əldə olunmuşdur, o, cəmi 600 manat pul ödəmişdir, 10 gün gecikməsi olmuşdur. Tələbkarların xeyrinə borcu ödəməkdən imtina etmir və hissə-hissə ödənilməsini təmin edəcəkdir. Maddi cəhətdən imkanı olduqda borcu tam olaraq ödəyəcəkdir. Hazırda evlidir, himayəsində bir azyaşlı uşağı vardır, özü də kirayədə yaşayır. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin e-2(063)-674/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclular Şəxs, X1 və X2 4697,8 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs1 X3-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1001/2023 saylı, 02 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3807 manat pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri 30 sentyabr 2024-cü il tarixdə icraatda birləşdirilərək qərar qəbul olunmuşdur. İcra sənədləri müvafiq olaraq 23 noyabr 2023-cü il tarixdə və 30 sentyabr 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra göndərilərək, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya hər 2 icra sənədləri üzrə icra məmuru tərəfindən çağırış vərəqəsi göndərilərək Ucar rayon icra və probasiya şöbəsinə çağrılmış, lakin borclu vaxtında çağırışlara gəlməmişdir. Borclu 16 yanvar 2025-ci il tarixli izahatında bildirmişdir ki Zərərçəkmiş şəxs1 Qeyri-Bank Kredit Təşkilatı MMC-yə 200 manat ödəniş etmiş, lakin qəbz təqdim etməmişdir. Borclu Şəxs icra sənədi üzrə Zərərçəkmiş şəxs2 MMC-yə icra sənədi üzrə 600 manat ödəniş etmiş, lakin tələbkar borcun tam olaraq ödənilməsini tələb edir. Şəxs 16 yanvar 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq, izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmişdir. Ucar Rayon Məhkəməsinin e-2(063)-674/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli və Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1001/2023 saylı, 02 noyabr 2023-cü il tarixli icra sənədlərinə əsasən borclu Şəxs 6929,07 manat borcu qərəzli olaraq ödəməkdən yayınır və icra sənədlərinin icrası ilə əlaqədar icra məmuru tərəfindən verilən qanuni tələblərə əməl etmir. Hazırda tələbkarlar icra sənədlərinin tam icra edilməsini tələb edirlər. Əlavə olaraq bildirdi ki, tələbkar Zərərçəkmiş şəxs2 MMC borcun hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsi barədə yazılı ərizə verməsə də nümayəndəsi şifahi qaydada borcun hər ay 300 manat ödənilməsinə etiraz etməmişdir. 29 oktyabr 2024-cü ildə şifahi qaydada razılığa gəlmişlər. Həmin tarixdən sonra borclu bir dəfə 300 manat ödəniş etmişdir. Borclu tələbkar Zərərçəkmiş şəxs1 MM Qeyri-Bank Kredit Təşkilatına ödəniş etməsi barədə qəbz təqdim etməsə də məhkəmə iclası başlamamışdan əvvəl daxil olmuş məktubda borcun hazırda 3664,60 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə qərarlarında borcun birdəfəlik ödənilməsi tələb olunmuşdur, borclu icra sənədlərinin icrasından yayınmışdır. Borclu izahatında 1000 manat gəlirinin olduğunu bildirmiş, lakin borcunu ödəməmişdir, çağırışlara da gəlməmişdir. Zərərçəkmiş şəxs1 MM Qeyri-Bank Kredit Təşkilatının məktubu protokol tərtib edildikdən sonra göndərilmişdir. Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, məhkəmənin qətnaməsinə əsasən borcludan təmsil etdiyi hüquqi şəxsin xeyrinə cəmi 3807 manat məbləğində pul tutulmalıdır. Hal-hazıra qədər borclu borcundan cəmi 600 manat ödəniş etmiş, qalan hissəsini isə ödəməmişdir. 2024-cü ilin oktyabr ayının 29-da borclu şifahi qaydada hər ay 300 manat ödəməyi bildirmişdir, 2 dəfə ödəniş etsə də sonradan ödəməmişdir. Əlavə olaraq bildirdi ki, Yusiflə əvvəlcə hər ay 300 manat ödənilməsi barədə şifahi qaydada razılaşsalar da hazırda hissə-hissə ödənilməsinə etiraz edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 X3-Bank Kredit Təşkilatının icra şöbəsinin rəhbərinin Ucar rayon icra və probasiya şöbəsinə ünvanlanmış 16 yanvar 2025ci il tarixli məktubundan görünür ki, məktubda cavabdehlər tərəfindən borc məbləğinin tam ödənilmədiyini və məhkəmə qətnaməsinin icrasız qaldığını göstərib “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü və 63-cü maddələrinə əsasən hazırda (qalıq borc) olan cəmi 3664,60 manat məbləğində borcun ödənilməsi məqsədi ilə cavabdehlər barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi məsələsinə tənqidi münasibət bildirərək qeyd edirəm ki, bu hal şəxsin inzibati məsuliyyətdən yayınması cəhdi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən icra sənədlərini icra etməməsi və icra edilməmə ilə bağlı hər hansı sübutları təqdim etməməsi sonuncunun hərəkətində qərəzin formalaşmasına dəlalət edən hal kimi qiymətləndirilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və əmlak vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədlərinin hazırkı vaxtadək icra edilməməsini, icra sənədlərinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130 və 150-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-15/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-15/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver