Məhkəmə qərarları › İş №3(063)-156/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-156/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-156/2025 15.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs-Ucar RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 16 avqust 1993-cü il tarixdə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sosial işçi kimi işləyən, Vətən müharibəsi iştirakçısı, Zərdab şəhəri, 1 May küçəsi, ev 22-də qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş 18 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 27 dekabr 2024-cü il tarixdə, saat 20 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs yüngül dərəcəli xəsarət almış və nəticədə sürücünün sərxoş olub-olmaması yoxlanılarkən sonuncunun idarə etdiyi Toyota Corolla markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs-Ucar RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X2 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, törətdiyi əməldən peşmandır. Belə ki, 27 dekabr 2024-cü il tarixdə Zərdab şəhərində toy mərasimində olarkən spirtli içi qəbul etmişdir. Həmin gün axşam təxminən 21 radələrində dostu Zərərçəkmiş şəxs ilə etibarnamə əsasında idarə etdiyi Toyota Corolla markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirmiş və idarə etdiyi avtomobili aşırdaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində həm o, həm də Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hazırda zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Odur ki, göstərilənlərin, eləcə də, himayəsində azyaşlı xəstə uşağının olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq ərizədə hadisə ilə bağlı Şəxs heç bir şikayətinin və tələbinin olmadığını göstərib məhkəmə iclasının onun iştirakı olamadan keçirilməsini xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan 27 dekabr 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. İşdə olan maddi sübutların ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 4538/K nömrəli ekspert rəyindən görünür ki, Şəxs götürülmüş qan nümunələrinin tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı 0,6 promildir. İşdə olan 23 nömrəli, 24 yanvar 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüklərinin sınığı olmuşdur. Bu xəsarət bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 27 dekabr 2024-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İşdə olan 06 oktyabr 2021-ci il tarixdə verilmiş, BC 752861 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyaları əsasında sürücülük hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli, 150722 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs meharibə veteranıdır. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs vətən müharibəsi iştirakçısı kimi 80 manat pensiya alır. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də sosial işçi kimi işləməklə 400 manat əmək haqqı alır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 333.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbinin olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, müharibə veteranı olması və himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbinin olmamasını, eləcə də, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, müharibə veteranı olmasını və himayəsində azyaşlı uşağının olmasını, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, o cümlədən onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, ona nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar