Məhkəmə qərarları › İş №3(063)-16/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-16/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-16/2025 17.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-12 avqust 1981-ci ildə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində vaqon baxıcısı-təmirçisi işləyən, Ucar şəhəri, Beton zavod yaşayış evində qeydiyyatda olan və Ucar rayonu, Qarabörk kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Ucar şəhəri, Beton zavod yaşayış massivində, küçədə ictimai qaydanı pozan hərəkətlər, yəni xırda xuliqanlıq etmiş, həmçinin, həmin vaxt polis işçilərinin ictmai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları Kənan Aslanov və Qorxmaz İslamov tərəfindən oğurluq hadisəsi ilə əlaqədar 15 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Şəxs Ucar Rayon Polis Şöbəsinə dəvət edilən zaman Ucar şəhərində, vətəndaşların yanında nəlayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizamintizama dəvət etsələr də Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə də polis əməkdaşları Şəxs Ucar Rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Bununla bağlı tərəfindən araşdırma aparılmış, Şəxs və polis əməkdaşlarının izahatları alınmışdır. Araşdırma zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və polis işçilərinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən edildiyindən, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 15 yanvar 2025-ci il tarixdə, səhər saatlarında işə getmək istəyərkən ona polis şöbəsindən zəng olunmuş və şöbəyə dəvət etmişlər. O, da şöbəyə getmiş və şöbədə ona Ucar rayonu, Qazyan kəndində qohumu və tanışının olub-olmadığı, habelə sonradan oğurluqla bağlı suallar vermişlər. O, da qohumu və tanışının olmadığını bildirmişdir. İşi ilə bağlı suallar da vermişlər, o da dəmir yolunda işlədiyini, boş vaxtlarında mebel ustası kimi çalışdığını bildirmişdir. Ona son bir il ərzində Ucar rayonu, Qazyan kəndində olması ilə bağlı sual da vermişlər, o da son bir ildə Ucar rayonu, Qazyan kəndində olmadığını bildirmişdir. Sonradan oğurluq etdiyini boynuna alması üçün ona təzyiq göstərmişlər və hədə-qorxu gəlmişlər, hətta üz nahiyyəsinə sillə ilə vurmuşlar, əxlaqsız söyüşlər söymüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili X3 izahatında göstərdi ki, 15 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Ucar Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Qorxmaz İslamovla birlikdə oğurluqda şübhəli olan Ucar şəhəri, Beton zavod küçəsində yaşayan Şəxs yaşadığı ünvanın küçəsində yaxınlaşaraq özlərini təqdim etmişlər və onu Ucar rayonu, Qazyan kəndində baş verən oğurluq hadisəsi ilə bağlı Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şəxs Ucar Rayon Polis Şöbəsinə dəvət olunmasına etiraz edərək vətəndaşların yanında nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələr də Şəxs onların qanuni tələblərinə tabe olmayaraq yenidən nəlayiq ifadələr işlətmiş, hətta qaçmağa cəhd etmiş, lakin onlar Şəxs Ucar Rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş X1 da еyni məzmunlu izahat vеrərək şahid Kənan Aslanovun göstərdiyi хüsusаtlаrı bir dаhа təsdiq еtdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməllər, şahidlərin izahatları ilə yanaşı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və iş materialları ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, bu nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi barədə izahatı özünümüdafiə, məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Qeyd olunur ki, hakimiyyət nümayəndəsi dedikdə, təşkilati hüquqi formasından, tabeliyindən, idarə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün hakimiyyət səlahiyyətlərinə malik olan şəxs başa düşülür. Hakimiyyət səlahiyyəti dedikdə xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı idarəetmə sahəsində müxtəlif qərarlar qəbul etmək, icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan tələblər irəli sürmək hüququ başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən polis əməkdaşı qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək, zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İş materiallarından görünür ki, Şəxs barəsində Ucar Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi N.İsgəndərov tərəfindən 17 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə müvafiq olaraq MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. İşdə olan 15 yanvar 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 yanvar 2025-ci il, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Odur ki, inzibati qaydada həbsetmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 15 yanvar 2025-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 15 yanvar 2025-ci il, saat 18:00-dan hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar