Məhkəmə qərarları › İş №3(063)-163/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-163/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-163/2024 05.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxx 1990-cı ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi sahibkar (VÖEN **********), Ucar şəhəri, X6 küçəsi, ev 14-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş 15 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan şəxs Şəxs 15 may 2024-cü il tarixdə, saat 10:58-də Ucar şəhəri, Oğuz küçəsi, 44 ünvanında yerləşən sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat mallarının satışı mağazasında operativ vergi nəzarətinin keçirilməsinə maneəçilik törətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi X1 məhkəmə iclasında inzibati xəta haqqında protokolla bağlı bildirdi ki, Şəxs 13 may 2024-cü il tarixli qərara əsasən 15 may 2024-cü il tarixdə operativ vergi nəzarətinin həyata keçirilməsinə maneçilik törətmişdir. İnzibati xəta haqqında protokolda, müşayiət məktubunda və 15 may 2024-cü il tarixdə tərtib olunmuş aktda göstərilənləri nəzərə almağı və tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı Şəxs barəsində qərar çıxarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, 15 may 2024-cü il tarixdə mağazada vergi əməkdaşları tərəfindən yoxlama işləri aparılan zaman onlara maneçilik törətməmişdir, Həmin vaxtı kassa aparatına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, kassa aparatının çekində malın adı çıxmır. Buna görə də iradını bildirmiş və cərimə olunduğu təqirdə cəriməni ödəyəcəyini bildirmişdir. Bu zaman səhhətində olan problemlərə görə əsəbləşərək ona təqdim olunmuş sənədləri cırmışdır. O, çıxışında bildirdi ki, qərarı cırmağına görə özünü təqsirli bilir və peşimandır, səhhətini və himayəsində xəstə uşağının olmasını nəzərə almağı xahiş edir. İş materiallarında olan 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi Cavid Kəngərlinin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 13 may 2024-cü il tarixli, **********0726 nömrəli qərarından görünür ki, Şəxs (VÖEN **********) məxsus olan obyektə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə 14 may 2024-cü il tarixdən 12 iyun 2024-cü il tarixədək (12 iyun 2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin 1-ci dərəcəli müfəttiş X1 və 1-ci dərəcəli müfəttiş X5 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. İşdə olan 9 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi X1, həmin şöbənin dövlət vergi müfəttişi X5, şahid X3 və şahid X2 tərəfindən 15 may 2024-cü il tarixdə, Ucar şəhərində tərtib olunmuş aktdan görünür ki, 9 saylı Ərazi Vergilər İdarəsinin 13 may 2024-cü il tarixli, **********0726 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən fərdi sahibkar Şəxs (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərdiyi Ucar şəhəri, Oğuz küçəsi, 44 ünvanında yerləşən təsərrüfat mallarının satışı mağazasında (**********-74002) kodlu nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması tapşırılmışdır. Belə ki, qeyd olunan obyektə 15 may 2024-cü il tarixdə, saat 10:58-də daxil olarkən və operativ vergi nəzarətinin həyata keçirilməsi üçün yoxlama qərarı vergi ödəyicisi Şəxs tanış olmaq üçün təqdim edilmiş, vergi ödəyicisi operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarı cıraraq (müxtəlif hissələrə ayıraraq) operativ vergi nəzarətinin həyata keçirilməsinə maneçilik törədildi. Bu barədə vergi ödəyicisinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tələblərini pozduğuna görə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vergi ödəyicisi tərtib edilmiş protokolu imzalamaqdan, bir nüsxəsini almaqdan və izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün qismən etirafı, 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hal yoxdur. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 17-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində vəzifəli şəxslər üçün nəzərdə tutulmuş qaydada cərimə növündə tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 114, 115, 128-130 və 150-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib vəzifəli şəxs kimi min manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar