Məhkəmə qərarları › İş №3(063)-18/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-18/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-18/2025 23.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-03 avqust 1984-cü ildə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ucar Rayon Məhkəməsinin 2(063)-19/2016 nömrəli, 07 mart 2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 06 noyabr 2015-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 200 manat, hər uşağa 50 manat aliment tutulub 24 fevral 2009-cu ildə doğulmuş X2, 01 fevral 2011-ci ildə doğulmuş X1, 29 avqust 2012-ci ildə doğulmuş X3 və 25 aprel 2014-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ucar rayonu, Bərgüşad kəndində yaşayan Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 23 yanvar 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən R.Mustafayev tərəfindən MN2089010 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmənin qərarına əsasən ondan uşağının saxlanılması üçün hər ay 200 manat aliment tutulmalıdır. Daimi iş yeri, qazancı və gəliri olmadığından hər ay aliment ödəyə bilməmişdir, 2 dəfə olmaqla cəmi 200 manat aliment ödəmişdir, alimenti ödəməkdən imtina etmir, hissə-hissə ödəyəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən R.Mustafayev məhkəmə iclasında izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-19/2016 nömrəli, 07 mart 2016-cı il tarixli icra sənədinə əsasən borclu, Ucar rayonu, Bəgüşad kəndində qeydiyyatda olan Şəxs 06 noyabr 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 50 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 20 aprel 2016-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu tərəfindən icra sənədi üzrə tələb təmin edilməyərək aliment borcunun ödənişi təmin edilməmiş və Ucar Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 3(063)-101/2016 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclunun 15 sentyabr 2016-cı il tarixli, 8(063)-178/2016 saylı qərardadla ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu 23 yanvar 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə təqdim edilmiş, borclunun izahatı alınmış və yaranmış borcunun ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu tərəfindən icra sənədi üzrə tələb təmin edilməyərək aliment borcunun ödənişi təmin edilməmişdir. Borclu izahatında hər hansı üzürlü səbəb bildirməmiş, icra məmurunun qanuni tələbini icra etməmişdir. İcra sənədinə əsasən borclu Şəxs aliment borcu 21600 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, məhkəmənin qətnaməsinə əsasən borcludan onun xeyrinə 4 uşağının saxlanılması üçün hər ay 200 manat aliment tutulmalıdır. Borclu hər ay aliment ödəmir, cəmi 200 manat aliment ödəmişdir. Odur ki, borclunun məsuliyyətə cəlb olunmasını tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün, zərər çəkmiş şəxsin izahatları, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 23 yanvar 2025-ci il, saat 17:30-dan hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar