Məhkəmə qərarları › İş №3(063)-183/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-183/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-183/2024 25.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1, İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs Azərbaycan Respublikası DİN-nin Ucar RPŞ-nin Yol-Patrul Xidmətinin inspektoru X1 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Qəbələ rayonu, Laza kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qəbələ rayonu, Laza kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Ucar Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 08 iyun 2024-cü il tarixdə, saat 03:50 radələrində iki baş xırdabuynuzlu heyvanı Ucar rayonunun Bağman kəndi ərazisində asfalt örtüklü yolda nəzarətsiz qoymuş, nəticədə xırdabuynuzlu heyvanlar həmin yolda hərəkətdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 idarə etdiyi “Fiat Doblo” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşmuş, hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Ucar Rayon Polis Şöbəsinin Yol-Patrul Xidmətinin inspektoru X2 tərəfindən 08 iyun 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin Ucar RPŞ-nin Yol- Patrul Xidmətinin inspektoru X2 izahatında göstərdi ki, 08 iyun 2024-cü il tarixdə, saat 03:50 radələrində DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş, iki baş xırdabuynuzlu heyvanın “Fiat Doblo” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Zərərçəkmiş şəxs1 tərəfindən vurulmasını müəyyən etmişdir. Sonuncu alkotesterden keçirilmiş, spirtli içki qəbul etməsi müəyyən edilməmiş, hadisəni törətməkdə Şəxs təqsirli bilindiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan protokolu tərtib etmişdir. Eyni zamanda, inzibati araşdırma nəticəsində müvafiq ölçü, sxem aktları tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. Bundan əlavə onu da qeyd edir ki, Şəxs inzibati araşdırma zamanı hadisə yerində olarkən özü məhz vurulan heyvanların sonuncuya məxsus olmasını bildirdiyindən, eyni zamanda, iş yükünün çoxluğu ilə əlaqədar olaraq yorğun olduğundan tam araşdırma apara bilməmişdir (Şəxs inzibati araşdırma zamanı verdiyi izahatında məhv olan heyvanların kimə məxsusluğu barədə dəqiq məlumat qeyd edilməmişdir). Qeyd edilən xüsusatlara əsaslanaraq Şəxs barəsində sözügedən protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 08 iyun 2024-cü il tarixdə səhər tezdən digər yoldaşları Fəzail və Bəhruzla hava tam işıqlanmamış xırdabuynuzlu heyvanları otarmaq üçün örüş yerinə apararkən heyvanları Ucar rayonunun Bağman kəndi ərazisindən keçən asfalt örtüklü yoldan qarşı tərəfə keçirərkən qarşıdan gələn “Fiat Doblo” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Fəzail və Bəhruza məxsus 2 baş xırdabuynuzlu heyvanları (keçiləri) vurmuşdur. Həmin iki baş keçinin biri X5, digəri isə X6 məxsus olmuşdur. Beləliklə, o, onun tərəfindən törədilməsi istinad edilən inzibati xəta əməlini törətməmişdir. Belə ki, materialın Azərbaycan Respublikası DİN-nin Ucar Rayon Polis Şöbəsinin Yol-Patrul Xidmətinin inspektoru X2 tərəfindən araşdırılması zamanı verdiyi izahatından da görünür ki, o, məhv olmuş heyvanların özünə məxsusluğu barədə hər hansı məlumat qeyd etməmişdir. Lakin hadisə baş verən vaxt Fəzail və Bəhruz heyvanları nəzarətsiz qoymamaq üçün izahat verməyi ondan xahiş etmişlər. Bu səbəbdən də, o, həmin inzibati xəta əməlinin subyekti ola bilməz və subyekti deyildir. Odur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 08 iyun 2024-cü il tarixdə, saat 03:50 radələrində etibarnamə ilə idarə etdiyi “Fiat Doblo” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Ucar rayonunun Bağman kəndi ərazisindən keçən asfalt örtüklü yolda iki baş xırdabuynuzlu heyvanı vurmuşdur. Hadisə vaxtı hava qaranlıqlı olduğundan həmin heyvanları görə bilməmiş və buna görə də yol nəqliyyat hadisəsinin qarşısını ala bilməmiş, nəticədə xırdabuynuzlu heyvanları vurmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobilin qabaq ön hissəsi əzilsə də özü heç bir bədən xəsarəti almamışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayəti, maddi və mənəvi ziyan tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, “Fiat Doblo” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. O, Zərərçəkmiş şəxs1 sözügedən nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Təxminən 10-15 gün əvvəl hadisə barədə məlumatı olmuşdur. Onda olan məlumata görə hadisə Zərərçəkmiş şəxs1 təqsiri olmadan baş vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən, eləcə də Azərbaycan Respublikası DİN-nin Ucar RPŞ-nin Yol-Patrul Xidməti tərəfindən təqdim edilmiş elektron portaldan edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Fiat Doblo” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil 05 iyul 2023-cü il tarixdən 21 sentyabr 2031-ci il tarixədək Zərərçəkmiş şəxs1 etibarnaməli idarəçiliyindədir. İş materiallarında olan 08 iyun 2024-cü il tarixdə, saat 08:05-də tərtib edilmiş 641005 nömrəli protokollaşdırmadan görünür ki, Zərərçəkmiş şəxs1 alkoqol sərxoşluğu olmamışdır. İşdən, o cümlədən yol-nəqliyyat hadisəsinin sxeminin surətindən, işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Fiat Doblo” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla 08 iyun 2024-cü il tarixdə, saat 03:50 radələrində Ucar rayonunun Bağman kəndi ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən o, cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 və inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs Azərbaycan Respublikası DİN-nin Ucar RPŞnin Yol-Patrul Xidmətinin inspektoru X1 izahatlarından görünür ki, 08 iyun 2024-cü il tarixdə, saat 03:50 radələrində yol nəqliyyatı hadisəsinin baş verməsinə səbəb olan iki baş xırdabuynuzlu heyvanın Şəxs məxsusluğu müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş əməlin Şəxs tərəfindən törədilməsi ehtimal edilsə də, inzibati araşdırma zamanı həmin iki baş xırdabuynuzlu heyvanın Şəxs deyil, iki baş keçinin birinin X5, digərinin isə X6 məxsus olması aşkar edilmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə etməyərək, 08 iyun 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin həqiqətən həmin iki baş xırdabuynuzlu heyvanların subyekti olmasını sübut edə bilmədiklərini bildirmişdir. Eyni zamanda, inzibati marterialın Ucar RPŞ-də araşdırılması zamanı izahatı alınmış Şəxs da izahatı ilə məhv olmuş heyvanların sonuncuya məxsusluğu müəyyən edilməmiş qalmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, törədilməsi ehtimal olunan inzibati xəta əməlinin Şəxs aidiyyəti müəyyən edilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, inzibati xətalar haqqında qanunvericilik inzibati xəta hadisəsinin baş verməsini və bunun əsasında inzibati məsuliyyətin yaranma əsasını dəqiq müəyyən etmişdir. Belə ki, inzibati xəta hadisəsi şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan və təqsirli sayılan əməl kimi qəbul olunur. Qanunvericilik eyni zamanda, xəta hadisəsinin subyektini də dəqiq müəyyən etmişdir ki, bu da inzibati xəta nəticəsində baş vermiş qanun pozuntusunun tənbehsiz qalmamasını şərtləndirir. Yuxarıda qeyd edilənlərin təhlilindən aydın olur ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs düzgün olmayaraq, inzibati hüquqpozmanın subyekti kimi qəbul etmişdir. Belə ki, iş üzrə aparılmış araşdırmalar nəticəsində Şəxs baş vermiş hadisə ilə hər hansı bir formada bağlılığı müəyyən edilməmişdir. Bu hal isə, Şəxs iki baş xırdabuynuzlu heyvanın sahibi tərəfindən törədilmiş inzibati xəta əməlinə aidiyyətinin olmasını bilavasitə istisna edir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar