Məhkəmə qərarları › İş №3(063)-20/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-20/2025

25.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-20/2025 25.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxx 1976-cı ildə Ucar rayonu, Müsüslü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Müsüslü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, Şəxs 2025-ci ilin yanvar ayında, Ucar rayonu, Müsüslü kəndində qanunsuz olaraq narkotik vasitə-qurudulmuş marixuana istehlak etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 izahatında göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsinin icraatında olan HK-1/41 nömrəli araşdırma materialı üzrə Ucar rayonu, Müsüslü kənd sakini Şəxs barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2025-ci il tarixli, 109 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur, amma narkomaniya xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər narkoloji dispanserinin 24 yanvar 2025-ci il tarixli, 320/2025 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində marixuana aşkar edilmişdir. Buna görə də Şəxs barəsində aidiyyəti üzrə araşdırma davam etdirilmiş və həmin şəxs izahatında narkotik vasitə olan marixuanadan istifadə etdiyini etiraf etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi, yəni qanunsuz olaraq narkotik vasitə istehlak etməsi müəyyən edilmişdir. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, təxminən bir ay əvvəl yaşadığı Ucar rayonu, Müsüslü kəndində, sərxoş halda, özündən asılı olmayan səbəblərə görə bir dəfə olmaqla, siqaretin içərisində narkotik vasitə olan nəşə istifadə etmişdir, səhvini etiraf edir və peşimançılığını bildirir, bu cür hala bir daha yol verməyəcəkdir. İşdə olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 24 yanvar 2025-ci il tarixli, 109 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan 320/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 24 yanvar 2025-ci il tarixdə, saat 13:15-də müayinə vaxtı sidikdə THC (marixuana) aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyi və tibbi müayinə protokolu, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol (MN 1945879) ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığını və himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növündə müəyyən müddətə inzibati qaydada həbs edilməsi məqsədəmüvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədəmüvafiqdir. İşdə olan 24 yanvar 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 yanvar 2025-ci il, saat 17:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, həbsetmənin əvvəli 24 yanvar 2025-ci il, saat 17:10-dan hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 24 yanvar 2025-ci il, saat 17:10-dan hesablansın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar