Məhkəmə qərarları › İş №3(063)-214/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-214/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-214/2024 27.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Zərərçəkmiş şəxs1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X6, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X5 iştirakları ilə 23 avqust 1976-cı il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi fərdi yaşayış evində yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X8 icra sənədi üzrə borclu X2 İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan, həmin protokola ******* saylı əlavədən və iş materiallarından görünür ki, X4 dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Ucar Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(063)-717/2023 saylı icra vərəqəsinə əsasən 1225,83 manat borcunu Zərərçəkmiş şəxs1 MMC-yə, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2(063)-955/2023 saylı icra vərəqəsinə əsasən 380,25 manat borcunu Zərərçəkmiş şəxs2 MMC-yə, Ucar Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(063)-1087/2023 saylı icra vərəqəsinə əsasən 174,4 manat borcunu Zərərçəkmiş şəxs2 MMC-yə və Ucar Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(063)-82/2024 saylı icra vərəqəsinə əsasən 1650 manat borcunu Zərərçəkmiş şəxs3 ödəməkdən yayınır. X1 tələbkarlara ümumilikdə 3430,48 manat borcu yaranmışdır. Bu barədə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən 27 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X8 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-717/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan Şəxs cəmi 1225.83 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsi tərəfindən e-2(063)-955/2023 saylı 13 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan Şəxs 380.25 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs2 MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsi tərəfindən e-2(063)-1087/2023 saylı, 20 noyabr 2023cü il tarixli icra sənədinə əsasən Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan Şəxs 174.4 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs2 MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsi tərəfindən 2(063)-82/2024 saylı 23 fevral 2024-cü il tarixli icra sənədinə əsasən Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan Şəxs 1650 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. 08 aprel 2024-cü il tarixli qərarla hər 4 (dörd) icra sənədi icra məmurunun qərarı ilə ümumi icraata birləşdirilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədlərinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı və tələbi icra etmədiyi üçün tərəflərindən 07 aprel 2024-cü il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilərək Ucar RPŞ-yə göndərilmişdir. Borclu 27 iyun 2024-cü il tarixdə Ucar RPŞ-nin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Borclunun izahatları alınaraq hər 4 (dörd) icra sənədi üzrə yaranmış 3430,48 manat borcunun ödənilməsi tələb edilmiş, lakin borclu heç bir üzürlü səbəb bildirmədən tələbi icra etməmişdir. Nəticədə borclunun tələbkarlara 3430,48 manat ödənilməmiş borcu qalmış, tələbkarlar icra sənədlərinin tam icra edilməsini tələb edir. Ona görə də, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, hər 4 icra sənədi üzrə yaranmış borcun ödənilmə öhdəliyi barədə məlumatı vardır. Lakin 2023-cü ilin avqust ayında oğlu Vüsal (autizm xəstəsi) su kanalına düşərək boğulmuşdur. Uşağının yas mərasimləri, eləcə də, sağlığı dövründə həmin xəstə uşağına xərclədiyi vəsaitlə bağlı borcları olduğundan hazırkı icra sənədləri üzrə yaranmış borcunu ödəyə bilməmişdir. Lakin, hazırda 400 manat Zərərçəkmiş şəxs1 MMC-yə ödəniş etməsinin və sonuncu təşkilata olan borcunun bir il ərzində ödənilməsi barədə qarşılıqlı razılıqlarının və digər tələbkarlara olan borcunu yaxın zamanda ödəyəcəyi barədə vədinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X10 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Zərərçəkmiş şəxs1 MMC-yə olan 1225,83 manat borcundan 400 manatını ödəmiş, hazırda 825,83 manat borcu barədə razılığa gəldiklərindən heç bir şikayəti yoxdur, qalıq qalan məbləğin bir il ərzində ödəyəcəyi haqqında razılığa gəlmişlər. Odur ki, göstərilən halların nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs2 MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsinin və Zərərçəkmiş şəxs3 iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. Bundan əlavə, Zərərçəkmiş şəxs3 məhkəməyə 27 iyun 2024-cü il tarixdə ərizə ünvanlayaraq ünvan 1a sənədinə əsasən borclu X2 ona olan 1650 pul vəsaitinin tam olaraq tələb etdiyini, əks halda ödəmədiyi halda ciddi intizam tənbeh tətbiqi görülməsini xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, Ucar Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(063)-717/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli, e-2(063)-955/2023 saylı, 20 noyabr 2023-cü il tarixli, e-2(063)-1087/2023 saylı və 23 fevral 2024-cü il tarixli, 2(063)- 82/2024 saylı icra sənədləri icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Natiq Həsənquluyevə tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Qeyd edilən icra sənədləri 08 aprel 2024-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İşdə olan Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X10 tərəfindən tərtib edilmiş və məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Zərərçəkmiş şəxs1 MMC-yə olan 1225,83 manat borcundan 400 manatını ödəmiş, hazırda 825,83 manat borcu barədə razılığa gəldiklərindən heç bir şikayətləri yoxdur, qalıq qalan məbləğin bir il ərzində ödəyəcəyi haqqında razılığa gəlmişlər. İşdə olan X2 qeyri rəsmi nikahda olduğu arvadı X3 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, X7 ailənin yeganə qazanc gətirən nümayəndəsidir. İşdə olan fotoşəkillərdən, vəfatı və xəstəliyi haqqında ümumi məlumatlardan görünür ki, X13 (Natiq Həsənquluyevin oğlu) autizm xəstəsi olmaqla xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə X7 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda borclunun bir icra sənədi üzrə borcununun təxminən yarıya yaxın məbləğini ödəməsini, ailənin yeganə qazanc gətirən nümayəndəsi olması halının, yaşının və əməlini səmimi etiraf edərək peşman olmasının eyni zamanda, tələbkarlara olan borcunu qısa müddət ərzində, yəni 2024cü ilin sonunadək ödəyəcəyini öhdəsinə götürməsinin sonuncunun əməlində qəsdin (qərəzin) xarakterinin formalaşmaması kimi qiymət verir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. Beləliklə, yuxarıda göstərilənlər hazırkı vəziyyət icra sənədlərinin Natiq Həsənquluyev tərəfindən həqiqətən də qəsdən və qərəzli icra edilməməsinə əsas olan fikirləri və ehtimalları aradan qaldırır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlmək olar ki, icra sənədlərinin icra edilməməsi, borclunun icradan boyun qaçırması, icra vərəqələrinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldım:

1. X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar