Məhkəmə qərarları › İş №3(063)-231/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-231/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-231/2024 31.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs Azərbaycan Respublikası DİN-nin Ucar RPŞ-nin Yol-Patrul Xidmətinin inspektoru X1 iştirakları ilə, xx xxxxxx 1958-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Ucar Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 16 iyun 2024-cü il tarixdə, saat 22 radələrində bir baş iribuynuzlu heyvanı Ucar rayonunun Qazyan kəndi ərazisində asfalt örtüklü yolda nəzarətsiz qoymuş, nəticədə bir baş iribuynuzlu heyvan həmin yolda hərəkətdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülkiyyət hüququ əsasında məxsus olan (Şahid idarə etdiyi) “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşmuş, hadisə nəticəsində iribuynuzlu heyvan ölmüş, nəticədə zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Ucar Rayon Polis Şöbəsinin Yol-Patrul Xidmətinin inspektoru X2 tərəfindən 16 iyun 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 15 iyun 2024-cü il tarixdə təxminən saat 22:03 radələrində xəbəri olmadan tövləsinin qapısı açıq qalmış və bir baş iribuynuzlu heyvan çölə çıxmışdır. Nəticədə, Ucar rayonunun Qazyan kəndi ərazisindən keçən Ucar-Zərdab yolunun 05-ci kilometrliyində olan asfalt örtüklü yolda hərəkətdə olan “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin bir baş iribuynuzlu heyvanı vurmuşdur. Hadisə nəticəsində bir baş inək ölmüş, avtomobilə isə maddi ziyan dəymişdir. Törətdiyi əməldən peşmandır, əməlinin məsuliyyətini dərk edir, zərərçəkmiş şəxsin şikayətçi olmamasının və digər yüngülləşdirici halların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin Ucar RPŞ-nin Yol- Patrul Xidmətinin inspektoru X2 izahatında göstərdi ki, 15 iyun 2024-cü il tarixdə, saat 22 radələrində DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş, bir baş iribuynuzlu heyvanın “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Zərərçəkmiş şəxs tərəfindən vurulmasını müəyyən etmişdir. Sonuncu alkotesterden keçirilmiş, içkili olmadığı müəyyən edilmiş, hadisəni törətməkdə təqsirli bilinən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan protokolu tərtib etmişdir. Eyni zamanda, inzibati araşdırma nəticəsində müvafiq ölçü, sxem aktları tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, mülkiyyətində olan “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili Şahid baş etibarnamə ilə satmışdır. Hadisədən sonra, Şahid ona hadisə barədə məlumat vermişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayəti, maddi və mənəvi ziyan tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid izahatında bildirdi ki, 15 iyun 2024-cü il tarixdə, saat 22:03 radələrində etibarnamə olmadan ilə idarə etdiyi “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Ucar rayonunun Qazyan kəndi ərazisindən keçən asfalt örtüklü yolda bir baş iribuynuzlu heyvanı vurmuşdur. Hadisə vaxtı həmin heyvanı görə bilməmiş və buna görə də yol nəqliyyat hadisəsinin qarşısını ala bilməmiş, nəticədə iribuynuzlu heyvanı vurmuşdur. İş materiallarında olan AD seriyalı 005042 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də etibarnamənin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil 19 iyun 2024-cü il tarixdən 19 iyun 2025-ci il tarixədək Şahid etibarnaməli (sərəncam hüququ əsasında) idarəçiliyindədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ Kürdəmir “ASAN xidmət” mərkəzi tərəfindən 07 may 2020-ci il tarixdə verilmiş AH 000115 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şahid nəqliyyat vasitəsini idarə etmə hüququ mövcud olmuşdur. İş materiallarında olan 15 iyun 2024-cü il tarixdə, saat 23:02-də tərtib edilmiş 641005 nömrəli protokollaşdırmadan görünür ki, Şahid alkoqol sərxoşluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Ucar RPŞ-nin Yol-Patrul Xidmətinin inspektoru X2 tərəfindən qəbul olunmuş 16 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şahid Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İşdən, o cümlədən yol-nəqliyyat hadisəsinin sxeminin surətindən, işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid idarə etdiyi “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşınla 15 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddisübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasılı Qanunun 39-cu (mal-qara ötürənlərin vəzifələri) maddəsinə əsasən, mal-qara ötürənlər, mal-qaranı asfalt və sement beton örtüklü yollarla ötürməməlidirlər, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; nasaz velosipeddən istifadə etməyə; piyadaların hərəkətinə maneə yaradılmasına; keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.6-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə-yetmiş manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olması tam olaraq müəyyən edilmişdir. Belə ki, sonuncu bir baş iribuynuzlu heyvanı nəzarətsiz qoymuş, qanunvericiliyin tələbinə uyğun olaraq bir baş iribuynuzlu heyvanı asfalt və sement beton örtüklü yolla, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində ötürməməli olduğu halda ötürmüş, yol nəqliyyat hadisəsinin qarşısının alınması üçün isə heç bir tədbir görməmiş, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona görə də barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar əməlini səmimi etiraf edərək peşman olması, yaşı, inzibati xətanın xarakteri və ağırlıq dərəcəsi və zərərçəkmiş şəxsin şikayətçi olmamasıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar