Məhkəmə qərarları › İş №3(063)-233/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-233/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-233/2025 23.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1977-ci ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, 06 fevral 2025-ci il tarixdə, saat 00 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Ucar rayonu, Qazyan kəndində yaşayan Şəxs yaşadığı evin yanında saxlanıb yaşadığı ünvana baxış keçirilərkən evin otağında pəncərə rəfinin üzərində 1 ədəd kibrit qutusunda 3,94 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin sahə rəisi X1 izahatında göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi E.Tağıyevin 23 aprel 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikasının qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxladığına görə əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin təsiri altında düşdüyündən barəsində inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surətinin Ucar Rayon Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərara əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 23 aprel 2025-ci ildə qərar qəbul edilmişdir. 23 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin şəxsə hüquqları izah edilmiş, izahatı alınmışdır. O, izahatında yaşadığı ünvanda satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxladığını etiraf etmiş və peşimançılığını bildirmişdir. Buna görə də material baxılması üçün aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, həqiqətən 06 fevral 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilmiş, baxış zamanı əvvəllər tapdığı və istifadə etmək üçün saxladığı 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Baxış zamanı ona qarşı hər hansı qanunazidd hərəkətəyol verilməmişdir. Törətdiyi əmələ görə peşimançılığını bildirir. İşdə olan Ucar Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Elnur Tağıyev tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən əməlində cinayət tərkibi olmadığı üçün Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla, satış məqsədi olmadan üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan marixuana gəzdirdiyinə görə onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsinin təsiri altına düşdüyündən barəsində inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surətinin Ucar Rayon Polis Şöbəsinin İTB-nə göndərilməsi, Şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 3,94 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün sübut əhəmiyyətli olduğundan 20 fevral 2025-ci il tarixli qərarla maddi sübut hesab edilməsi, həmin qurudulmuş marixuanadan 0,02 qramının tədqiqata sərf edilməklə istifadə olunması nəzərə alınmaqla, qalıq qalan 3,92 qram qurudulmuş marixuananın 1 ədəd zərfdə qablaşdırılıb “Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat Obyekti №3” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli, 17/97 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Şəxs yaşadığı evdə ...1 ədəd kibrit qutusunda...qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisində 01 (bir) ədəd kibrit qutusundakı 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-3,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 23 aprel 2025-ci il tarixli, 654 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, qərarın surəti, ekspert rəyləri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növündə müəyyən müddətə inzibati qaydada həbs edilməsi məqsədəmüvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Odur ki, yuxarıda qeyd olunan rəy nəzərə alınmaqla Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Buna görə də, hesab edirəm ki, iş üzrə məsrəf-ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik dövlət hesabına ödənilməli, habelə Şəxs götürülmüş və Ucar Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut olan və tədqiqatdan sonra qalıq qalan 3,92 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana məhv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 may 2025-ci il, saat 13:00-dan hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik dövlət hesabına ödənilsin. İş üzrə maddi sübut olan, tədqiqatdan sonra qalıq qalan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 3,92 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar