Məhkəmə qərarları › İş №3(063)-246/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-246/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-246/2023 23.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Vİİ tağım Yol-Patrul Xidmətinin inspektoru X2 iştirakları ilə, xx xxxxxxx 1964-cü il tarixdə Ucar rayonunun Təzə Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonunun Təzə Şilyan kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Vİİ tağım Yol- Patrul Xidmətindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 10 sentyabr 2023-cü il tarixdə saat 19:40 radələrində Zərərçəkmiş şəxs1 məxsus bir baş inəyi Bakı-Qazax yolunun 214-cü kilometrliyində asfalt örtüklü yolda nəzarətsiz qoymuş, nəticədə inək həmin yolda hərəkətdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia Rio” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşmuş, hadisə nəticəsində inək ölmüş, nəticədə zərərçəkmiş şəxslərə maddi ziyan dəymişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Vİİ tağım Yol-Patrul Xidmətinin inspektoru X3 tərəfindən 30 sentyabr 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 10 sentyabr 2023-cü il tarixdə səhər tezdən Ucar rayonu, Təzə Şilyan kəndinin iribuynuzlu təxminən 200 baş mal-qarasını toplayaraq otarmaq üçün örüş yerinə aparmışdır. Həmin heyvanların içində Zərərçəkmiş şəxs1 da 3 baş iribuynuzlu heyvanları olmuşdur. Zərərçəkmiş şəxs1 qeyd edilən heyvanları X1 təhvil vermiş (həmin gün növbədə Xəyal Məmmədov olmuşdur) sonuncu isə pul müqabilində kəndin heyvanlarını (Zərərçəkmiş şəxs1 heyvanları daxil olmaqla) ona təhvil vermiş, o da öz növbəsində heyvanları təhvil alaraq örüş yerinə aparmışdır. Həmin gün axşam saat təxminən 18:30 radələrində malqaranı örüş yerindən qaytararkən Bakı-Qazax yolunun 214-cü kilometrliyindən kəndə tərəf istiqamətdə keçirmiş, özü isə yaşadığı ünvana getmişdir. Bundan sonra, təxminən saat 22:00 radələrində qonşusu Zərərçəkmiş şəxs1 ona zəng edərək bir baş inəyinin naxırdan gəlmədiyi barədə bildirmişdir. Daha sonra məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 inəyini Bakı-Qazax yolunun 214-cü kilometrliyində “Kia Rio” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Hadisə barədə əlavə olaraq qeyd etdi ki, həmin bir baş inək sürüdən ayrılaraq yolda tək qalmış, o isə buna fikir verməmişdir. Törətdiyi əməldən peşmandır, əməlinin məsuliyyətini dərk edir, zərərçəkmiş şəxslərdən birinin şikayətçi olmamasının və digər yüngülləşdirici halların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Vİİ tağım Yol-Patrul Xidmətinin inspektoru X3 izahatında göstərdi ki, 10 sentyabr 2023-cü il tarixdə, saat 19-40 radələrində DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş, bir baş inəyin “Kia Rio” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Zərərçəkmiş şəxs2 tərəfindən vurulmasını müəyyən etmişdir. Sonuncu alkotesterden keçirilmiş, içkili olmadığı müəyyən edilmiş, hadisəni törətməkdə təqsirli bilinən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan protokol tərtib etmişdir. Eyni zamanda, inzibati araşdırma nəticəsində müvafiq ölçü, sxem aktları tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, 10 sentyabr 2023-cü il tarixdə, saat 19:40 radələrində etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki şəhərindən Bakı şəhərinə gedən zaman Bakı-Qazax avtomobil yolunun 214-cü kilometrliyində yolun sağ zolağında saatda 80-90 km surətlə hərəkətdə olarkən (bu zaman dövlət qeydiyyat nişanını xatırlamadığı tünd göy rəngli Mercedes markalı avtomobil onun avtomobilini ötmə manevri edirdi) bir baş inək qəflətən soldan sağa qaçmaqla həmin Mercedes markalı avtomobilin qabaq sağ hissəsinə toqquşaraq idarə etdiyi avtomobilin qabağına çırpılmışdır. Hadisə vaxtı hava qaranlıqlı olduğundan həmin inəyi görə bilməmiş və buna görə də yol nəqliyyat hadisəsinin qarşısını ala bilməmiş, nəticədə inəyi vurmuşdur. Hadisədən sonra DİN-in 102 xidmətinə müraciət etmiş, bundan sonra hadisə yerinə yol polisi əməkdaşı gəlmiş və müvafiq hərəkətlər həyata keçirmişdir. Hadisədən bir müddət sonra, inəyin sahibini axtarmağa çalışsa da, tapa bilməmiş, daha sonra inəyin sahibinin Zərərçəkmiş şəxs1 olması müəyyən edilmişdir. Odur ki, baş vermiş hadisə nəticəsində onun idarə etdiyi avtomobilə maddi ziyan dəymiş, bu hal iş materiallarında olan qüsur aktı ilə də öz təsdiqini tapır və buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olmaqla sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, 10 sentyabr 2023-cü il tarixdə, saat 07:00 radələrində 3 baş iri buynuzlu inəyini otarmaq üçün naxırçı X1 təhvil verib evə qayıtmışdır. Həmin gün axşam saat 19:00 radələrində inəklərindən ikisinin gəldiyini, digər inəyinin isə gəlmədiyini görmüşdür. Bununla bağlı Xəyal Məmmədova bildirdikdə həmin gün heyvanları naxıra aparanın Şəxs olduğunu öyrənmişdir. O, Şəxs ilə əlaqə saxlayaraq ona məxsus inəyinin birinin gəlmədiyini, nə qədər axtarsa da, tapa bilmədiyini demişdir. Bundan sonra, saat təxminən 22:00 radələrində Bakı-Qazax avtomobil yolunun 214-cü kilometrliyində bir baş iribuynuzlu inəyi maşının vurması xəbərini eşitmişdir. Vurulan inəyin ona məxsus olduğunu öyrənən zaman bu barədə naxırçılar X1 və Şəxs bildirmişdir. Şəxs bunu bildikdən sonra ona dəymiş zərəri ödəyəcəyi barədə söz vermişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayəti, maddi və mənəvi ziyan tələbi yoxdur. İş materiallarında olan 07 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, “Kia Rio” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər cəmi 5226 (beş min iki yüz iyirmi altı) manat təşkil edir. İşdən, o cümlədən yol-nəqliyyat hadisəsinin sxeminin surətindən, işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia Rio” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomaşınla 10 sentyabr 2023-cü il tarixdə, saat 19:40 radələrində Bakı-Qazax yolunun 214-cü kilometrliyində yol nəqliyyat hadisəsi törətmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddisübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasılı Qanunun 39-cu (mal-qara ötürənlərin vəzifələri) maddəsinə əsasən, mal-qara ötürənlər, mal-qaranı asfalt və sement beton örtüklü yollarla ötürməməlidirlər, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; nasaz velosipeddən istifadə etməyə; piyadaların hərəkətinə maneə yaradılmasına; keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.6-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə-yetmiş manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olması tam olaraq müəyyən edilmişdir. Belə ki, sonuncu bir baş inəyi nəzarətsiz qoymuş, qanunvericiliyin tələbinə uyğun olaraq bir baş iribuynuzlu malı asfalt və sement beton örtüklü yolla, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində ötürməməli olduğu halda ötürmüş, yol nəqliyyat hadisəsinin qarşısının alınması üçün isə heç bir tədbir görməmiş, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona görə də barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar əməlini səmimi etiraf edərək peşman olması, yaşı, inzibati xətanın xarakteri və ağırlıq dərəcəsi və zərərçəkmiş şəxslərdən birinin şikayətçi olmamasıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar