Məhkəmə qərarları › İş №3(063)-250/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-250/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-250/2023 31.10.2023 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-təhsilli, “X5” MMC-də fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ucar şəhəri, Pambıq zavod yaşayış binasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 iyun 2023-cü il tarixdə, saat 11:00 radələrində Ucar şəhəri, “Saatın dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs döymüş və nəticədə sonuncunun bədənində sağ körpücüküstü nahiyənin, boyunun sağ səthinin aşağı 1/3-nin sıyrıqları, döş qəfəsinin sol yan səthinin qançırı, küt alətin təsirindən törənməklə, törənmə müddəti 24 iyun 2023-cü il tarixə uyğun gəlməklə, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətə aid edilir. Bu barədə Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 31 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, icraatına Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi məqsədilə RPŞ-nin təhqiqat qrupundan cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar daxil olmuşdur. Qeyd edilən şəxs barəsində inzibati araşdırmaya başlanmış, daha sonra, Şəxs məsuliyyətdən yayınmaq məqsədilə polisin çağırışlarına gəlməmiş və beləliklə, 17 avqust 2023-cü il tarixdə iş üzrə icraat dayandırılmışdır. 31 oktyabr 2023-cü il tarixdə olduğu yer aşkar edilərək həmin tarixli qərarla iş üzrə icraat təzələnərək Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmiş və Ucar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun yaşadığı Ucar şəhəri, Pambıq zavod yaşayış binasının yaxınlığında taksi fəaliyyəti ilə məşğuldur. Təxminən 2023-cü ilin aprel ayında Azadın avtomobili ilə qonaq getmişdir. Beləliklə, taksi xidmətinin göstərilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs 20 (iyirmi) manat borcu qalmışdır. Maddi cəhətdən imkanı olmadığı üçün pulu verə bilməmişdir. 24 iyun 2023-cü il tarixdə, saat 11:00 radələrində Ucar şəhəri, “Saatın dairəsi” adlanan yerdə olduğu zaman Zərərçəkmiş şəxs onu yanına çağırmış (Zərərçəkmiş şəxs həmin vaxt avtomobilində əyləşmiş, bir ayağı çöldə bir ayağı avtomobilin içərisində olmuşdur), ondan borclu olduğu 20 manat pulu tələb etmişdir. O isə cavabında “pulum yoxdur, imkanım olan kimi verəcəm” demişdir. Zərərçəkmiş şəxs öz növbəsində ona qarşı təhqiramiz ifadələr işlətmiş, bundan hiddətlənərək avtomobildə əyləşmiş Azadın boğazından tutaraq sonuncuya fiziki ağrı yetirmişdir. Bu zaman, Azad da öz növbəsində ona təpik zərbəsi endirməklə əli ilə boğazından tutaraq fiziki ağrı yetirmişdir (Azad bu hərəkətləri öz avtomobilində oturaqlı vəziyyətdə etmişdir). Bir müddət sonra onlar aralaşmış və hər ikisi DİN-in 102 xidmətinə müraciət edərək hadisə barədə məlumat vermişlər. Daha sonra, o, sağlamlığına vurulan xəsarətlə bağlı ekspertizadan keçmiş və müvafiq ekspert rəyi əldə etmişdir. Onu da qeyd etdi ki, təhqiqatçı tərəfindən aparılan araşdırma zamanı verdiyi ifadə təhrif edilmişdir. Odur ki, əməlindən peşmandır, atası ilə birgə yaşasa da, qardaşının azyaşlı uşaqlarına o da qulluq edir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs ona dəfələrlə taksi xidməti ilə bağlı müraciət etmişdir. Hər dəfə pulunu versə də, axırıncı dəfə 20 (iyirmi) manat borclu qalmışdır. 24 iyun 2023-cü il tarixdə, saat 11:00 radələrində Ucar şəhəri, “Saatın dairəsi” adlanan yerdə olduğu zaman Orxanı görmüş, ondan pulunu tələb etdikdə (bu zaman özünə məxsus avtomobildə oturmuşdur) sonuncu “pulum var, amma verməyəcəm” deyərək bildirmişdir. O, bundan hiddətlənmiş, aralarında narazılıq yaranmışdır. Orxan onun boğazından tutaraq boğmağa çalışmış, o isə avtomobildə oturaqlı vəziyyətdə olduğundan özünümüdafiə xarakterli hərəkətlər (o da öz növbəsində Orxanın əlini itələyərək onun boğazından tutmuşdur) etmişdir. Bir müddət sonra onlar aralaşmış və hər ikisi DİN-in 102 xidmətinə müraciət edərək hadisə barədə məlumat vermişlər. Daha sonra, o, sağlamlığına vurulan xəsarətlə bağlı ekspertizadan keçmiş və müvafiq ekspert rəyi əldə etmişdir. Onu da qeyd etdi ki, təhqiqatçı tərəfindən aparılan araşdırma zamanı verdiyi ifadə təhrif edilmişdir. Odur ki, əməlindən peşmandır, atası ilə birgə yaşasa da, qardaşının azyaşlı uşaqlarına o da qulluq edir. Qeyd etdiklərinin nəzərə alınaraq Şəxs şikayətçi olmaqla barəsində sərt inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi (bu barədə yazılı ərizə də təqdim etmişdir). Ucar RPŞ-nin TQ-nun təhqiqatçısı Nahid İbrahimov tərəfindən qəbul edilmiş 15 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün bu qərar RPŞ-nin İTB-yə göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 27 iyun 2023-cü il tarixli, 264 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ körpücüküstü nahiyənin, boyunun sağ səthinin aşağı 1/3-nin sıyrıqları, döş qəfəsinin sol yan səthinin qançırı, küt alətin təsirindən törənməklə, törənmə müddəti 24 iyun 2023-cü il tarixə uyğun gəlməklə, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətə aid edilir. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 31 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İşdə olan Ucar RPŞ tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Şəxs inzibati araşdırma dövründə qaçıb gizləndiyindən iş üzrə icraat dayandırılmışdır. İşdə olan Ucar RPŞ tərəfindən qəbul edilmiş 31 oktyabr 2023-cü il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Şəxs olduğu yer müəyyən edilərək saxlanmış və bu səbəbdən icraat təzələnmişdir. İşdə olan Ucar RPŞ tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, MN ******* saylı tənbeh vermə haqqından qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 24 iyun 2023-cü il tarixdə, saat 11:00 radələrində Ucar şəhəri, “Saatın dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs döymüş və nəticədə sonuncunun bədənində sağ körpücüküstü nahiyənin, boyunun sağ səthinin aşağı 1/3nin sıyrıqları, döş qəfəsinin sol yan səthinin qançırı, küt alətin təsirindən törənməklə, törənmə müddəti 24 iyun 2023-cü il tarixə uyğun gəlməklə, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətə aid edilir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, iş materialları nəzərdən keçirilərkən müyyən edildi ki, Şəxs barəsində aparılan inzibati araşdırma 17 avqust 2023-cü il tarixdə dayandırılmış, 31 oktyabr 2023-cü il tarixdə isə təzələnmişdir. Məhkəmə bu hala hüquqi qiymət verərək hesab edir ki, qeyd edilən vaxt ərzində inzibati araşdırma müddəti dayandığından qanunvericilikdə imperativ norma olaraq göstərilən üç aylıq müddət (İXM-nin 38.3-cü maddəsində qeyd edilən müddət) ötürülməmişdir. Bu hal isə şəxs barəsində inzibati araşdırmanın davam etdirilməsini istisna etmir. Məhkəmə eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ucar RPŞ-nin 23 oktyabr 2023-cü il tarixli, MN ******* saylı tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsini ağırlaşdırıcı hal kimi qəbul etmir. Belə ki, qanunvericilik bu halı da aydın müəyyən etməklə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi halına aid etmişdir (İXM-nin 33.12-ci maddəsi). Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından bəlli oldu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsi, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsi, faydalı əmək fəaliyyəti ilə məşğul olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar