Məhkəmə qərarları › İş №3(063)-252/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-252/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-252/2023 02.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan, həmin protokola ******* saylı əlavədən və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Ucar Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(063)-833/2021 saylı icra vərəqəsinə əsasən 3530 manat borcunu Zərərçəkmiş şəxs1, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2(004)-1753/2022 saylı icra vərəqəsinə əsasən 1475 manat aliment borcunu X2, Ucar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(063)-811/2022 saylı icra vərəqəsinə əsasən 475,80 manat borcunu "xxxx" MMC-yə, ödəməkdən yayınır. Bu barədə Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən 02 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(063)-833/2021 saylı, 23 avqust 2022-ci il tarixli, 2(063)-811/2022 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2(004)-1753/2022 saylı icra sənədləri rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarlarla icraata başlanılmış, borcluya icra sənədləri üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədləri üzrsüz səbəbdən tam olaraq icra edilməmişdir. Bundan başqa, qeyd edilən icra sənədləri 07 oktyabr 2022-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Belə ki, Ucar Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(063)-833/2021 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ümumilikdə 3530 manat ödənişi etdiyindən, hazırkı vaxta sözügedən icra sənədi üzrə Şəxs sonuncuya heç bir borcu qalmamışdır (02 noyabr 2023-cü il tarixli məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin bunu təsdiq edən ərizəsi əsasında məlum olmuşdur). Bundan başqa, borclu Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2(004)-1753/2022 saylı icra sənədi üzrə olan 1475 manat aliment borcundan 02 noyabr 2023-cü il tarixdə tələbkar X1 xeyrinə 300 manat aliment ödənişi etmişdir. Həmçinin, borclu Şəxs Ucar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(063)-811/2022 saylı icra sənədi üzrə olan 475,80 manat borcunundan sonuncu dəfə, yəni 06 dekabr 2022-ci il tarixdə 45 manat, 12 dekabr 2022-ci il tarixdə tələbkar "xxxx" MMC-nin xeyrinə 20 manat, cəmi 65 manat ödəniş etmişdir. Qeyd edilən ödənişlər barəsində inzibati xəta haqqında protokol verilməmişdən əvvəl tərəflərindən müəyyən edilmədiyindən hazırkı protokolla məhkəməyə müraciət etmişdir. Lakin, qeyd edilən hallar müəyyən edilməmişdən əvvəl borclu Şəxs şöbəyə dəvət olunaraq tələbkarlara olan qalıq borcu qısa müddət ərzində ödəməsi barədə ona xəbərdarlıq olunmuş, əks təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı ona bildirilmişdir. Odur ki, icra sənədləri üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə (işin məhkəmə iclası zamanı müəyyən edilən hallar sonradan aşkar olunduğuna görə) barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Beləliklə, qeyd edilən inzibati xəta haqqında iş məhkəmənin icraatında olarkən borclunun bir icra sənədi üzrə borcunu tam şəkildə ödəmiş, həmçinin də, digər icra sənədləri üzrə müəyyən ödənişlər etmişdir. Lakin qey edilən hallara baxmayaraq, hesab edir ki, borclu formal olaraq ödənişlər edir, əsl məqsədi icra hərəkətlərindən yayınmaqdır. Ona görə də Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ayda 250-300 manat məbləğində qazanc əldə edir. Ucar Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(063)-833/2021 saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs1 3530 manat, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2(004)-1753/2022 saylı icra sənədi üzrə X2 1475 manat aliment, Ucar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(063)-811/2022 saylı icra sənədi üzrə "xxxx" MMC-yə 475,80 manat borcu olmuşdur. Belə ki, o, Ucar Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(063)-833/2021 saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs1 olan 3530 manat borcunu müxtəlif tarixlərdə, sonuncu dəfə isə təxminən 4 ay bundan əvvəl ödəniş etməklə tam şəkildə ödəmişdir. Buna görə də, hazırda onun həmin icra sənədi üzrə Zərərçəkmiş şəxs1 heç bir borcu qalmamışdır. Bununla yanaşı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2(004)- 1753/2022 saylı icra sənədi üzrə də zərərçəkmiş şəxs Məmmədova (Rəhimova) Sevda Elman qızına olan 1475 manat aliment borcundan 02 noyabr 2023-cü il tarixdə 300 manat məbləğində, Ucar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(063)-811/2022 saylı icra sənədi üzrə isə "xxxx" MMC-yə olan 475,80 manat borcundan yəni 06 dekabr 2022-ci il tarixdə 45 manat, 12 dekabr 2022-ci il tarixdə tələbkar "xxxx" MMC-nin xeyrinə 20 manat, cəmi 65 manat ödəniş etmişdir. Yaranmış borcunu ödəməmə səbəbi isə işləməməklə, maddi imkanının olmamasıdır. Buna baxmayaraq o, borclu qaldığı 2 icra sənədi, yəni Yasamal Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2(004)-1753/2022 saylı icra sənədi üzrə 1175 manatı və Ucar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(063)-811/2022 saylı icra sənədi üzrə isə 410,80 manat borcunu tələbkarlara bu ilin sonunadək (2023-cü ilin) ödəyəcəyini bildirdi. Ona görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, "xxxx" MMC-yə və Məmmədova (Rəhimova) Sevda Elman qızına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər., İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərin, o cümlədən nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Bundan əlavə, Zərərçəkmiş şəxs1 məhkəməyə 02 noyabr 2023-cü il tarixdə ərizə ünvanlayaraq, borclu Şəxs ona olan 4000 manat borcunu tam ödədiyini və bu səbəbdən də, borclu Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının və bu halın nəzərə alınmasını xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, Ucar Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(063)-833/2021 saylı, 23 avqust 2022-ci il tarixli, 2(063)-811/2022 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2(004)-1753/2022 saylı icra sənədləri icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Qeyd edilən icra sənədləri 07 oktyabr 2022-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İşdə olan 31 mart 2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs1 xeyrinə həmin tarixdə 200 manat ödəniş etmişdir. İşdə olan 06 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs "xxxx" MMC-nin xeyrinə 06 dekabr 2022-ci il tarixdə 45 manat, 12 dekabr 2022-ci il tarixdə tələbkar "xxxx" MMC-nin xeyrinə 20 manat, cəmi 65 manat ödəniş etmişdir. İşdə olan 02 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs Məmmədova (Rəhimova) Sevda Elman qızın xeyrinə həmin tarixdə 300 manat ödəniş etmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 3(063)-274/2022 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Beləliklə, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda borclunun bir icra sənədi üzrə borcunu tam ödəməsini, digər icra sənədləri üzrə isə müəyyən məbləğdə ödənişlər etməsini, eyni zamanda, tələbkarlara olan borcunu qısa müddət ərzində, yəni 2023-cü ilin sonunadək ödəyəcəyini öhdəsinə götürməsini sonuncunun əməlində qəsdin (qərəzin) xarakterinin formalaşmaması kimi qiymət verir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. Beləliklə, yuxarıda göstərilənlər hazırkı vəziyyət icra sənədlərinin Şəxs tərəfindən həqiqətən də qəsdən və qərəzli icra edilməməsinə əsas olan fikirləri və ehtimalları aradan qaldırır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini rəhbər tutaraq araşdırma apararkən müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 3(063)-274/2022 saylı qərarı ilə inzibati məsuliyyətə cəlb olunsa da, sözügedən qərar qanuni qüvvəsini aldığı vaxtdan 1 ildən artıq vaxt ötmüşdür. Bundan əlavə onu da qeyd etmək zəruridir ki, Konstitusiya Məhkəməsinin verdiyi şərhin məzmunundan da aydın olur ki, icra məmuru şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərkən qanunvericilikdən irəli gələn tələblərə və qeyd edilən qərarın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarının) məzmununa diqqət yetirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlmək olar ki, icra sənədlərinin icra edilməməsi, borclunun icradan boyun qaçırması, icra vərəqələrinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldım:

1. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar