Məhkəmə qərarları › İş №3(063)-254/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-254/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-254/2023 08.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, X1, Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X10 05 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati tənbeh vermə haqqında qərarda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X6 22 sentyabr 2023-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində yerləşən özünə məxsus pay torpaq sahəsində yanğın törədərək köküstə ölçüsü 8,12,16 sm olan 3 (üç) ədəd söyüdcinsli ağacları məhv etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X15 tərəfindən qəbul edilmiş 05 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X6 şikayət ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi X6 tərəfindən onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X15 tərəfindən 05 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, inzibati xəta haqqında protokoldan və bununla bağlı qəbul edilmiş qərardan görünür ki, 22 sentyabr 2023-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində yerləşən özünə məxsus pay torpaq sahəsində yanğın törədərək köküstə ölçüsü 8,12,16 sm olan 3 (üç) ədəd söyüdcinsli ağacları məhv etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərarı 24 oktyabr 2023-cü il tarixdə qəbul etmişdir. Baş vermiş hadisə barəsində tərtib edilən protokol və onun əsasında qəbul edilən qərar qanunverciliyin norma və prinsiplərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, o, yandırdığı ağaclar öz mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşməklə, özü tərəfində əkilmiş və bu səbəbdən qeyd olunanların nəzərə alınmasını, habelə barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətin məzmununa uyğun eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, o, öz pay torpağı sahəsində təmizlik işləri aparacağı ilə əlaqədar hər hansı bir orqana məlumat verməmiş, bunun səbəbi kimi hesab etmişdir ki, həmin kol-koslar və məhv olan ağaclar onun torpağının hüdudları daxilindədir və özü tərəfindən əkilmişdir. Daha sonra, baş vermiş hadisə ilə əlaqədar oraya gələn Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları ondan izahat alarkən heç bir qeyri qanuni və qeyri etik hərəkətlərə yol verməmişlər. Lakin, həmin əməkdaşlar ona “etdiyin əməl o qədər də ağır deyil, 3 (üç) ağaca görə cəmi 300-400 manat civarında pul ödəyəcəksən” deyə bildirdiklərindən pozuntuya görə hansı məbləğdə cərimə olunacağını bilməmişdir. Odur ki, şikayətin təmin edilməsini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X11 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, X6 22 sentyabr 2023-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində yerləşən özünə məxsus pay torpaq sahəsində yanğın törədərək köküstə ölçüsü 8,12,16 sm olan 3 (üç) ədəd söyüdcinsli ağacları məhv etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Elşad Əlabbasovun sözügedən əməli araşdırılmış, inzibati araşdırma ilə əlaqədar həmin şəxsə məlumat verilmiş, lakin araşdırma aparılan orqana gəlmədiyindən barəsində müvafiq qərar qəbul edilmişdir. Baş vermiş inzibati xəta hadisəsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmiş, eyni zamanda, vəsatəti əsasında əlavə sənədlər də təqdim edilmişdir. Beləliklə, hesab edir ki, aparaılan araşdırma qanuni olmuş və qəbul edilən qərar törədilən əmələ düzgün hüquqi qiymətin verilməsini özündə əks etdirmişdir. Bundan başqa, onu da qeyd etdi ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi xüsusatlardan biri də məhv edilmiş ağacların mülkiyyətində olduğundan qəbul edilən qərarın qanunsuzluğu olmuşdur ki, bu hal da qanunvericilikdə birmənalı olaraq qeyd edilmişdir. Odur ki, sözügedən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətçinin, qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhətçisi X12 tərəfindən tərtib edilmiş, 22 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, X6 22 sentyabr 2023-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində yerləşən özünə məxsus pay torpaq sahəsində yanğın törədərək köküstə ölçüsü 8,12,16 sm olan 3 (üç) ədəd söyüdcinsli ağacları məhv etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X15 tərəfindən 05 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 zərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X15 tərəfindən şikayətçiyə ünvanlanmış 05 oktyabr 2023-cü il tarixli təbiətə dəymiş ziyana görə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarının 01 nomrəli əlavəsi əsasında hazırlanmış cədvələ uyğun olaraq) iddia haqqında xəbərdarlıq məktubunun təsdiq edilmiş surətindən görünür ki, X6 22 sentyabr 2023-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində yerləşən özünə məxsus pay torpaq sahəsində yanğın törədərək köküstə ölçüsü 8,12,16 sm olan 3 (üç) ədəd söyüdcinsli ağacları məhv etməklə təbiətə 370 manat məbləğində ziyan vurmuşdur. İşdə olan X2 özü tərəfindən yazılmaqla imzalanmış 22 sentyabr 2023-cü il tarixli izahatın təsdiq edilmiş surətindən görünür ki, sonuncu məhv etdiyi ağacları həmin ərazini təmizləmək məqsədilə etdiyini, eyni zamanda, təqsirini anladığını və bir daha bu cür səhvlərə yol verməyəcəyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli, ********** saylı çıxarışın surətindən görünür ki, Ucar rayonu, Bərgüşad kəndində yerləşən 0,9941 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla X2 xüsusi mülkiyyətindədir. İşdə olan Ucar rayon Bərgüşad Bələdiyyəsinin sədri tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli, 33 saylı məlumatın təsdiq edilmiş surətindən görünür ki, yanğın hadisəsi törədilən ərazidə yerləşən ağaclar (məhv olmuş ağaclar) X2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. İşdə olan Bərdə regional X7 Ucar Meşəbəyliyinin meşəbəyisi X3 tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli rəyin təsdiq edilmiş surətindən görünür ki, sonuncu tərəfindən yanğın hadisəsi baş vermiş əraziyə baxış keçirilmiş, baxış nəticəsində X2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində ütülmüş və məhv edilmiş, eyni zamanda budağı kəsilmiş iydə ağacının olduğunu müşahidə etmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş 22 sentyabr 2023-cü il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, X6 22 sentyabr 2023-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində yerləşən özünə məxsus pay torpaq sahəsində yanğın törədərək köküstə ölçüsü 8,12,16 sm olan 3 (üç) ədəd söyüdcinsli ağacları məhv etmiş, eyni zamanda, bir ədəd iydə ağacının budağını kəsmişdir (bu halı təsdiq edən fotoşəkillərin də surətləri iş materiallarına əlavə edilmişdir). İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən X4 ünvanlanmış 22 sentyabr 2023-cü il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, sonuncu inzibati araşdırmanın vaxtı və yeri barədə (bu hal iş materiallarına əlavə edilmiş poçt izlənməsini təsdiq edən sənədlə, eyni zamanda, şikayətçinin məhkəmə araşdırması zamanı verdiyi etirafedici izahatı ilə də təsdiq edilir) məlumatlandırılsa da, sözügedən araşdırmanın aparılmasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin İV və V hissələrinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci (texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda) və 13.1.6-cı (ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda) maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarı ilə təsdiq olunmuş “Yaşıllıqların götürülməsi qaydası”nın 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. Bu Qaydanın 2-ci bəndinin İ, İİ, İİİ və İV hissələrinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X6 22 sentyabr 2023-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində yerləşən özünə məxsus pay torpaq sahəsində yanğın törədərək köküstə ölçüsü 8,12,16 sm olan 3 (üç) ədəd söyüdcinsli ağacları məhv etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X15 tərəfindən 05 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iş materiallarından da göründüyü kimi şikayətçi Elşad Əlabbasov tərəfindən törədilən yanğın nəticəsində Ucar rayonu, Bərgüşad kəndində yerləşən özünə məxsus pay torpaq sahəsində köküstə ölçüsü 8,12,16 sm olan 3 (üç) ədəd söyüdcinsli ağaclar məhv olmuşdur. Qeyd edilən hal məhkəmə araşdırması zamanı əldə edilmiş Bərdə regional X7 Ucar Meşəbəyliyinin meşəbəyisi X3 tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli rəyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş 22 sentyabr 2023-cü il tarixli aktı ilə də öz təsdiqini tapır. Bundan başqa, şikayət vermiş şəxs X6 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X13 ünvanlanmış 22 sentyabr 2023-cü il tarixli izahatından da məlum olur ki, şəxs öz əməlinin inzibati xəta xarakterli olmasını dərk etmiş, əməlini səmimi etriaf etməklə bir daha bu cür səhvlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə şikayət vermiş şəxsin məhv edilən ağacların özünə məxsus torpaq sahəsinin hüdudları daxilində olmasına münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik belə hallarda baş vermiş inzibati xəta hadisələrinə münasibətdə birmənalı və konkret olaraq qeyd etmişdir ki, yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. İş materiallarının araşdırılması zamanı isə bu qaydalara əməl edilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə bu qənaətdədir ki, şikayətçi Elşad Əlabbasovun şikayətində göstərdikləri xüsusatlar özünümüdafiə xarakteri daşımaqla, yanaşı gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, şikayətçinin mübahisəli qərarın sübutlar əsasında qəbul edilməməsi ilə bağlı gətirdiyi arqumentlər onun şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Deməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən inzibati araşdırma aparılmaqla, X2 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə inzibati cərimə edilməsi barədə 05 oktyabr 2023-cü il tarixli qərarı qəbul edərkən inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X10 05 oktyabr 2023-cü tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X10 05 oktyabr 2023-cü tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar