Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-255/2023 16.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 iştirakları ilə, xx xxxxxx 1960-cı il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Ucar Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı icra vərəqəsinə əsasən cəmi 3050 manat borcunu X1 ödəməkdən yayınır. Bu barədə Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən 16 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq (tələbin könüllü icrası barədə bildirişi 31 oktyabr 2022-ci il tarixdə almış), yuxarıda qeyd olunan icra sənədi ümumiyyətlə, üzrsüz səbəbdən icra edilməmiş, habelə borclu borcunu ödəməkdən qəsdən və qərəzli şəkildə yayınmışdır. Hazırkı vaxta sözügedən icra sənədi üzrə Şəxsnin cəmi 3050 manat məbləğində borcu vardır və hazırda sonuncu həmin borcu ödəməkdən imtina edir. Eyni zamanda, borclu Şəxsnin olduğu yeri müəyyən etmək mümkün olmadığından, birinci dəfə 05 sentyabr 2022-ci il tarixdə onun barəsində axtarış işinin açılması üçün Ucar RPŞ-yə müraciət edilmiş, həmçinin borclu 31 oktyabr 2022-ci il tarixdə saxlanılaraq, Ucar RPŞ-yə təhvil verilmiş, elə həmin tarixdə onun izahatı alınmış, bu zaman Şəxs uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamadığını, müəlicə olunduğu üçün Bakı şəhərində yaşadığını bildirmişdir. Bu səbəbdən də, barəsində olan məhkəmə qərarının və icra vərəqəsinin olması barədə məlumatı olmamış, həmçinin icraata başlamaq haqqında qərarı və könüllü icra barədə bildirişi almadığını bildirərərk iş üzrə iddia tələbi ilə razı olmadığından apelyasiya şikayəti verəcəyini bildirmişdir. Qeyd edilənləri və borclu tərəfindən tələbin könüllü icrası barədə bildirişi almamasına görə həmin tarixdə müvafiq bildiriş rəsmi qaydada borcluya təqdim olunmuş və könüllü icra etməsi üçün müddət verilmişdir. Bundan sonra, borclu tərəfindən 04 noyabr 2022-ci il tarixdə Ucar Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı qərarından apelyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması barədə ərizə verilsə də, həmin məhkəmənin 05 dekabr 2022-ci il tarixli qərardadına əsasən ərizə və şikayət təmin edilməmişdir. Lakin, borclu sonralar da çağırışlara gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul edilərək Ucar RPŞ-yə göndərilmişdir. Sonradan tələbkar 02 may 2023-cü il tarixdə ərizə ilə müraciət edərək borcun ödənilməsi ilə bağlı borcluya möhlət verdiyi üçün icra sənədinin icrasını 02 iyul 2023-cü il tarixədək dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən də, Ucar Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı icra vərəqəsi üzrə icraatın dayandırılması barədə 06 may 2023-cü il tarixli qərar qəbul olunmuş və borclunun barəsində olan axtarış işinin icrası dayandırılmışdır. Daha sonra isə sözügedən icra sənədi üzrə icraat 28 iyul 2023-cü il tarixdə təzələnmiş və borclunun yerini müəyyən etmək mümkün olmadığından barəsində 30 avqust 2023-cü il tarixdə axtarış haqqında qərar qəbul edilərək, icra olunması üçün Ucar RPŞ-yə göndərilmişdir. Qərarın icrası ilə bağlı borclu Şəxs barəsində Ucar RPŞ-də 20 oktyabr 2023-cü il tarixli, 750278 saylı axtarış işi açılmış, habelə borclu 16 noyabr 2023-cü il tarixdə saxlanılaraq, rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Beləliklə, borclu hazırkı vaxta kimi borcundan hər hansı bir məbləğdə ödəniş etməmiş, habelə bu günə belə bir niyyətinin olması müəyyən edilməmişdir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı icra vərəqəsi üzrə X1 3050 manat borcu olmuş, lakin həmin pulu aldığı vaxtdan təxminən 15-20 gün sonra sözügedən məbləği Qafar adlı şəxsin vasitəsilə tam şəkildə ödəmişdir. Bu halı təsdiq edən mötəbər sübutu isə mövcud olmadığından məhkəməyə təqdim edə bilmir. Hazırda həmin şəxs ona ödənilən məbləği boynuna almır. Buna baxmayaraq, bundan sonra, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi icra edəcəyinə, yəni, borcunu ödəyəcəyinə söz verir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, şəkər xəstəsi olmasının, yaşının, bundan sonra borcunu ödəyəcəyinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxs Bəhruz Məmmədovun iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı icra sənədi icra olunması üçün aidiyyəti üzrə Ucar rayon icra və probasiya şöbəsinə göndərilmiş, həmin icra sənədi icraata qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 05 sentyabr 2022-ci il, 09 yanvar 2023-cü il və 30 avqust 2023-cü il tarixlərdə borclu barədə axtarış qərarları qəbul edilmişdir. Bundan sonra, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq icra tədbirləri həyata keçirilmiş və nəticədə borclu Ucar RPŞ tərəfindən Ucar rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, yaşı, üzərinə düşən öhdəliyi tez bir zamanda icra edəcəyi ilə bağlı vədini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, təqsirinin dərəcəsini, yəni ilk dəfə bu qəbildən olan inzibati xəta törətməsini, yaşı, üzərinə düşən öhdəliyi tez bir zamanda icra edəcəyi ilə bağlı vədini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd edilən yüngülləşdirən halların mövcud olmasını nəzərə alaraq, onun İXM-nin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-255/2023
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-255/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver