Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-258/2023 17.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Lək kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X4 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(063)-668/2019 saylı icra sənədi 29 yanvar 2020-ci il tarixdə Ucar rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, tələbin könüllü icrası üçün borcluya könüllü müddət təyin edilmiş, bu barədə müvafiq bildirişə də imza etmiş, lakin sonuncu üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Borclu dəfələrlə tərəflərindən şöbəyə rəsmi qaydada çağırılsa da, müvafiq xəbərdarlıqlar edilsə də, sonuncu çağırışlara məhəl qoymamış, nəticədə barəsində zəruri icra hərəkətləri olaraq axtarış qərarı qəbul edilmişdir. Eyni zamanda, borclu sözügedən icra sənədi üzrə 17 noyabr 2023-cü il tarixədək heç bir ödəniş etməmişdir. Hazırkı vaxta borclunun 5635,23 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, bu barədə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən 17 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya icra məmuru X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs qeyd edilən icra sənədinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədinin icrasından yayınır. Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(063)-668/2019 saylı icra sənədini hazırkı vaxtadək icra etməmişdir, yalnız bu gün, yəni 17 noyabr 2023-cü il tarixdə 200 manat ödəniş etmişdir. Sözügedən icra sənədi üzrə borclunun hazırkı vaxta olan borcu 5435,23 manat təşkil edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, özü fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla aylıq 300 manat gəlir əldə edir. Mövcud icra sənədindən məlumatı vardır. Lakin qeyd edilən məbləğ faktiki olaraq onun tərəfindən deyil, qardaşı tərəfindən götürülmüşdür. Qardaşı ona dəfələrlə “sən narahat olma ödənişi etmişəm” deyərək aldatmış və nəticədə borc ödənilməmiş qalmışdır. Sözügedən icra sənədi ilə bağlı onu da qeyd etdi ki, məsuliyyətini dərk edir, ödənişi etməyin onun vəzifəsi olduğunu anlayır (baxmayaraq ki, pulu faktiki olaraq qardaşı götürmüşdür, məhz məhkəmə qərarının uzun müddət ərzində icra edilməmə səbəbi də məhz bu olmuşdur), ona görə də bu gün, yəni 17 noyabr 2023-cü il tarixdə 200 manat ödəniş etmişdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 bildirdi ki, borclu Şəxs ilə hələ 2019-2022-ci illərə qədər dəfələrlə əlaqə saxlanılmış, sonuncuya borcun hissə-hissə ödənilməsi barədə təkliflər edilmişdir. Lakin borclu qeyd edilən təkliflərə məhəl qoymamış və öz biganə, etinasız hərəkətləri ilə qanuni qüvvəsini almış məhkəmə aktının icrasından yayınmışdır. Odur ki, sözügedən icra sənədi üzrə tam ödənişi tələb etməklə borclu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir (bununla bağlı məhkəməyə ərizə ünvanlanmışdır). İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(063)-668/2019 saylı icra sənədinə əsasən cavabdeh Şəxs əsas borca görə 5605,23 manat, cəriməyə görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 5835,23 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmış, həmçinin SMSlər, çağırışlar göndərilmiş, icra hərəkətlərinin icrasından yayındığına və faktiki olaraq şöbənin çağırışlarına məhəl qoymadığına görə müvafiq axtarış qərarı qəbul olunmuşdur. Qeyd edilən icra sənədinin icrasının təmini məqsədilə müvafiq sorğular da verilmiş, lakin sonuncunun adına hər-hansı bank hesabı və ya əmlak aşkar edilməmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, X1 08 yanvar 2009-cu il tarixdə Ucar rayonu, Lək kəndində doğulmuşdur (Şəxs oğlu). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda borclunun icra sənədi üzrə borcunu ödəməməsini, 2019-2023-cü illər ərzində (protokol tərtib edildiyi gün) cəmi 200 manat ödəniş etməsini məsuliyyətdən formal icra (görünüş xatirinə) ilə yayınması cəhdi kimi qiymətləndirir və bu halın tələbkarın əsaslı mənafeyi fövqündə zəruri olan hal kimi qiymətləndirir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü törətdiyi əməldə qismən təqsirli bilməsinə münasibətdə qeyd edir ki, bu hal şəxsin məsuliyyətdən yayınması cəhdidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədi üzrə borcun miqdarının kifayət qədər olmasını, uzun müddət ərzində ümumiyyətlə, həmçinin lazımınca ödənişlərin olmamasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış işi açılmaqla məcburi gətirmə tətbiq edilməklə, müəyyən müddətdə icradan qaçaraq, yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olması kimi məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 17 noyabr 2023-cü il tarixdə, saat 13:30-da tutulması (faktiki saxlanması) və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 17 noyabr 2023-cü il tarixdən saat 13:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-258/2023
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-258/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver