Məhkəmə qərarları › İş №3(063)-262/2023

Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(063)-262/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(063)-262/2023 23.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 23 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş EQ seriyalı, 17619903 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş materiala baxaraq, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 23 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş EQ seriyalı, 17619903 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin, iş materiallarını araşdırıb belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 23 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş EQ seriyalı, 17619903 nömrəli inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında 23 oktyabr 2023-cü il tarixli qərardan göründüyü kimi, inzibati xəta hadisəsi həmin gün, saat 00:34:59-da Bakı- Quba yolunun 29,5-ci kilometrliyində baş vermişdir. Qeyd olunan ərazi isə Ucar rayonunun deyil, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisinə aiddir və şikayətə Ucar Rayon Məhkəməsində baxılması üçün vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 132.1-ci maddəsinə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsini həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, iş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xətanın törədildiyi yer Ucar rayonunun inzibati ərazisi olmadığına, bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilmiş şikayətə bu məhkəmədə baxılmasına əsaslar yaranmadığına görə X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 23 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş EQ seriyalı, 17619903 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3,129.1.3, və 132.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 23 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş EQ seriyalı, 17619903 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar