Məhkəmə qərarları › İş №3(063)-270/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-270/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-270/2023 07.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən orqan, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə, xx xxxxxxxx 1964-cü il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 icra sənədi üzrə Şəxs İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 09 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarına əsasən 2000 manat cəriməni ödəməkdən yayınır. Bu barədə Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən 28 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərtib edilmiş protokolu müdafiə edərək, izahatında bildirdi ki, Ucar rayon icra və probasiya şöbəsinə 16 yanvar 2023-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 09 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarına əsasən Şəxs 2000 manat məbləğində inzibati cərimə edilmiş, həmçinin onun icrasından yayınmışdır. İcra sənədinin könüllü icrasının təmin edilməsi məqsədilə Şəxs 10 mart 2023cü il tarixdə rəsmi qaydada bildiriş təqdim edilmiş, eyni zamanda şöbəyə çağırılaraq izahatı alınmış, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Bundan əlavə icra hərkətlərinin davamı olaraq əmlakı barədə sorğu verilmiş, nəticədə şəxsin adına hər-hansı əmlak və ya bank hesabı aşkar edilməmişdir. İcra sənədinin icrası istiqamətində aparılan icra tədbirləri nəticəsini verməmiş, bununla yanaşı, borclu maddi imkanı olmadığından tətbiq edilən cəriməni ödəyə bilməyəcəyini bildirmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində İXMnin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilməklə, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokola əlavə edilmiş sənədlərdən də məlum olur ki, Şəxs rəsmi qaydada məlumatlandırıldığı vaxtdan səkkiz aydan artıq müddət keçməsinə baxmayaraq, inzibati cəriməni ödəməkdən yayınmışdır. Odur ki, Şəxs borclu olduğu məbləği qərəzli şəkildə ödəmədiyi üçün sonuncunun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, işləmədiyi üçün maddi vəziyyətində yaranmış çətinliklərə görə 2000 manat məbləğində inzibati cəriməni ödəməmişdir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etməməsinin nəzərə alınmaqla, protokolun təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxsin) nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli icra sənədi icra olunması üçün aidiyyəti üzrə Ucar rayon icra və probasiya şöbəsinə göndərilmiş, həmin icra sənədi icraata qəbul edilərək, bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, sonuncu həmin bildirişi 10 mart 2023-cü il tarixdə şəxsən almışdır. Eyni zamanda, borclu şöbəyə çağırılaraq izahatı alınmış, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Bundan əlavə icra hərkətlərinin davamı olaraq əmlakı barədə sorğu verilmiş, nəticədə şəxsin adına hər-hansı əmlak və ya bank hesabı aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, yaşı və təqsirini etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, onun İXM-nin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 200 (iki yüz) saat ictimai işlər təyin olunsun. İnzibati tənbehin müddəti Şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə tapşırılsın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar