Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-279/2024 08.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Xələc kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(012)-2521/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs 3 uşağın saxlanılması üçün hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi 09 sentyabr 2019-cu il tarixdə Ucar rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, tələbin könüllü icrası üçün borcluya könüllü müddət təyin edilmiş, bu barədə müvafiq bildirişə də imza etmiş, lakin sonuncu üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməyərək icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya maxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron İcra İnfomasiya Sisteminin" inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilsə də, borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı üçün barəsində 30 sentyabr 2019-cu il, 12 mart 2020-ci il, 30 aprel 2021-ci il, 03 oktyabr 2022-ci il, 06 mart 2023-cü il və 05 avqut 2024-cü il tarixlərdə borclunun axtarışı haqında qərar qəbul edilərək aidiyyəti üzrə Ucar RPŞ-yə göndərilmiş və RPŞ-də borclu barəsində 22 oktyabr 2019-cu il tarixdə, 750129 nömrəli, 19 mart 2020-ci il tarixdə 750186 nömrəli, 03 may 2021-ci il tarixdə, 750456 nömrəli, 07 oktyabr 2022-ci il tarixdə, 750148 nömrəli, 19 aprel 2023-cü il tarixdə, 750234 nömrəli, 05 avqust 2024-cü il tarixdə 750382 nömrəli axtarış işləri açılaraq sonuncu barədə axtarış elan olunmuşdur. Qeyd edilən axtarış işlərinin nəticəsində borclu saxlanılaraq şöbəyə təqdim edilmiş, borclu həmin tarixə qədər yaranmış aliment borcunun ödənişini təmin etmiş, lakin bundan sonra aylıq aliment borclarının ödənişini təmin etməmişdir. Göründüyü kimi, borclu icra məmurunun qanuni çağırışlardan yayınmaqla yanaşı tələbi təmin etməmiş, barəsində dəfələrlə axtarış elan edildikdən və polis əməkdaşları tərəfindən şöbəyə təqdim edildikdən sonra məsuliyyətdən yayınmaq məqsədilə yaranmış aliment borcundan müəyyən qədər ödənişlər etmişdir. Borclu çağırışlarından yayındığı üçün barəsində 18 yanvar və 15 iyul 2024-cü il tarixlərdə axtarış elan edilmiş və barəsində 750382 nömrəli axtarış işi açılmışdır. Nəticədə borclu 07 avqust 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təqdim edilmiş və tərəflərindən ondan yaranmış aliment borcunun tam ödənilməsi tələb edilsə də, sonuncu tələbi təmin etməmişdir. Belə ki, borclunun Abşeron Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(012)-2521/2019 nömrəli icra sənədi üzrə 07 avqust 2024-cü il tarixə 4230 manat ödənilməmiş aliment borcu mövcuddur və hazırda tələbkar İcra sənədinin tam icra edilməsini tələb edir. Odur ki, bu barədə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 08 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs qeyd edilən icra sənədinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədinin icrasından yayınır. Abşeron Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(012)- 2521/2019 nömrəli icra sənədini hazırkı vaxtadək icra etməmişdir. Sözügedən icra sənədi üzrə borclunun hazırkı vaxta olan borcu 4230 manat təşkil etsə də, borclu sonuncu dəfə 08 avqust 2024-cü il tarixdə 2000 manat ödəniş etmişdir. Bundan sonra, borclunun 2230 manat ödənilməmiş aliment borcu qalmışdır. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, özü fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlardan biri Elcan Qasımov iki ilə yaxın olar ki, onunla yaşayır. Ona görə də o, hazırda zərərçəkən şəxsə heç bir borcu olmadığını zənn edir. Buna baxmayaraq, tərəfindən 1980 manat ödəniş edilmiş, lakin, onun hazırda aliment borcundan azad edilmə ilə bağlı işi məhkəmədə olduğundan gələcəkdə həmin məbləği zərərçəkən şəxsdən alacaqdır. Odur ki, barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müdafiəçi Vəkil bildirdi ki, iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində olan bir yetkinlik yaşına çatmayan uşağa özü baxır və bu halla bağlı məhkəməyə iddia ərizəsi ilə də müraciət edilmişdir. Lakin zərərçəkən şəxs qərəzli mövqedən yanaşaraq aliment borcunu tələb edir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(012)-2521/2019 saylı icra sənədi icra olunması üçün aidiyyəti üzrə Ucar rayon icra və probasiya şöbəsinə göndərilmiş, həmin icra sənədi icraata qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 30 sentyabr 2019-cu il, 12 mart 2020-ci il, 30 aprel 2021-ci il, 03 oktyabr 2022-ci il, 06 mart 2023-cü il və 05 avqut 2024-cü il tarixlərdə borclu barədə axtarış qərarları qəbul edilmişdir. Bundan sonra, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq icra tədbirləri həyata keçirilmiş və nəticədə borclu Ucar RPŞ tərəfindən Ucar rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış teleqramından görünür ki, hazırda Şəxs ona cəmi 4230 manat məbləğində ödənilməmiş aliment borcu mövcuddur və sonuncudan yaranmış aliment borcunu tam olaraq ödənilməsini tələb edir. Ödəmədiyi halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmaqla sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İşdə olan 08 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs xeyrinə həmin tarixdə 1980 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda borclunun icra sənədi üzrə borcunu ödəməməsini, 2019-2024-cü illər ərzində (protokol tərtib edildiyi gün və məhkəmə iclası zamanı) cəmi 1980 manat ödəniş etməsini məsuliyyətdən formal icra (görünüş xatirinə) ilə yayınması cəhdi kimi qiymətləndirir və bu halın tələbkarın əsaslı mənafeyi fövqündə zəruri olan hal kimi qiymətləndirir. Həmçinin, borclunun 1980 manat ödəniş etməsinə baxmayaraq, zərərçəkmiş şəxs ödənilməmiş qalan 2250 manat aliment borcunun da tam şəkildə ödənilmsəsini tələb edir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü törətdiyi əməldə təqsirli bilməməsinə münasibətdə tənqidi yanaşaraq qeyd edir ki, bu hal şəxsin məsuliyyətdən yayınması cəhdidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcundan 1980 manat ödəniş etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədi üzrə borcun miqdarının kifayət qədər olmasını, uzun müddət ərzində ümumiyyətlə, həmçinin lazımınca ödənişlərin olmamasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış işi açılmaqla məcburi gətirmə tətbiq edilməklə, müəyyən müddətdə icradan qaçaraq, yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, sonuncu dəfə 08 avqust 2024-cü il tarixdə 1980 manat ödənişin olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 08 avqust 2024-cü il tarixdən saat 15:05-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-279/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-279/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver