Məhkəmə qərarları › İş №3(063)-284/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-284/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-284/2025 08.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X6 barəsində qəbul edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X6 24 avqust 2024-cü il tarixdə Ucar rayonu, Alpout kəndində yerləşən Ucar rayon Alpout kənd bələdiyyəsinə məxsus torpaq sahəsində əkilmiş 16 ədəd qovaq ağaclarını kəsərək məhv etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 22 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. X2 yuxarıda qeyd edilən qərardan məhkəməyə şikayət edərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 3(063)-284/2025 saylı qərarı ilə şikayət qismən təmin edilərək, X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2025-ci tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə) göndərilməsi qərara alınmışdır. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 3(063)-284/2025 saylı qərarından Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 3(107)-219/2025 saylı qərarı ilə, apelyasiya şikayətinin qismən təmin edilməsi, Ucar Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 3(063)-284/2025 saylı qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün materialları ilə birlikdə Ucar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 manat inzibati cərimə, həmçinin tərtib olunmuş protokola əsasən isə təbiətə dəymiş ziyana görə 4530 manat məbləğində cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan qərar və protokolla razı deyil. Belə ki, cəriməyə əsas olan ərazi ona — yəni ailəsinə — Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1998-ci il tarixli sərəncamı, Nazirlər Kabinetinin 01 oktyabr 1998-ci il tarixli məktubu və Dövlət Torpaq Komitəsinin 22 dekabr 1998-ci il tarixli əmrinə əsasən 04 mart 2002-ci il tarixində istifadə məqsədilə verilmişdir. Sözügedən 1,5 hektar ərazidə atası və onun tərəfindən meyvə bağı salınmış, gələcəkdə istifadə üçün qovaq ağacları əkilmişdir. Bu faktı təsdiqləyən çoxsaylı şahidlər mövcuddur. Həmin ərazidə heç bir qanunsuz fəaliyyət, xüsusilə də narkotik və ya psixotrop maddələrin istehsalı və ya becərilməsi ilə məşğul olunmamışdır. 2002–2006-cı illərdə əkilmiş ağaclar onun mülkiyyətində olmuşdur və bu da Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə təmin olunan mülkiyyət hüququna əsaslanır. Həmin ağaclar yalnız şəxsi istifadə məqsədilə tərəfindən kəsilmişdir. Əraziyə aidiyyəti olan bələdiyyə sədrinin bu barədə məlumatı vardır və o, ağacların ona məxsus olduğunu təsdiqləmiş, hər hansı şikayət irəli sürməmişdir. Beləliklə, hesab edir ki, sözügedən qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən heç bir araşdırılma aparılmadan barəsində qərəzli şəkildə qəbul olunmuşdur. Belə ki, qeyd olunan halları nəzərə alaraq, barəsində tətbiq edilmiş cərimənin və tərtib olunmuş protokolun qanunsuz və əsassız olduğunu hesab edir. Bu səbəbdən də, barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun, oxşar məzmunlu izahat verərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, X6 24 avqust 2024-cü il tarixdə Ucar rayonu, Alpout kəndində yerləşən Ucar rayon Alpout kənd Bələdiyyəsinə məxsus torpaq sahəsində əkilmiş 16 ədəd qovaq ağaclarını kəsərək məhv etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Müşviq Şükürovun sözügedən əməli araşdırılmış, barəsində müvafiq qərar qəbul edilmişdir. Baş vermiş inzibati xəta hadisəsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Beləliklə, hesab edir ki, aparılan araşdırma qanuni olmuş və qəbul edilən qərar törədilən əmələ düzgün hüquqi qiymətin verilməsini özündə əks etdirmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 22 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının qanuni və əsaslı olduğunu hesab edərək şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə şikayətçinin, qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən şikayətçiyə ünvanlanmış 22 may 2025-ci il tarixli təbiətə dəymiş ziyana görə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hazırlanmış cədvələ uyğun olaraq) iddia haqqında xəbərdarlıq məktubundan görünür ki, X3 rayonu, Alpout kəndində yerləşən torpaq sahəsində əkilmiş 16 ədəd qovaq ağaclarını kəsərək məhv etməklə təbiətə 4530 manat məbləğində ziyan vurmuşdur. İşdə olan Ucar rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin baş mütəxəssisi O.Həmidovun, A.Kamilovun, Alpout Bələdiyyəsinin sədri M.Mövsümovun və Ucar rayonu, Alpout kənd sakini İ.Şükürovun iştirakları ilə tərtib olunmuş 04 mart 2002-ci il tarixli yer seçmə aktından görünür ki, Ağdam rayonunndan məcburi köçkün düşmüş və hazırda Ucar rayonu, Alpout kəndi ərazisində yaşayan İldırım Şükürovun ərizəsi əsasında Qaçqın və Məcburi Köçkünlərin problemləri üzrə dövlət proqramının təsdiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1998-ci il tarixli sərəncamına, Nazirlər Kabinetinin 01 oktyabr 1998-ci il tarixli məktubu və Dövlət Torpaq Komitəsinin 22 dekabr 1998-ci il tarixli əmrinə əsasən Alpout kəndində yaşayan İldırım Şükürova və ailə üzvlərinə toyuq fermasının yanında yerləşən torpaq sahəsindən müvəqqəti olaraq 1,5 ha torpaq sahəsi təhkim olunmuşdur. İşdə olan Ucar RPŞ-nin İB-in müstəntiqinin 18 mart 2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, X6 barəsində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə inzibati icraat işinin başlanması məsələsinə baxılmasından qəbul edilmiş qərarın surəti Ucar RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan Ucar rayonu Alpout kənd bələdiyyəsi Maarif İsmayılov tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli, 48 nömrəli məktubdan görünür ki, Müşviq Şükürovun ağacları kəsdiyi ərazi Ucar rayonu Alpout kənd bələdiyyəsinə aid torpaq sahəsidir. İşdə olan Ucar rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 3(063)-284/2025 saylı qərarının surətindən görünür ki, X6 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2025-ci tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edillərək işə yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə) göndərilməsi qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 3(107)- 219/2025 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Ucar Rayon Məhkəməsinin 4 iyul 2025-ci il tarixli, 3(063)-284/2025 saylı qərarı ləğv edilməsi və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ucar Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin İV və V hissələrinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci (texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda) və 13.1.6-cı (ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda) maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarı ilə təsdiq olunmuş “Yaşıllıqların götürülməsi qaydası”nın 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. Bu Qaydanın 2-ci bəndinin İ, İİ, İİİ və İV hissələrinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X6 24 avqust 2024-cü il tarixdə Ucar rayonu, Alpout kəndində yerləşən Ucar rayon Alput kənd Bələdiyyəsinə məxsus torpaq sahəsində əkilmiş 16 ədəd qovaq ağaclarını kəsərək məhv etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iş materiallarından da göründüyü kimi şikayətçi Müşviq Şükürov tərəfindən Ucar rayonu, Alpout kəndində yerləşən torpaq sahəsində əkilmiş 16 ədəd qovaq ağacları kəsilərək məhv olmuşdur. Sözügedən ağacların kəsildiyi ərazi Müşviq Şükürovun xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi deyildir, ümumiyyətlə onun həmin torpaq sahəsinə heç bir hüquqları dövlət qeydiyyatına alınmamışdır. Qanunun normalarının tələblərinə əsasən hazırki iş üzrə həmin şəxs bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşıllıqları, o cümlədən ağacları götürmək üçün əsaslandırılmış ərizə ilə müvafiq bələdiyyəyə müraciət etməli, həmin ərizə bələdiyyədə qeydiyyata alınmalı, 2(iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılmalı və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır. Bələdiyyənin bu müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qrumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Yаlnız bu prоsedurlаrdаn sоnrа bələdiyyə mülkiyyətində оlаn tоrpаq sаhəsində yerləşən yаşıllıqlаrın götürülməsi mümkündür. Lаkin iş mаteriаllаrındаn görünür ki, Şükürоv Müşfiq İldırım оğlu tərəfindən qаnundа nəzərdə tutulmuş bu şərtlərə əməl edilməmiş və аğаclаr qаnunsuz оlаrаq kəsilmişdir. Beləliklə, məhkəmə bu qənaətdədir ki, şikayətçi Müşviq Şükürovun şikayətində göstərdikləri xüsusatlar özünümüdafiə xarakteri daşımaqla, yanaşı gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, şikayətçinin mübahisəli qərarın sübutlar əsasında qəbul edilməməsi ilə bağlı gətirdiyi arqumentlər onun şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Deməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati araşdırma aparılmaqla, X4 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə inzibati cərimə edilməsi barədə 22 may 2025-ci il tarixli qərarı qəbul edərkən inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2025-ci tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2025-ci tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2025-ci tarixli, MN seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar