Məhkəmə qərarları › İş №3(063)-285/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-285/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-285/2024 09.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1985-ci ildə Ucar rayonu, Küçəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Göyçay Rayon Məhkəməsinin 2(046)-322/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən 21 yanvar 2020-ci il tarixdən etibarən 10 iyul 2009-cu il tarixdə anadan olmuş X2, 26 iyun 2011-ci il tarixdə anadan olmuş X4 və 30 iyun 2014cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatandək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə verilməsi qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 09 avqust 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN1482238 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Göyçay Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən ondan tələbkarın xeyrinə üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 240 manat alimentin tutulması qət edilmişdir. Daimi iş yeri və kifayət qədər qazancı olmadığından aliment borcu yaranmışdır. Aliment borcunu ödəməkdən imtina etmir və hissə-hissə ödənilməsini təmin edəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-322/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olan Şəxs hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi ərazi aidiyyəti üzrə 30 aprel 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan gəlirlər aşkar edilməmişdir. Borclunun **********14 və **********15 saylı reyestr nömrəsilə daşınmaz əmlakın olduğu aşkar edilmişdir. Tərəflərindən aidiyyəti üzrə sorğu edilərək borclunun paylı mülkiyyətdə (1/7 hissədə) Ucar rayonu, Küçəkənd kəndində yerləşən 1.53 ha, eyni ünvanda 0.53 ha kənd təsərrüfatı təyinatlı və 0.44 ha həyətyanı torpaq sahəsi müəyyən edilmişdir. Sözügedən əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, 05 iyun 2002-cü il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra edilərkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin Siyahısı”nın 1,2 və 3-cü bəndlərinin təsiri dairəsinə aid edildiyini üçün tələbi qeyd edilən torpaq sahəsinə yönəldilməsi mümkün olmamışdır. Borclu icra məmurunun çağırışlarından yayındığı üçün 01 avqust 2024-cü il tarixdə barəsində axtarış haqqında qərar qəbul edilərək Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, barəsində 07 avqust 2024-cü il tarixdə 750384 nömrəli axtarış işi açılaraq axtarış elan olunmuşdur. Sonuncu 09 avqust 2024cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Ucar rayon icra və probasiya şöbəsinə təqdim olunmuş, izahatı alınaraq borcun ödənilməsi tələb edilmişdir, borclu izahatında fərdi əməklə məşğul olduğunu bildirmişdir. Borclu tələbi təmin etməmiş, icra məmurunun çağırışlarına gəlməməsini hər hansı üzürlü səbəblə əlaqələndirməmişdir. Nəticədə borclunun tələbkara Göyçay Rayon Məhkəməsinin 2(046)-322/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə 4790 manat ödənilməmiş borcu qalmışdır. Hazırda tələbkar icra sənədinin tam icra olunmasını tələb edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərib borclunun ona olan aliment borcunun 4970 manat təşkil etdiyini göstərmiş, aliment borcunu tam şəkildə tələb etdiyini, ödəmədiyi halda inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbsetmənin əvvəli 09 avqust 2024-cü il tarixdən, saat 15:30dan hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar