Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-30/2025 05.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1995-ci ildə Ağdaş rayonu, Qobu Üstü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Qobuüstü kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, 03 fevral 2025-ci il tarixdə, saat 11 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında və istifadəsində şübhəli bilinən Ağdaş rayonu, Qobuüstü kənd sakini Şəxs kirayəşin yaşadığı ünvan 1 ünvanında yerləşən evin yataq otağına baxış keçirilərkən ona aid paltar yığılan çemodandan bir ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 0,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 03 fevral 2025-ci il tarixdə, saat 11 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında və istifadəsində şübhəli bilinən Ağdaş rayonu, Qobuüstü kənd sakini Şəxs kirayəşin kimi yaşadığı ünvan 1 ünvanında yerləşən evin yataq otağına baxış keçirilərkən ona aid paltar yığılan çemodandan bir ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 0,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi M.İsayevin 04 fevral 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və həmin şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati icraat işinin məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surətinin Ucar Rayon Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Tərəfindən inzibati araşdırma aparılmış və Şəxs izahatı alınmışdır. Şəxs izahatında narkotik vasitə olan marixuana saxladığını və etdiyi əmələ görə peşiman olduğunu göstərmişdir. Buna görə də, yəni Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 05 fevral 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, o, bir neçə gün əvvəl işləmək üçün Ucar şəhərinə gəlmiş və kirayəşin kimi ünvan 1-də yaşamışdır. Ucar şəhərində, küçədə az miqdarda narkotik vasitə olan marixuana taparaq bir hissəsini istifadə etmiş, qalan hissəsini isə istifadə etmək üçün kirayəşin kimi yaşadığı evdə saxlamışdır. 03 fevral 2025ci ildə, saat 11 radələrində kirayəşin kimi yaşadığı evə polis əməkdaşları gəlmişlər, o da istifadə etmək üçün saxladığı həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əmələ görə peşimançılıq hissi keçirir. İşdə olan Ucar Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Mahir İsayev tərəfindən qəbul edilmiş 04 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surətinin Ucar Rayon Polis Şöbəsinin İTB-nə göndərilməsi, qərarın təsviri göstərilənlərə əsasən aşkar edilmiş ümumi təmiz çəkisi 0,28 qram tədqiqata sərf edilmiş-0,02 sərf edildikdən sonra qalıq-0,26 qram qurudulmuş marixuananın maddi sübut kimi tanınması və Ucar Rayon Polis Şöbəsində olan maddi sübutların saxlanması otağına təhvil verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli, 17/80 nömrəli ekspert rəyinin (məhkəmə-bioloji ekspertizası) surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəxs aşkar edilmiş kütlələr.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki:- 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd göy rəngli sellofan bükümdə, təmiz çəkisi-13,66 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. İşdə olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 04 fevral 2025-ci il tarixli, 155 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, qərarın surəti, ekspert rəyləri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növündə müəyyən müddətə inzibati qaydada həbs edilməsi məqsədəmüvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədəmüvafiqdir. İşdə olan 04 fevral 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04 fevral 2025-ci il, saat 12:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, həbsetmənin əvvəli 04 fevral 2025-ci il, saat 12:30-dan hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Odur ki, yuxarıda qeyd olunan rəy nəzərə alınmaqla Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Buna görə də, hesab edirəm ki, iş üzrə məsrəf-ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik dövlət hesabına ödənilməli, habelə Şəxs götürülmüş və Ucar Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut olan və tədqiqatdan sonra qalıq qalan 0,26 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana məhv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 04 fevral 2025-cu il, saat 12:30-dan hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik dövlət hesabına ödənilsin. İş üzrə maddi sübut olan, tədqiqatdan sonra qalıq qalan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 0,26 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-30/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-30/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver