Məhkəmə qərarları › İş №3(063)-306/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-306/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-306/2025 18.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Şikayət vermiş şəxs X5, Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 (inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs) iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsinin rəis müavini X6 03 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsinin rəis müavini X6 03 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Polis Şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilmiş və həmin protokol əsasında Ucar RPŞ-nin rəis müavini X11 tərəfindən 03 may 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli qərarla 50 manat məbləğində inzibati cərimə olunmuşdur. O, sözügedən bu qərarı 23 may 2025-ci il tarixdə rəsmi qaydada əldə etmişdir. Lakin hesab edir ki, həmin qərar qanunsuz və əsassız qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, inzibati xətaya dair tərtib edilmiş protokolda guya onun 03 may 2025-ci il tarixdə Ucar rayonunun Qarabörk kəndi ərazisində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu iddia olunmuşdur. Lakin həmin protokolda göstərilən hallar əsassız və reallığa uyğun deyil. Bundan əlavə, inzibati xətaya dair işə onun iştirakı təmin edilmədən baxılmış, qərar isə yalnız mobil telefonuna daxil olan mesaj vasitəsilə ona məlum olmuşdur. O, bundan sonra qərarın verilməsi ilə bağlı Polis Şöbəsinə rəsmi müraciət etmiş və qərarı yalnız 23 may 2025-ci il tarixində əldə etmişdir. Belə ki, ona barəsində tərtib olunmuş inzibati xəta haqqıda işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbər verilmədiyi halda onun iştirakı olmadan baxılmışdır. 2007-ci ildən psixoloji xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyə görə həmin vaxtdan ona hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, şəxsin iştirakı olmadan işə baxılması mümkün deyildir və bu hüququn təmin olunmaması hüquqi pozuntu hesab olunur. Lakin Ucar RPŞ-nin rəis müavini X11 həmin hüquqları nəzərə almadan, onun iştirakı olmadan qərar qəbul etmişdir ki, bu da ədalətli araşdırma hüququnun pozulmasıdır. Qanunvericiliyin tələbinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən barəsində icraat aparılan şəxsin iştirakı mütləq təmin olunmalıdır. Lakin Ucar Rayon Polis Şöbəsinin rəis müavini X11 bu qanuni tələbi pozaraq, onun iştirakı olmadan qərar qəbul etmişdir. Bu hal, barəsində çıxarılmış 03 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati qərarın ləğv edilməsinə tam əsas verir. Hadisənin mahiyyətinə gəldikdə isə, oğlu X8 özünə məxsus yük avtomobilinə Şəmkir rayonundan pomidor yükləyib Moskva şəhərinə aparan zaman digər oğlu X13 ilə ilə qərara gəlmişlər ki, oğlu Qismət Səlimova yol üçün yemək və 20 kq alça versinlər. Bu məqsədlə Ucar rayon ərazisində oğlu ilə görüşmüşlər. Bu zaman – yol kənarında dayanmışkən – Ucar Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinə (PPX) məxsus avtomobil yanlarında dayanmış və maşından düşən 3 nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Polis əməkdaşları sənəd tələb etdikdə atası soruşmuşdur ki, hansı sənədi təqdim etməliyik – yük sənədini, yoxsa şəxsiyyət vəsiqəsini? Həmçinin, o, polis əməkdaşlarından özlərini təqdim etmələrini istəmişdir. Bu zaman polis əməkdaşlarından biri sərt şəkildə cavab verərək özünü şöbə rəisi kimi təqdim etmiş və "görərsən mən kiməm" deyərək telefon vasitəsilə əlavə əməkdaşları köməyə çağırmışdır. Qısa müddət sonra gələn digər polis əməkdaşları onlara hücum çəkərək fiziki güc tətbiq edib, qollarını burub onları polis avtomobilinə mindirərək polis şöbəsinə aparmışlar. Şöbədə polis əməkdaşı tərəfindən izahat alındıqdan sonra ekspertizaya aparılmışlar. Ekspertizadan sonra onları 3 saat polis şöbəsində saxlamışlar. Oğlanları Qismət və Fəqan sərxoşluq testi vermişlər və onlarda sərxoşluq müəyyən olunmamışdır. Bundan sonra o, şöbəyə gətirilmələrinin və şöbədə saxlanılmalarının səbəbinin izah edilməsi üçün əməliyyatın qanuni rəhbərini və şöbənin rəhbəri tərəfindən onları qəbul etməsini tələb etmişdir. Onun təkidi ilə rəis müavini onları qəbul etmiş və baş verənləri "anlaşılmazlıq" adlandıraraq üzr istəmiş, hətta növbəti həftənin ikinci günü rəisin özü ilə görüş təşkil ediləcəyini də bildirmişdir. Göründüyü kimi barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərildiyi kimi xırda xuliqanlıq hərəkəti etməmişdir. Çünki ki, xuliqanlıq dedikdə ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən hərəkətlər hesab edilir. Belə ki, "Xuliqanlıq işləri üzrə Məhkmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında qeyd edilmişdir ictimai qaydanın pozulması dedikdə ictimai və şəxsi mənafelərə əhəmiyyətli dərəcədə zərər vuran və ya cəmiyyətdə və insanlar arasında bərqarar olmuş birgə yaşayış və ya davranış qaydlarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvinin mənafeyinə toxunan hərəkətlər başa düşülür. Həmçinin onu da qeyd etmişdir ki, onların dayandıqları yer ictimai yer deyil, yolun kənarı olub və orada onlardan başqa da kimsə olmayıb. Eləcə də kimsəni söyüb təhqir etməmiş, yüksək səslə də danışmamışdır. Bu zaman belə nəticəyə gəlinir ki, o, heç bir qanunu pozmamışdır. Lakin Ucar Rayon Polis Şöbəsinin rəis müavini X11 qeyd edilən faktları araşdırmadan qərar qəbul etmişdir. Odur ki, Ucar Rayon Polis Şöbəsinin rəis müavini X11 tərəfindən barəsində qəbul edilmiş 03 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X10 şikayətin məzmununa uyğun, oxşar məzmunlu izahat verərək, əlavə olaraq göstərmişdir ki, o, 03 may 2025-ci il tarixdə, saat 22:30 radələrində oğlu Qismət Səlimovu xarici ölkəyə yola salmaq məqsədilə oğlu Fəqan Səlimzadə ilə birlikdə Bakı-Qazax magistral yolunun ünvan 2n keçən hissəsində olarkən polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim edərək orada nə üçün dayandıqlarını soruşmuşlar. O, oğlu Qisməti xarici ölkəyə yola salmaq məqsədilə digər oğlu Fəqan Səlimzadə ilə birlikdə orada dayandıqlarını bildirmişdir. Bu zaman polis əməkdaşları onlarla mübahisə etməyə başlamış, o, həmin vaxt spirtli içki qəbul etsə də, onlar polis əməkdaşları ilə heç bir mübahisə etməmişlər. Lakin buna baxmayaraq, polis əməkdaşları onları Ucar RPŞ-yə aparmışlar. Orada olan zaman onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, şəxsən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun surətini almaq barədə imza etməkdən imtina etmiş və protokolu almamışdır. Bundan əlavə, onu da qeyd etdi ki, RPŞ-də olarkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır və odur ki, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar Rayon Polis Şöbəsinin rəis müavini X6 03 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 (inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs) şikayəti qəbul etməyərək izahatında göstərdi ki, o, hadisə baş verən gün, yəni 03 may 2025-ci il tarixdə Ucar RPŞ-nin əməliyyat-istintaq qrupunun tərkibində olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təlimatına əsasən RPŞ-nin əməliyyat-istintaq qrupunun tərkibinə təhkim olunmaq və bu üzrə xidmət aparmaq yalnız RPŞ-nin inzibati binasında olmaqla həyata keçirilir. Beləliklə, 03 may 2025-ci il tarixdə Ucar RPŞ-nin İTB-nin rəisi Ülvi Cəbrayılzadənin şöbə rəhbərliyinə ünvanlanmış raportu əsasında X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, 03 may 2025-ci il tarixdə, saat 22:30 radələrində Ucar RPŞ-nin İTB-nin rəisi Ülvi Cəbrayılzadə, digər polis əməkdaşları Səfər Səfərli və Bəxtiyar Salahovla Bakı-Qazax magistral yolunun ünvan 2n keçən hissəsində xidmətdə olarkən yolun kənarında Prado markalı minik avtomobilindən yük avtomobilinə yük daşındığının şahidi olmuşlar. Daha sonra, polis əməkdaşları həmin avtomobillərə yaxınlaşan zaman avtomobil sahibləri avtomobillərin yük yerini bağlamışlar. Bu hal orada xidmət aparan polis əməkdaşlarında şübhə doğurmuş və sonuncular həmin avtomobillərin yanında dayanmış şəxslərə yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim edib avtomobil sahiblərindən nə daşıdıqlarını soruşduqda sonradan adını bildikləri Ağalar Səlimov özünü sabiq polis əməkdaşı kimi təqdim etməklə ərazidə xidmət aparan əməkdaşlarla mübahisəyə başlamış, daha sonra, Ağalar Səlimovun oğlanları Fəqan Səlimzadə və Qismət Səlimov da mübahisəyə qoşulmuş və polis əməkdaşları ilə mübahisə etmişlər. Polis əməkdaşları hər üçünü ictimai yerdə səs küy salmamağa və təhqiramiz ifadələr işlətməməyə, yəni nizam intizama dəvət etmək isətəsələr də, Fəqan Səlimzadə, Qismət Səlimov və Ağalar Səlimov öz qanunsuz hərəkətlərinə davam etməklə ünvansız təhqiramiz ifadələr işlətmişlər. Belə olan halda, polis əməkdaşları Ağalar Səlimovu və sonuncunun oğlanları Fəqan Səlimzadə və Qismət Səlimovu barələrində inzibati qaydada tədbir görülməsi məqsədilə Ucar RPŞ-yə gətirmişlər. Ağalar Səlimov barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl sonuncuya hadisə barədə izahat verilməsi təklif edilmiş, lakin Ağalar bundan imtina etmiş, belə olan halda hadisə zamanı orada olmuş şahidlərin izahatları alınmışdır. Eyni zamanda, Ağalar Səlimov özü tərtib olunmuş inzibati xəta haqqında protokola imza etməmiş və ona görə də, sonuncu barəsində sözügedən qərar qəbul edilmişdir. Hesab edir ki, Ağalar Səlimovun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola imza etməməsi və sonradan qəbul edilmiş qərardan narazı olması özünümüdafiə xarakteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Ona görə də şikayətin təmin edilməməsini, X10 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsinin rəis müavini X6 03 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsinin rəis müavini X6 03 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarına əsasən X10 03 may 2025-ci il tarixdə ünvan 2 nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. İş materiallarında olan 03 may 2025-ci il tarixli, 70 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X10 03 may 2025-ci il tarixdə, saat yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, X10 İİ qrup əlil olmaqla 484.10 manat pensiya alır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, proses iştirakçılarının izahatları, həmçinin məhkəmə iclasında toplanmış, tədqiq edilmiş mötəbər sübutlarla, müəyyən edilmişdir ki, X7 03 may 2025-ci il tarixdə ünvan 2 ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq inzibati xəta hadisəsi törətmişdir. Lakin şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan Ucar RPŞ-nin İTB-nin rəisi Ülvi Cəbrayılzadənin şöbə rəhbərliyinə ünvanlanmış 03 may 2025-ci il tarixli raportu, hadisə baş verən məkanda olmuş digər polis əməkdaşları Səfər Səfərli və Bəxtiyar Salahovun izahatları, eləcə də, X5 hadisə baş verən vaxt sərxoş olması, eləcə də polis şöbəsində sonuncuya qarşı fiziki, psixi təzyiq edilmədən araşdırmanın aparılması şikayətçinin həmin inzibati xətanı törətməsini bir daha təsdiq edir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməməklə şikayət vermiş şəxsin şikayətdə göstərdiyi xüsusatlar özünümüdafiə xarakteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Bundan başqa, şikayətin dəlillərində göstərilən digər xüsusat ondan ibarət olmuşdur ki, şikayətçi əlil olduğundan onun barəsində inzibati icraat başlana və məsuliyyətə cəlb edilə bilməzdi. Bu xüsusatla bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sanksiyasında həbs və ictimai işlər nəzərdə tutulan tənbeh tədbiri tətbiq edilə bilməz. Nəzərə alınsa ki, tətbiq edilən tənbeh növü cərimə olmuşdur, belə halda inzibati araşdırma ilə bağlı hər hansı pozuntunun olması istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsinin rəis müavini X6 03 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi üçün əsaslar olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsinin rəis müavini X6 03 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar