Məhkəmə qərarları › İş №3(063)-310/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-310/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-310/2025 03.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxx 1983-cü ildə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ucar Rayon Məhkəməsinin 2(063)-670/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Şəxs 20 may 2024-cü ildən başlayaraq 17 iyul 2008-ci ildə doğulmuş X2 və 30 dekabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 85 (səksən beş) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi, cavabdeh Şəxs dövlət rüsumuna görə 30 (otuz) manat 20 (iyirmi) qəpik məbləğində pulun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-196/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Ucar Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(063)-670/2024 nömrəli qətnaməsi həmin qətnamə ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat aliment 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,2464 misli olmaqla, cəmi 0,4928 mislinə dəyişdirilməklə və “20 may 2024-cü ildən başlayaraq 17 iyul 2008-ci ildə doğulmuş X2 və 30 dekabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2464 misli olmaqla, cəmi 0,4928 misli həddində sabit pul məbləğində aliment tutulsun” cümləsi əlavə edilməklə dəyişdirilmiş, Ucar Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(063)- 670/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Borclu Şəxs 2(107)-196/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 03 iyul 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru Asif Həmidov tərəfindən MN2089027 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmənin qərarına əsasən iki uşağın saxlanılması üçün ondan aliment tutulmalıdır, daimi iş yeri, qazancı və gəliri olmadığından aliment borcu yaranmışdır, alimenti ödəməkdən imtina etmir, mövcud maddi vəziyyətinə görə hər ay 50 manat aliment ödəməyə razıdır. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru Asif Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-196/2025 saylı, 28 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən borclu, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan Şəxs hər ay 2 (iki) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2464 misli olmaqla cəmi 0,4928 misli həddində sabir pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi 05 fevral 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. 19 mart 2025-ci il tarixdə borclu sms bildirişlər vasitəsi ilə Ucra rayon icra və probasiya şöbəsinə çağrılmağına baxmayaraq çağırışlardan yayınaraq gəlməmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə **********16-10301 saylı reyestr nömrəsilə daşınmaz əmlakın olduğu aşkar edilmişdir. Tərəflərindən aidiyyəti üzrə sorğu edilərək Ucar rayonu, Bərgüşad kəndində yerləşən 1.30 ha torpaq sahəsinin 1/7 hissəsi ümumbirgə mülkiyyətdə olması, borclunun payına 0.18 ha torpaq sahəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, 05 iyun 2002-cü il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra edilərkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin Siyahısı”nın 1,2 və 3-cü bəndlərinin təsiri dairəsinə aid edildiyi üçün tələbi qeyd edilən torpaq sahəsinə yönəldilməsi mümkün olmamışdır. Borcluya icra məmuru tərəfində çağırış vərəqəsi göndərilərək Ucar rayon icra və probasiya şöbəsinə çağrılmış, lakin borclu icra məmurunun çağrışına gəlməmişdir. Borclunun oğlu X3 ilə telefon vasitəsi ilə əlaqə saxlanılsa da anasının icra və probasiya şöbəsinə gəlməyəcəyini bildirmişdir. Şəxs 03 iyul 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış, icra sənədinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 2415,96 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-196/2025 saylı, 28 yanvar 2025-cü il tarixli icra sənədinə əsasən borclu Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan Şəxs aliment borcu 2415,96 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, məhkəmənin qərarına əsasən iki uşağının saxlanılması üçün borcludan onun xeyrinə aliment tutulması qət edilmişdir, lakin borclu hər ay aliment ödəməmişdir, borclunun təklifi ilə razı deyildir, alimentin tam şəkildə ödənilməsini tələb edir, əks təqdirdə qanuni tədbir görülməsini xahiş edir. Beləliklə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün və zərər çəkmiş şəxsin izahatları, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçək miş şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Həmçinin, onu da qeyd edirəm ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən icra sənədini icra etməməsi və icra edilməmə ilə bağlı hər hansı sübutları təqdim etməməsi sonuncunun hərəkətində qərəzin formalaşmasına dəlalət edən hal kimi qiymətləndirilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il Qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və əmlak vəziyyəti onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 150-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib beş yüz manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar