Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-337/2025 28.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və qərardan şikayət verən şəxs-barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin vəzifəli şəxsinin 02 iyul 2025-ci il tarixli, EQ 28979029 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh tətbiq edilməsi haqqında EQ 28979029 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Kamaz 6520 yük” markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomaşın onun mülkiyyətindədir, avtomaşını özü idarə edir. 02 iyul 2025-ci il tarixdə, saat 02:54 radələrində yuxarıda göstərilən avtomaşınla Bakı şəhəri istiqamətimdə yük aparan zaman Ucar rayonunun ərazisində yerləşən tərəzi postunda saxlamışlar və bildirmişlər ki, avtomaşında artıq yük vardır. O, posta duran yoxlayıcılara bildirdirmişdir ki, onun avtomaşında artıq yük ola bilməz. Onun avtomaşını üç osdan ibarətdir, yük götürmə qabiliyyəti qanunla 26 tonluqdur. Buna baxmayaraq onun avtomobilinin iki osdan ibarət olması bildirmişlər. O, sənədi göstərmiş, onlar sənədə baxmadan qanunsuz olaraq onu inzibatı məsuliyyətə cəlb etmişlər. Artıq yük avtomaşının təkərlərinə uyğun olmadığı üçün yüklənməsinə imkan vermir. Ona görə ki, daşınan yükə görə ödənilən məbləğ, təkərə verilən məbləğlə uyğun gəlmir. Yəni avtomaşının artıq yüklənməsi maddi zərərlə qarşılanır. Buna baxmayaraq İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan xətanı işlətməsini göstərmişlər. Polis heç bir obyektiv araşdırma aparmadan qanunsuz olaraq barəsində qərar qəbul etmişlər. Qeyd edir ki, barəsində tətbiq etdikləri inzibatı qərar həqiqəti özündə əks etdirmir, bu səbəbdən ləğv edilməlidir. Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin vəzifəli şəxsi Konstitusiya ilə təsbit edilmiş vəzifə səlahiyyətlərini qanuna uyğun icra etməyərək heç bir əsas olmadan ona İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmişdir. Halbuki, postdakılar heç bir əsas və sübut gətirmədən, işlətmədiyi xəta barədə ona qərar tərtib edilmişdir. Bu özbaşınalıqdır, onu aldatmışlar, heç bir günahı yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayətini müdafiə etdiyini bildirdi və izahatında şikayətdə göstərilənləri təsdqi etdiyini bildirdi. Səlahiyyətli orqanın vəzifəli şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Səlahiyyətli orqan tərəfindən məhkəməyə göndərilmiş məktubda İ.Quliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə çıxarılmış EQ 28979020 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətinin məhkəməyə göndərildiyi, inzibati xətanın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmış elektron tərəzilər vasitəsi ilə qeydə alınaraq Baş X6 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında çıxarıdıldığı göstərilmişdir. İnzibati xəta haqqında qanunvericiliyin tələbinə əsaslanaraq məhkəmə, şikayətə səlahiyyətli orqanın vəzifəli şəxsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin mərkəzi məlumat xidmətinin rəisi Elvin Abduləlizadənin yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ 28979029 nömrəli, 02 iyul 2025-ci il tarixli elektron qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X3 barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılmaq üçün qərarın surəti səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir k, məhkəməyə təqdim edilmiş fotoşəkillərdə İ.Quliyevin idarə etdiyi ** EP *** dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin çəkisinin 28310 kq olduğu, limitin isə 18000 kq olması göstərilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə göndərilmiş sənəddə bir oxa düşən maksimum yükün 30000 kq, səyyar kütlə laboratoriyasının etalon çəki daşları ilə birlikdə kütləsinin 23700 kq olduğu göstərilmişdir. Həmçinin, İ.Quliyevə məxsus “KAMAZ 6520” yük markalı, özüboşaldan tipli, ** EP *** dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində maksimal kütlənin 33100 kq, yüksüz kütlənin isə 12920 kq olduğu göstərilmişdir. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5.1 və 5.2-ci maddələri). İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsi). İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Yuxarıda qeyd edilənlər bu nəticəyə gəlməyə əsas verir ki, şikayət ilə məhkəməyə müraciət etmiş X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin pozulması ilə aparılmışdır. Yəni işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Məhkəmə, inzibati xəta haqqında qanunvericiliyinin qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi və törədilmiş inzibati xətanın yenidən araşdırılması və baxılması üçün qərarın surətinin həmin orqana göndərilməsi qanunidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Qərardan şikayət verən şəxs-barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin vəzifəli şəxsinin 02 iyul 2025-ci il tarixli, EQ 28979029 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsində baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-337/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-337/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver