Məhkəmə qərarları › İş №3(063)-34/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-34/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-34/2024 05.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, X2 və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Qərar qəbul etmiş orqanın nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ-nin 24 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X13 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X17 23 avqust 2023-cü il tarixdə saat 19:00 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində X8 döyməklə, sonuncuya fiziki ağrı yetirmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ tərəfindən 23 avqust 2023-cü il tarixdə X13 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 24 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ-nin rəis müavini X15 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında 24 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Təxminən bir il əvvəl həmkəndlisi olan Malik adlı şəxslə birlikdə Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən 10 hektar ərazini müəyyən məhsul əkmək üçün icarəyə götürmüş, daha sonra, Maliklə birlikdə adambaşına 2500 manat pul qoyaraq yonca əkmişlər. Həmin bir il ərzində qeyd olunan torpaq sahəsindən əmələ gələn 1700 ədəd yonca presini öz aralarında bölmüşlər. Lakin, sonra Malik onu narahat edərək həmin əkin sahəsinin əkilməsi üçün verdiyi 2500 manat pulunu gerı istəmişdir. Bu zaman o, "biz şərikli o torpağı becərmişik və həmin torpaqdan gələn xeyri də şərikli olaraq bölmüşük" deyə Malikə bildirmişdir. 23 avqust 2023-cü il tarixdə, saat 19:00 radələrində yaşadığı evdən çıxaraq özünə məxsus “T-25" markalı traktorla əkin sahəsinə gedən zaman Malik ona yaxınlaşıb 1 il əvvəl verdiyi 2500 manatı geri qaytarılmasını tələb etdikdə, o, yenidən əvvəl dediklərini sonuncuya demişdir. Daha sonra, olanları olduğu kimi danışmaq üçün yeznəsi Hüseyni Ucra rayonu, Qarabörk kəndində yerləşən mağazanın qarşısından götürüb Malikin yanına getmişdir. Bu zaman Hüseyn Malikə həmin torpaq sahəsindən 1 hektar ərazini ona verdiyini və qarşılığında 200 manat pul aldığını bildirmişdir. Həmin 200 manatı da taxıl alıb torpaq sahəsinin sahiblərinə vermişdir. Bundan sonra, Malik onu hədələyərək üzərinə hücum çəkmişdir. Həmin vaxt o, traktorda oturmuş, Hüseyn isə aşağıda durmuşdur. Malik əvvəlcə təpiklə böyür nahiyyəsindən bir dəfə vurduqdan sonra, o, traktordan yerə düşmüşdür. Daha sonra, Malik cibindən çıxardığı cib bıçağı ilə onun kürək nahiyyasinin sol tərəfindən bir dəfə vurmuş, bu zaman oradan uzaqlaşmaq istəsə də, sonuncu yenə əlindəki bıçaqla onun arxasınca qaçıb yenidən xəsarət yetirmək istədikdə qaçaraq tarktorda olan beli özünü müdafiə etmək məqsədi ilə əlinə alaraq Bakı-Qazax magistralına tərəf qaçıb yolun kənarında olan taksiyə minərək yaşadığı evə getmişdir. Bundan sonra, yaşadığı evə yeznəsi Hüseyn gəlmiş, o, oğlu Əli ilə birlikdə Hüseynin idarə etdiyi “VAZ 2107” markalı avtomobilə oturaraq Ucar RMX-na getmişlər və orada həkimlər tərəfindən ilk tbbi yardım aldıqdan sonra Göyçay RMX-na getmişlər. Həmin xəstəxanada müayinə olunduqdan sonra evə qayıtmışlar. Lakin, 17 noyabr 2023-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda qeyd edilmişdir ki, 23 avqust 2023-cu il tarixdə, saat 19:00 radələrində Ucra rayonu, Qarabörk kand sakini X9 məxsus fərdi yaşayış evinin yaxınlığında yerləşən su kanalının kənarında şəxsi münasibət zəminində Ucar rayonu, Qarabörk kand sakini X12 ilə həmkəndlisi X17 aralarında yaranmış mübahisə zamanı X22 Əliyev tərəfindən baş nahiyyəsindən xəsarət alması faktı iş materialları və Ucar MTE va PA şöbəsi tərəfindən X12 barəsində verilmiş 25 avqust 2023-cü il tarixli, 345 nömrəli tibbi ekspert rəyi ilə sübuta yetirildiyindən Akif Əliyevin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində (döymə) nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən olunmuşdur. Həmçinin, həmin qərarda qeyd edilmişdir ki, onun yəni, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və icra edilməsi üçün qərarın surəti Ucar RPŞ-nin İTB-nə göndərilməlidir. Eyni zamanda onu da qeyd etmişdir ki, Ucar RPŞ-nin İB-nin müstəntiqi, X14 tərəfindən qəbul edilmiş 17 noyabr 2023-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın nəticə hissəsinin 4-cü bəndi, yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması məqsədi ilə qərarın surətinin Ucar RPŞ-nin X5 göndərilməsi hissəsinin ləğv edilməsi barədə 15 yanvar 2024cü tarixdə Ucar rayon prokurorluğuna və Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizələri ilə müraciət etmiş, lakin, müraciətinə baxılmadan barəsində 24 yanvar 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, həmin şikayət ərizələri üzrə qərar qəbul edilmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilə bilməzdi. Həmçinin, əlavə olaraq onu da qeyd etmişdir ki, Məhkəmə-tibb ekspertizasının 29 avqust 2023-cü il tarixli, 345 nömrəli rəyinə əsasən X6 bədənində aşkar edilmiş xəsarət-başın alın-təpə nahiyyəsinin sıyrıqları məhdud təsir səthinə malik küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 23 avqust 2023cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. Bununla da, ekspert rəyi ilə də sübut olunur ki, o, Malik Şükürovu vurmamış, sonuncuya xəsarət yetirməmişdir. X6 başın alın nahiyyəsindəki sıyrıqlar harasa sürtülmə nəticəsində də əmələ gələ bilər. Belə ki, həmin xəsarətlər onun tərəfindən yetirilməmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin 24 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun, eyni məzmunlu izahat verərək, izahatına əlavə olaraq bildirdi ki, o, Malik Şükürovu döyməmiş, əksinə özünü müdafiə məqsədilə əlinə bel alaraq oradan uzaqlaşmışdır. Bu hal istər Malik Şükürovun barəsində olan hökmlə, eləcə də, şahid X7 arasında olan səs yazısı ilə də təsdiq olunur. Bundan başqa, o, İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati araşdırmanın vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmamışdır. Ona görə də hesab edir ki, barəsində qəbul edilən qərar əsassız və ədalətsizdir, odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin 24 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Akif Əliyev barəsində qəbul olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin 24 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərar qəbul etmiş orqanın nümayəndəsi X10 şikayətin əsassız olduğunu, təmin edilməməsini və Ucar RPŞ-nin 24 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İXM-nin 57-ci maddəsinin İ və İİ hissəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sözügedən Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları var. İXM-nin 100-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu sahəni tənzimləyən müvafiq normativ hüquqi aktların tələblərindən də göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin (qərarların, qərardadların, protokolların, bildirişlərin) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən rəsmi qaydada verilməsi qaydası və üsulu isə qeyd edildiyi kimi İXM-nin 57-ci maddəsində müəyyən edilmişdir. İnzibati xətalar haqqında işlər üzrə sənədlər inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Çünki, bununla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqlarından isitifadə etmək imkanı təmin edilir. Əks yanaşma isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çatımlılıq hüququnun pozulmasına, sonuncunun barəsində aparılan inzibati araşdırmadan, onun gedişatından xəbərsiz olmasına, bununla da, işin ədalətli, hərtərəfli, tam və obyektiv araşdırılmasına əngəl yaranmasına şərait yaradır. Bundan əlavə, məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-nin 8-ci maddəsinin İİ hissəsi, Təqsirsizlik prezumpsiyası prinsipi). Şikayətçinin əməlində inzibati xətanın olub-olmamasını, inzibati xətanın törədilməsində onun təqsirliliyini, eləcə də işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün faktik məlumatlar, inzibati xətalar haqqında işlər üzrə sübutlar, o cümlədən inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlər səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, şikayət və ona əlavə edilmiş sənədlərlə inzibati xəta hadisəsinin məhz kimin tərəfindən törədilməsi (işə əlavə edilən fotoşəkillərdən hadisənin kim tərəfindən törədilməsi müəyyən edilməmiş qalmışdır) dəqiq müəyyən edilməmişdir. Məhz inzibati xəta haqqında qanunvericiliyin məzmunundan da göründüyü kimi inzibati xətanın baş verməsini sübutetmə yükü hazırkı işdə məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ-nin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Eyni zamanda, həm milli, həm də beynəlxalq hüququn mövqeyindən çıxış edərək, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, adətən, bütün sübutlar xəta törədən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Yəni, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X17 tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar mübahisələndirildiyindən, eyni zamanda, işə baxılması vaxtı və yeri barədə qərarından şikayət verilən orqan lazımı qaydada məlumatlandırıldığından (dəfələrlə bildiriş və sübutların təqdim edilməsi barədə məktublar göndərilsə də) sonuncu orqan bu mövqeyini sübutlarla əsaslandırmalı, həmin sübutları açıq məhkəmə iclasında təqdim etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa, Ucar Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 3(063)- 34/2024 saylı qərardadı ilə məhkəmə işin obyektiv və qərəzsiz araşdırılması, həmçinin, iş üzrə bəzi sübutların əldə edilməsi və çəkişmə prinsipinin təmin edilməsi, eləcə də inzibati iş üzrə icraat iştirakçılarının məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədilə şikayətə baxılması müddəti bir ayadək müddətə uzadılsa da, bu müddət ərzində də şikayətin dolğun araşdırılmasını təmin edən zəruri sənədlər, o cümlədən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin inzibati iş üzrə qərar qəbul etmiş orqan tərəfindən bu yöndə müvafiq addımlar atılmamışdır (eyni zamanda, qərar qəbul etmiş orqanın nümayəndəsi inzibati araşdırmanın vaxtı və yeri barədə bildirişi xəbərnaməli deyil, sadə formada göndərdiklərini, bu səbəbdən də şikayət vermiş şəxsin inzibati araşdırma barədə məlumatlandırmanı təsdiq edən sənədləri təqdim edə bilməmişdir). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bildiyindən, həmçinin qanunvericilik məhkəməyə qeyd olunan müddət ərzində inzibati xəta ilə əlaqədar işlərə baxılması imkanı tanıdığından hazırkı şikayətin araşdırılmasının əlavə müddətə uzadılması inzibati xətalar haqqında qanunvericiliyin pozulması ilə şərtlənər ki, bu da yolverilməzdir. Yəni, qanunverici bununla işin davamlı müddətdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş son müddəti ötürməklə, araşdırma imkanını məhdudlaşdırmışdır. Ucar Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(063)-10/2024 nömrəli hökmünə əsaslanaraq onu da qeyd etmək lazımdır ki, sözügedən iş üzrə təqsirləndirilən şəxs X6, eləcə də həmin iş üzrə şahid qismində dindirilmiş X1 ifadələri ilə Ucar RPŞ-nin 17 noyabr 2023-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarında əks olunan ifadələr arasında kəskin ziddiyyətlər vardır. Nəzərə alınsa ki, məhkəmə hökmü preyudisial xarakter daşıyır, belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X17 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinin sübuta yetirilməsi sözügedən məsələlərlə əlaqədar qeyri-müəyyənlik yaradır. Nəticə etibarilə, şikayətin dolğun araşdırılmasına imkan verən zəruri sənədlərin təqdim olunmamasına, həmçinin yalnız şikayətə əlavə edilmiş mübahisəli qərarla və şikayətçinin və onun nümayəndəsinin, eləcə də qərar qəbul etmiş orqanın nümayəndəsinin izahatları ilə mübahisələndirilən hallarla bağlı mühüm məqamları araşdırmaq məhkəmə icraatının müddət baxımından məhdudluğuna görə işə baxıb, yekun qərar qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ-nin 24 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ-yə) göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ-nin 24 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ-yə) göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar