Məhkəmə qərarları › İş №3(063)-362/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-362/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-362/2024 24.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X10 oğlunun katibliyi, X1, Qərarından şikayət verilən - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru X3 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru X3 11 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru X3 11 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarınının qanunsuz və əsassız olduğunu düşünür. Belə ki, sözügedən qərarda o, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tərkibini yaradan hər hansı bir yol hərəkət qaydasını pozmamışdır. Lakin, polis əməkdaşları onun avtomobilində palçıq qaytaran rezinin olmamasını əsas gətirərək inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Bu səbəbdən də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru X3 11 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, 23 iyul 2024-cü il tarixdə gecə saatlarında yaşadığı evdən çıxaraq idarə etdiyi “VAZ 21074” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Ucar RPŞ-nin yol patrul xidmətinin əməkdaşları ona saxla əmri vermişlər. O, idarə etdiyi avtomobili saxlamış, Ucar RPŞ-nin yol patrul xidmətinin inspektoru ona yaxınlaşaraq özünü təqdim etmiş, törətdiyi inzibati xətanın mahiyyətini, yəni idarə etdiyi avtomobildə palçıq qaytaran rezinin olmamasını bildirmişlər. Bu zaman o, bu hala əsəbiləşərək “niyə görə mənə süni protokol yazmaq istəyirsiz, axı mənim evim yaxında yerləşir, həm də avtomobilimin yük yerində palçıq qaytaran rezinim var, icazə versəz pozuntunu aradan qaldıra bilərəm” deyə müraciət etmişdir. Lakin yol patrul xidmətinin əməkdaşı ona qərəzli yanaşaraq palçıq qaytaran rezinin quraşdırılmasına icazə verməmişdir (bu halı sübut edə bilməsə də). Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru X3 11 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassızdır və bu səbəbdən də sözügedən qərarın ləğv edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru X4 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar rayon Yol Patrul Xidmətinin baş inspektoru X7 tərəfindən 23 iyul 2024-cü il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı protokol əsasında tərəfindən qəbul edilən 11 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X6 23 iyul 2024-cü il tarixdə, saat 22:12 radələrində “Vaz 21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə İXM-in 342.5ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar rayon Yol Patrul Xidmətinin baş inspektoru X7 izahatında göstərdi ki, o, 23 iyul 2024-cü il tarixdə digər xidmət yoldaşı Məhəmməd İbrahimli ilə birlikdə xidmətdə olarkən saat təxminən 22 radələrində X5 idarə etdiyi “Vaz 21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini palçıqqaytaran rezini olmadığına görə saxla əmri vermişdir. Pərviz idarə etdiyi avtomobili saxladıqdan sonra, sonuncuya yaxınlaşaraq özünü təqdim etmiş, törətdiyi inzibati xətanın mahiyyəti izah edilmiş və sonuncu onlarla mübahisə etməyə başlamışdır. O, sürücünün sərxoş olmasından şübhələnərək sonuncuya alkotesterə nəfəs verməsini tələb etmiş, lakin sürücü buna da əhəmiyyət verməmiş, daha sonradan Pərvizin avtomobili idarə edərkən sərxoş olmaması müəyyən edilmişdir. Daha sonra, sürücüdən qanunvericiliyə uyğun olaraq idarə etdiyi “Vaz 21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini palçıqqaytaran rezini quraşdırmaq imkanına malik olubolmaması soruşulmuş, sonuncu evində palçıqqaytaran rezini olmasını bildirdiyindən və yerində pozuntunu aradan qaldıra bilmədiyindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən hallar xidməti avtomobildə quraşdırılmış fasiləsiz video çəkiliş vasitəsilə, eləcə də X5 təqdim etdiyi video görüntülərlə də müəyyən edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar rayon Yol Patrul Xidmətinin baş inspektoru X7 tərəfindən 23 iyul 2024-cü il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı protokol əsasında 11 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X6 23 iyul 2024-cü il tarixdə, saat 22:12 radələrində “Vaz 21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə İXM-in 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini təqdim edilən sübutlarla birlikdə ətraflı araşdıraraq belə qənaətə gəlir ki, şikayətin təmin edilməsi üçün əsaslar və sübutlar təqdim edilməmişdir. Belə ki, şikayət vermiş şəxs X6 ilk öncə həqiqətən də pozuntunu törətdiyini etiraf etmiş (palçıqqaytaran rezininin olmamasını), lakin sonuncunun tənbeh vermə haqqında qərarda mübahisələndirdiyi hissə məhz, ona pozuntunu yerində aradan qaldırmağa şəraitin yaradılmaması ilə bağlı olmuşdur. Məhkəmə göstərilən xüsusatı araşdıraraq belə qənaətə gəldi ki, şikayət vermiş şəxs Pərviz Atayev məhkəmə iclasında özü tərəfindən telefon vasitəsilə qeydə alınmış video və audio görüntünü təqdim etmiş, təqdim edilən sübuta məhkəmə iclasının audio-video qeydiyyatı zamanı tərəflərin iştirakları ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Pərvizə yaxınlaşan yol patrul xidmətinin əməkdaşı Pərvizə pozuntunu aradan qaldırmasını təklif etmiş, lakin sürücü sözügedən pozuntunu yerində aradan qaldıra bilmədiyini bildirdiyindən (bu hal sürücü tərəfindən, eləcə də, qərar qəbul etmiş orqan tərəfindən təqdim edilmiş audi-video görüntülərlə də öz təsdiqini tapır) sonuncu barəsində inzibati qaydada tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmə inzibati xətalar qanunvericiliyinin tələblərini, yəni sübut etmə yükünün məhz qərar qəbul etmiş orqanın üzərinə düşmə hissəsini rəhbər tutaraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xəta hadisəsi ilə bağlı şikayət verən şəxsin öz təqsirini etiraf etməsi, lakin, şikayətin dəlilləri kimi təqdim etdiyi audio video görüntü qərar qəbul edən orqanın pozuntunu aradan qaldırmaqla bağlı irəli sürülən dəlilinin əksini sübut etmir. Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin maddənin İİİ hissəsinə əsasən texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsinin 5-ci bəndinə əsasən yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələrindəndir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru X3 11 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru X3 11 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar