Məhkəmə qərarları › İş №3(063)-367/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-367/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-367/2025 19.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1988-ci ildə Ucar rayonu, Məlikballı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ucar Rayon Məhkəməsinin 2(063)-713/2016 nömrəli, 04 iyul 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 03 iyun 2016-cı il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 80 manat alimentin tutulub 16 avqust 2013-cü ildə anadan olmuş Azərinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ucar rayonu Məlikballı kəndində yaşayan X4 verilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-168/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 22 sentyabr 2023-cü ildən başlayaraq 29 oktyabr 2019-cu ildə doğulmuş X5 və 19 fevral 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. Borclu icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 19 avqust 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin rəisi R.Mustafayev tərəfindən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmə qərarlarına əsasən ondan tələbkarların xeyrinə aliment tutulmalıdır. Daimi iş yeri, qazancı və gəliri olmadığından aliment borcu yaranmışdır. Aliment borcunu ödəməkdən boyun qaçırmır, işləyib hissəhissə ödənilməsini təmin edəcəkdir. Odur ki, qeyd etdiklərini nəzərə almağı xahiş edir. Ucar rayon icra və probasiya şöbəsinin rəisi R.Mustafayev məhkəmə iclasında izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-713/2016 saylı, 04 iyul 2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 80 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)-168/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq 05 sentyabr 2016-cı il və 31 oktyabr 2023-cü il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. 31 oktyabr 2023-cü il tarixli qərarla icra sənədləri icra məmurunun qərarı ilə ümumi icraata birləşdirilmişdir. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədlərinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş,nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Ucar Rayon Məhkəməsinin 8(063)-103/2017 saylı, 07 avqust 2017-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Şəxs icra məmurunun çağırışlarından yayındığı üçün barəsində 03 sentyabr 2024-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün aidiyyəti üzrə Ucar Rayon Polis Şöbəsinə göndərilmiş və Ucar Rayon Polis Şöbəsi tərəfindən saxlanılaraq 19 avqust 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə təqdim edilmiş, borclunun izahatları alınmış və hər iki icra sənədinin icrası ondan tələb edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, iki aliment tələbinə dair icra sənədi üzrə heç bir ödəniş etməmişdir. İcra sənədinin verildiyi vaxtda müvafiq olaraq müəyyən müddətin keçməsinə baxmayaraq borclu tərəfindən tələb icra edilməmiş və buna heç bir təşəbbüs göstərməmişdir. Belə ki, icra sənədləri üzrə borclu Şəxs 04 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilsə də o, ötən müddət ərzində heç bir ödəniş etməmişdir. Hazırda borclunun Ucar Rayon Məhkəməsinin 2(063)-713/2016 saylı, 04 iyul 2016-cı il tarixli icra sənədinə əsasən 5620 (beş min altı yüz iyirmi) manat aliment borcu və Ucar Rayon Məhkəməsi 2(063)-168/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən 7000 (yeddi min) manat aliment borcu təşkil edir. Tələbkarlar ərizə ilə müraciət edərək icra sənədlərinin tam icra olunmasını tələb edirlər, əks halda inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirlər. Zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahatında göstərdi ki, məhkəmənin qərarına əsasən iki uşağının saxlanması üçün borcludan onun xeyrinə aliment tutulmalıdır, borclu alimenti ödəmir, ona görə də məsuliyyətə cəlb olunmasını xahiş edir. Zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs1 ərizəsində Şəxs icra vərəqəsi üzrə 5620 manat aliment borcunu ödəməkdən yayındığını, aliment borcunu tam şəkidə ödənilməsini tələb etdiyini göstərmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün, Ucar rayon icra və probasiya şöbəsinin rəisinin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatları, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də A.Şəxsbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı və qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 19 avqust 2025-ci il, saat 17:10-dan hesablansın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar