Məhkəmə qərarları › İş №3(063)-368/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-368/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-368/2025 18.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və qərardan şikayət verən şəxs-barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yol patrul xidmətinin vəzifəli şəxsinin 16 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X3 tərəfindən verilmiş şikayətə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayət ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı X8 16 avqust 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 16 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmiş, həmçinin ona 3 bal cəza da müəyyən edilmişdir. Hazırkı şikayətlə məhkəməyə müraciət etməyisinə səbəb isə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməməsidir. Belə ki, o, Bakı şəhəri, Məmmədcəfər Cəfərov küçəsində yerləşən işıqforun nizamlayıcı işıqlarında olan yaşıl işıq yanarkən o, avtonəqliyyat vasitəsi ilə hərəkətini davam etdirmişdir. Hətta belə həmin an digər avtonəqliyyat vasitələri də onunla bir hərəkətdə yol ayrıcını keçmişlər. Həmin faktı aydınlaşdıra bilmələri üçün həmin anda mövcud olan foto və video çəkilişlərin incələnməsinə zərurət vardır. Həmin inzibati tənbehlər “E-polis" və “ASAN ödəniş" proqramları tətbiqində onun adında görünmüş, amma inzibati tənbehlər tətbiq edilməsinə əsas olan hər hansı bir şəkil və videogörüntü yerləşdirilməmişdir. Hansı ki, əvvəllər də ona cərimə yazılmış və həmin cərimələrin yazılmasına səbəb olan hüquq pozuntusu barədə videoçəkiliş və fotoşəkillər “ASAN ödəniş” proqram tətbiqində onun adında yerləşdirilmişdir. O, fikirləşir ki, X5 ona inzibati tənbehləri əsası olmadan yazmışdır. Hansı ki, o, hər hansı bir qanun pozuntusu etməmişdir. Bu hadisədən sonra onun barəsində olan qərarın ona rəsmi şəkildə təqdim edilməsini gözləmişdir ki, qərardan aidiyyəti üzrə şikayət versin, lakin qərar ona rəsmi şəkildə göndərilməmişdir. O, özü şəxsən polis şöbəsindən barəsində olan qərarın surətini əldə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında şikayətdə göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq izahatında göstərdi ki, protokol yazılarkən o, videogörüntülərə baxış keçirilməsini tələb etsə də videogörüntü ona göstərilməmişdir. Həmçinin, izahatında videogörüntülərdə idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat nişanının və svetoforun qadağanedici nişanının görünmədiyini bildirdi. Habelə, izahatında qeyd etdi ki, yol-patrul xidmətinin əməkdaşı yolun əks istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsində olmuşdur. Onun barəsində polis leytenantı Rzayev deyil, polis serjantı tərəfindən dayanma işarəsi verilmişdir. Ona müşahidə kamerasında videogörüntülərin olduğu və bununla bağlı protokol yazılıb göndəriləcəyi bildirilmişdir. Səlahiyyətli orqan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə etiraz, habelə səlahiyyətli orqan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi tərəfindən məhkəməyə şikayətə dair etiraz və bir ədəd disk göndərilmişdir. Səlahiyyətli orqanın etirazında şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən X2 barəsində qəbul edilmiş 16 avqust 2025-ci il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, barəsində qərar çıxarılmış fiziki şəxs X3 Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin 16 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 16 avqust 2025-ci il tarixində, saat 10:35 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Məmmədcəfər Cəfərov, 1a ünvanında (GPS: 40.4041621,49.8081389) svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Bu zaman ərazidə xidmət aparan Bakı Şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının YPX inspektoru, polis leytenantı X5 tərəfindən sürücü saxlanılmış, xətanın mahiyyəti izah edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəsində inzibati tehbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. DİN-in “Təhlükəsiz şəhər” müşahidə-nəzarət kamerasının 16 avqust 2025-ci il tarixdə olan videogörüntülərinə baxış keçirilmiş, törədilən xəta öz təsdiqini tapmışdır. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, X3 16 avqust 2025-ci il tarixində, saat 10:35 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə ilə Bakı şəhəri, Məmmədcəfər Cəfərov, 1a ünvanında svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək törətdiyi yol hərəkəti qayda pozuntusu (inzibati xəta) bilavasitə YPX inspektoru tərəfindən vizual olaraq bilavasitə aşkar edilmiş, həmçinin ərazidə quraşdırılmış “Təhlükəsiz şəhər” müşahidə-nəzarət kamerasi ilə qeydə alınmışdır. “Yol hərəkəti” haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Beləliklə də X2 şikayətində göstərdikləri işin faktiki halları ilə uyğun gəlmir və onun tərəfindən yol hərəkəti qaydasını pozmasını təkzib edən hallar mövcud olmadığından şikayəti tam əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin 16 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. İnzibati xəta haqqında qanunvericiliyin tələbinə əsaslanaraq şikayətə səlahiyyətli orqanın vəzifəli şəxsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin baş inspektoru X4 yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 16 avqust 2025-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X3 barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılmaq üçün qərarın surəti səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəməyə təqdim edilmiş videogörüntüyə baxış zamanı videogörüntüdə R.Süleymanovun idarə etdiyi VAZ 21074 minik markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat nişanı aydın və oxunaqlı şəkildə görünmür. Həmçinin, həmin videogörüntüyə baxış zamanı svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi aydın şəkildə görünmür. Göründüyü kimi qeyd olunan inzibati xətanı xüsusi texniki vasitə ilə aşkar etmək mümkün olmamış, inzibati xəta haqqında protokol isə qanunvericiliyin tələbinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.5.6, 100.5.7 və 100.5.8-ci maddələrinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5.1 və 5.2-ci maddələri). İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsi). İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Yuxarıda qeyd edilənlər bu nəticəyə gəlməyə əsas verir ki, şikayət ilə məhkəməyə müraciət etmiş X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin pozulması ilə aparılmışdır. Yəni işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. İnzibati xəta haqqında qanunvericiliyinin qeyd olunan tələblərinə əsaslanaraq hesab edirəm ki, mübahisələndirilən qərarın ləğv edilməsi və törədilmiş inzibati xətanın yenidən araşdırılması və baxılması üçün qərarın surətinin həmin orqana göndərilməsi qanunidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Qərardan şikayət verən şəxs-barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayəti qismən təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yol patrul xidmətinin vəzifəli şəxsinin 16 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar