Məhkəmə qərarları › İş №3(063)-371/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-371/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-371/2025 29.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxxx 1974-cü ildə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində, yaşadığı evdə saxlaması və daşıması ilə bağlı daxil olmuş məlumatın yoxlanılmasından ötrü Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 iyun 2025-ci il tarixdə onun yaşadığı Ucar rayonu, Qarabörk kəndində olan evə baxış keçirilərkən qanunsuz olaraq, satış məqsədi olmadan 01 ədəd yarımçıq papirosda, az miqdarda, təmiz çəkisi 0,14 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin sahə rəisi X1 izahatında göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Hafiz Əliyevin material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 09 iyul 2025-ci il tarixli qərarına əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin təsiri altına düşdüyündən barəsində inzibati icraat işinin baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Ucar Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Tərəfindən inzibati araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şəxs qanunsuz olaraq az miqdarda satış məqsədi olmadan, yəni 0,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı daşıyaraq saxlamışdır. Araşdırma zamanı Şəxs izahatı alınmış və o, izahatında əməlini etiraf etmiş, ondan aşkar olunan az miqdarda narkotik vasitəni istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan əlavə, inzibati araşdırma zamanı məhkəmə narkoloji ekspertizası təyin edilmiş və bununla bağlı rəy alınmışdır. Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məcburi narkoloji-tibbi yoxlamanın 26 avqust 2025-ci il tarixli, 1345 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin, Gəncə Şəhəri Narkoloji Dispanserinin 26 avqust 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinə protokolundan görünür ki, Şəxs müayinə vaxtı sidiyində THC aşkar edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törtədiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, 2025-ci ilin iyun ayında Yevlax şəhərində, xatırlamadığı yerdən az miqdarda narkotik vasitə tapmış və sonradan istifadə etmək üçün saxlamışdır. 27 iyun 2025-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəlmişlər və yaşadığı evə baxış keçirilərkən satış məqsədi olmadan, istifadə etmək üçün saxladığı az miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edib götürmüşlər. Törətdiyi əmələ görə peşimançılıq hissi keçirir. İşdə olan Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Hafiz Əliyev tərəfindən qəbul edilmiş 09 iyul 2025-ci il tarixli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin təsiri altına düşdüyündən barəsində inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surətinin Ucar Rayon Polis Şöbəsinin İTB-yə göndərilməsi, Şəxs yaşadığı Ucar rayonu, Qarabörk kəndindəki evin yataq otağında yarmçıq papirosda aşkar edilərək götürülmüş 0,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş 28 iyun 2025-ci il tarixli, 17/484 nömrəli ekspert rəyinin (məhkəmə-bioloji) surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Şəxs yaşadığı evdə onun yatdığı otaqda...kütlə....aşkar edildi...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki kağız bükülmüş 01 (bir) ədəd yarımçıq papirosda, təmiz çəkisi-0,14 qram olan yaşılımtıl rəngli bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin həmin papirosdakı, təmiz çəkisi-0,10 qram olan tütünə oxşar digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İşdə olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 26 avqust 2025-ci il tarixli, 1345 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan 3228/2025 nömrəli, 26 avqust 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 26 avqust 2025-ci il tarixdə, saat 14:50-də müayinə vaxtı sidikdə THC aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, qərarın surəti, ekspert rəyləri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol (MN2273418) ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fikfər Cəfərovun səmimi peşimançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növündə müəyyən müddətə inzibati qaydada həbs edilməsi məqsədəmüvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Odur ki, yuxarıda qeyd olunan rəy nəzərə alınmaqla Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Buna görə də, hesab edirəm ki, iş üzrə məsrəf-ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik dövlət hesabına ödənilməli, habelə Şəxs götürülmüş və Ucar Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut olan və tədqiqatdan sonra qalıq qalan 0,12 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana məhv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 avqust 2025-ci il, saat 14:55-dən hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik dövlət hesabına ödənilsin. İş üzrə maddi sübut olan, tədqiqatdan sonra qalıq qalan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 0,12 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar